F-1.az xatırladır ki, sərbəst yürüşlərdə Renault motorlu maşınlar ön plana çıxmışdılar. Həm cümə günü hər iki sessiyada, həm də bu gün səhər Maks Ferstappen protokollara başçılıq etmişdi.
Qasli yeni güc qurğusuna və ötürmələr qutusuna keçdiyi üçün yarışa son sıradan başlayacağı məlum olub. Üçüncü sessiyada problemlə üzləşən Bottasın maşınında da güc qurğusu dəyişdirilib. Lakin finlandiyalı sürücü daha əvvəl istifadə etdiyi motora keçdiyi üçün cəza almayıb.
Pirelli Meksikaya ən yumşaq üçlüyü – SuperSoft, UltraSoft və HyperSoft tərkibləri gətirib. HyperSoft burada maksimum bir dövrə səmərəli işlədiyindən, sürücülərin ondan yarışda olduqca az istifadə edəcəkləri gözlənilir.
Startdan əvvəl göy üzünü buludlar örtüb. Yağış vəd edilsə də, sıralanma turu quru havada baş tutub.
İlk sessiyada Mercedes sürücüləri UltraSoft, digərləri isə HyperSoft təkərlərlə trasa çıxıblar. Alonso qadağan olunan yerdə trasdan çıxaraq üstünlük əldə etdiyi üçün nəticəsi ləğv edilib.
İlk cəhddə Ferstappen hamıdan sürətli olub, lakin Mercedes sürücüləri də HyperSoft təkərlərə keçdikdən sonra Bottas protokollara başçılıq edib – 1:15.580. Williams və Haas sürücüləri ilə yanaşı, Vandorn da mübarizəni dayandırıb.
İkinci sessiyada əsas üç komandanın sürücüləri UltraSoft, Racing Point sürücüləri SuperSoft, digərləri isə HyperSoft təkərlərlə boksları tərk ediblər. Ferstappen Həmiltonu 0.004 saniyə fərqlə üstələyib. İkinci cəhdlərə Racing Point sürücüləri UltraSoft, yerdə qalan bütün sürücülər HyperSoft-la çıxıblar, lakin əksər sürücülər ilk cəhdlərində daha sərt təkərlərlə göstərdikləri nəticələrini yaxşılaşdıra bilməyiblər.
Son sessiyada gözlənildiyi kimi, hamı SyperSoft təkərlərlə mübarizəyə qoşulub. İlk cəhddə Ferstappen yenə sürətli olub – 1:14.785. İlk altılıqda nəticələr çox sıx olub. Lakin ikinci cəhdində Rikkardo komanda yoldaşını 0.026 saniyə fərqlə üstələyib və onun tarixdə ən gənc poul qazanmış sürücü olmasına imkan verməyib.
Daniel Rikkardo cari mövsümdə ikinci, karyerasında üçüncü poulunu əldə edib. Red Bull komandası 2013-cü ildə baş tutan ABŞ Qran Prisindən sonra ilk dəfə yarışa ilk cərgədən başlayacaq. İkinci cərgə Həmilton və Fettelin, üçüncü cərgə isə Bottas və Rəykkönenindir. Sabah bizi mövsümün ən maraqlı yarışlarından biri gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 3 | Daniel Rikkardo | Red Bull | 4 | 1:15.866 | 3 | 4 | 1:15.845 | 6 | 1:14.759 | 7 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 3 | 1:15.756 | 3 | 1 | 1:15.640 | 6 | 1:14.785 | 7 |
3 | 44 | Lyuis Həmilton | Mercedes | 2 | 1:15.673 | 8 | 2 | 1:15.644 | 6 | 1:14.894 | 7 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 5 | 1:16.089 | 4 | 3 | 1:15.715 | 6 | 1:14.970 | 6 |
5 | 77 | Valtteri Bottas | Mercedes | 1 | 1:15.580 | 8 | 5 | 1:15.923 | 8 | 1:15.160 | 6 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | 8 | 1:16.446 | 7 | 6 | 1:15.996 | 7 | 1:15.330 | 6 |
7 | 27 | Niko Hülkenberq | Renault | 9 | 1:16.498 | 6 | 7 | 1:16.126 | 6 | 1:15.827 | 6 |
8 | 55 | Karlos Sayns | Renault | 12 | 1:16.813 | 6 | 8 | 1:16.188 | 6 | 1:16.084 | 6 |
9 | 16 | Şarl Lekler | Sauber | 15 | 1:16.862 | 8 | 9 | 1:16.320 | 6 | 1:16.189 | 6 |
10 | 9 | Markus Eriksson | Sauber | 11 | 1:16.701 | 8 | 10 | 1:16.633 | 6 | 1:16.513 | 6 |
11 | 31 | Esteban Okon | Racing Point | 7 | 1:16.252 | 8 | 11 | 1:16.844 | 8 | ||
12 | 14 | Fernando Alonso | McLaren | 14 | 1:16.857 | 6 | 12 | 1:16.871 | 6 | ||
13 | 11 | Serxio Peres | Racing Point | 6 | 1:16.242 | 8 | 13 | 1:17.167 | 8 | ||
14 | 28 | Brendon Hartli | Toro Rosso | 10 | 1:16.682 | 6 | 14 | 1:17.184 | 6 | ||
15 | 10 | Pyer Qasli | Toro Rosso | 13 | 1:16.828 | 9 | 15 | – | 2 | ||
16 | 8 | Roman Qrojan | Haas | 16 | 1:16.911 | 9 | |||||
17 | 2 | Stoffle Vandorn | McLaren | 17 | 1:16.966 | 6 | |||||
18 | 20 | Kevin Maqnussen | Haas | 18 | 1:17.599 | 9 | |||||
19 | 18 | Ləns Stroll | Williams | 19 | 1:17.689 | 5 | |||||
20 | 35 | Sergey Sirotkin | Williams | 20 | 1:17.886 | 6 |