Meksikada son iki ildə sıralanma turunda və yarışda dominantlıq edən Mercedes sürücüləri bu dəfə bir qədər geridə qalıblar. Yalnız ilk məşq sessiyasında Bottas liderlik edib, digər iki sessiyada Red Bull sürücüləri sürətli olublar. Sıralanma turunda isə Fettel karyerasında 50-ci poulu qazanıb.
Seyrək havada turbin bərk qızır və güc qurğusunun sıradan çıxmasına yol açır. Meksikada xüsusilə Renault mühərriyindən istifadə edən sürücülər bu problemlə dəfələrlə üz-üzə qalıblar. Toro Rosso-da Qasli sıralanma turunda iştirak etməyib, eyni problemlə onun komanda yoldaşı Hartli sıralanma turunun ikinci sessiyasında qarşılaşıb.
Pirelli Mexikoya yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirib. Təkərlərin aşınması az olduğundan yarışı tək pit-stopla başa vurmağın mümkünlüyü əvvəlcədən məlum idi. Alonso və Qrojan yarışa SuperSoft, digər sürücülər isə UltraSoft təkərlərlə başlayıblar.
Yarışın startında beş sürücü – Alonso, Vandorn, Qasli, Hartli və Rikkardo güc qurğusundakı dəyişikliklərə görə yer itiriblər. Yarışa Fettel və Ferstappen birinci, Mercedes sürücüləri ikinci, Rəykkönen və Okon isə üçüncü cərgədən start veriblər.
Startda Ferstappen Fetteli qabaqlayıb, Həmilton da onu üstələyərkən toqquşma baş verib. Nəticədə Həmilton arxa sağ təkəri deşildiyi üçün pit-stopa getməli olub və xeyli vaxt itirib. Fettel də pit yoluna üz tutub, onun maşınında təkərlər və ön qanad dəyişdirilib. 2-ci dövrədə ilk onluq: Ferstappen – Bottas – Okon – Hülkenberq – Peres – Massa – Rəykkönen – Stroll – Rikkardo – Maqnussen.
İkinci dövrədə Sayns, dördüncü dövrədə isə təkəri deşilmiş Massa pit-stop ediblər. Yeddinci dövrədə Rikkardo turbindəki problemə görə mübarizəni dayandırıb. Alonso Qrojanı ötməyə çalışarkən fransız sürücü trasdan çıxaraq üstünlük əldə edib. Buna görə də stüardlar tərəfindən 5 saniyəlik cəza alıb.
Fettel Qaslini, Massanı və Qrojanı qabaqlayaraq 13-cü yerə yüksəlib. 19-cu dövrədə Peres, 20-ci dövrədə Hülkenberq, 21-ci dövrədə isə Okon təkərlərini dəyişiblər. Fettel Hartli və Vandornu da keçərək 11-ci yerə yüksəlib. Yarışın 25-ci dövrəsində Hülkenberq maşını kənara çəkib – alman sürücü güc qurğusu probleminə görə yarışı başa vura bilməyib. Növbəti dövrədə nəhayət, Həmilton Saynsı keçə bilib. 31-ci dövrədə Peres tribunaların alqışları altında Maqnusseni qabaqlayıb, Fettel isə Alonsonu keçməyə nail olub.
İki dövrə sonra digər Renault motorundan istifadə edən sürücü – Hartli mübarizəni dayandırıb. Onun maşını alışıb və marşallar dərhal müdaxilə ediblər. Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Massa və Verlyayndan başqa bütün sürücülər təkərlərini dəyişiblər, restart dərhal elan olunub. 34-cü dövrədə ilk onluq: Ferstappen – Bottas – Rəykkönen – Okon – Stroll – Peres – Maqnussen – Fettel – Alonso – Massa.
36-cı dövrədə Həmilton Qrojanı keçərək 15-ci yerə yüksəlib. Daha sonra isə Verlyaynı keçib. Fettel isə Maqnusseni də arxada qoyub. Fettel 51-ci dövrədə Peresi də keçib, meksikalı sürücü dərhal pit yoluna yönəlib və UltraSoft təkərlərə keçib. İki dövrə sonra Həmilton Vandornu keçərək 11-ci olub.
Fettel Strollu mübarizədə məğlub edərək beşinci olub, bir qədər sonra isə Okonu da keçib. Həmilton Massanı üstələyərək xal zonasına yüksəlib. Eriksson da mübarizəni dayandıran sürücülərə qoşulub. 60-cı dövrədə ilk onluq: Ferstappen – Bottas – Rəykkönen – Fettel – Okon – Stroll – Peres – Maqnussen – Alonso – Həmilton.
Sayns 62-ci dövrədə mübarizəni dayandırıb. Həmilton əla müdafiə olunan Alonsonu 69-cu dövrədə keçərək, 9-cu yerə yüksəlib.
Maks Ferstappen mövsümdə ikinci, karyerasında üçüncü qələbəsini qazanıb. Bottas yarışı ikinci, Rəykkönen isə üçüncü yerdə başa vurub. Yalnız üç sürücü yarışı liderlə eyni dövrədə başa vura bilib.
Lyuis Həmilton dördüncü titulunu vaxtından əvvəl rəsmiləşdirib. O, çempionluq sayında Alen Prost və Sebastyan Fettelə çatıb. Mercedes isə Mühəndislər Kubokunu Ostində əldə etmişdi.
Çempionat iki həftə sonra İnterlaqosda davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:36:26.552 | 1 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 0:19.678 | 1 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:53.116 | 1 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | + 1:10.078 | 2 |
5 | 31 | Esteban Okon | Force İndia | +1 dövrə | 1 |
6 | 18 | Ləns Stroll | Williams | +1 dövrə | 1 |
7 | 11 | Serxio Peres | Force İndia | +1 dövrə | 2 |
8 | 20 | Kevin Maqnussen | Haas | +1 dövrə | 1 |
9 | 44 | Lyuis Həmilton | Mercedes AMG | +1 dövrə | 2 |
10 | 14 | Fernando Alonso | McLaren | +1 dövrə | 1 |
11 | 19 | Felipe Massa | Williams | +1 dövrə | 1 |
12 | 2 | Stoffel Vandorn | McLaren | +1 dövrə | 1 |
13 | 10 | Pyer Qasli | Toro Rosso | +1 dövrə | 1 |
14 | 94 | Paskal Verlyayn | Sauber | +2 dövrə | 1 |
15 | 8 | Roman Qrojan | Haas | +2 dövrə | 2 |
Sürətli dövrə: Sebastyan Fettel (Ferrari) – 1:18.785 (68-ci dövrə, 196.600 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Karlos Sayns | Renault | 59 | sükan idarəetməsi |
Markus Eriksson | Sauber | 55 | asılqan |
Brendon Hartli | Toro Rosso | 30 | güc qurğusu |
Niko Hülkenberq | Renault | 24 | ERS |
Daniel Rikkardo | Red Bull | 7 | MGU-H generatoru |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas F1 Team | 333 | |
2 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 277 | |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas F1 Team | 262 | |
4 | 3 | Daniel Rikkardo | Red Bull Racing | 192 | |
5 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 178 | |
6 | 33 | Maks Ferstappen | Red Bull Racing | 148 | |
7 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 92 | |
8 | 31 | Esteban Okon | Sahara Force İndia F1 Team | 83 | |
9 | 55 | Karlos Sayns | Renault Sport Formula 1 Team | 54 | |
10 | 18 | Ləns Stroll | Williams Martini Racing | 40 | |
11 | 19 | Felipe Massa | Williams Martini Racing | 36 | |
12 | 27 | Niko Hülkenberq | Renault Sport Formula 1 Team | 34 | |
13 | 8 | Roman Qrojan | Haas F1 Team | 28 | |
14 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 19 | |
15 | 2 | Stoffel Vandorn | McLaren Honda Formula 1 Team | 13 | |
16 | 14 | Fernando Alonso | McLaren Honda Formula 1 Team | 11 | |
17 | 30 | Colion Palmer | Renault Sport Formula 1 Team | 8 | |
18 | 94 | Paskal Verlyayn | Sauber F1 Team | 5 | |
19 | 26 | Daniil Kvyat | Scuderia Toro Rosso | 5 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 595 |
2 | Scuderia Ferrari | Ferrari | 455 |
3 | Red Bull Racing | TAG Heuer | 340 |
4 | Sahara Force İndia F1 Team | Mercedes | 175 |
5 | Williams Martini Racing | Mercedes | 76 |
6 | Scuderia Toro Rosso | Renault | 53 |
7 | Renault Sport Formula 1 Team | Renault | 48 |
8 | Haas F1 Team | Ferrari | 47 |
9 | McLaren Honda Formula 1 Team | Honda | 24 |
10 | Sauber F1 Team | Ferrari | 5 |