McLaren Group Ron Dennisin səhmlərini tam alıb

Son vaxtlara qədər Mclaren Technology Group və Mclaren Automotive şirkətlərində prezident postunu tutan Ron Dennis hər iki şirkətdəki paylarını satmağa razılıq verib.

F-1.az bildirir ki, McLaren-in mətbuat xidməti bu iki şirkətin birləşərək McLaren Group holdinqini yaratması və səhmdarların da yenə Bəhreynin Mumtalakat Holding Company sərmayə şirkəti və TAG Group olacağı barədə məlumat yayıb. McLaren Group-un direktorlar şurasının sədri isə şeyx Məhəmməd bin İssa əl Xəlifə təyin olunub.

Sövdələşmə başa çatdıqdan sonra iyunun 1-də 70 yaşı tamam olmuş Dennis hər iki şirkətdəki vəzifələrindən gedəcək. O, karyerasını məsləhətçi və sahibkar kimi davam etdirmək niyyətindədir. Ron McLaren komandasına 37 il başçılıq edib, ümumilikdə avtoidmana isə ömrünün 51 ilini həsr edib…

Ron Dennis: “Mən həmkarlarımla, McLaren-nin digər səhmdarları ilə razılığa gəldiyimiz üçün çox şadam. Bu, McLaren-dən gedişimin məntiqi sonluğudur. İndi mən diqqətimi məni maraqlandıran başqa sahələrə yönəldə bilərəm. Əvvəl də demişəm, mənim Uokinqdə keçirdiyim 37 il McLaren-nin tarixinin bir hissəsi kimi qəbul edilməlidir. Mən bu quruma uğurlar arzu edirəm, çünki tarix davam edir. Bəlkə də ən böyük məmnunluğum bizim komandanın təhlükəsizlik cəhətdən yaxşı statistikaya sahib olmasıdır. Bu, yüzlərlə, bəlkə də minlərlə istedadlı və vicdanlı əməkdaşın fədakarlığının nəticəsidir və mən onlarla işləmək şərəfinə nail olmuşam.

Mən müxtəlif şirkətlərə məsləhət verməyə davam edəcəm, eyni zamanda Britaniyanın Müdafiə Nazirliyi yanında Yeniliklər Şurasında işimi də davam etdirəcəm – milli təhlükəsizliyə cavabdeh olan şirkətlərdə texnologiya və mədəniyyətin yaxşılaşdırılması ilə məşğul olan şirkətlərə kömək edəcəm. Eyni zamanda ailəm tərəfindən təsis edilən Dreamchasing xeyriyyə fondunda rəhbərliyimi davam etdirəcəm – bu fond hər sahədə çalışan gənclərə maliyyə dəstəyi verir, onların uğur əldə etməsinə köməklik göstərir. Lyuis Həmilton da 12 yaşından bu fondun dəstəyini görüb, 2008-ci ildə isə dünya çempionu olub.

McLaren-də karyeram artıq başa çatıb və mən özümü digər sahələrə həsr edə bilərəm. Rəssamların müasir incəsənət əsərlərindən ibarət kolleksiyamı yığmağa davam edəcəm – buni əvvəlki qədər sevirəm. Amma əsas fikrimi yeni ideyaların və layihələrin inkişaf etdirilməsinə yönəldəcəm.

Sonda McLaren-də vəzifəsindən asılı olmayaraq, müxtəlif postlar tutan bütün həmkarlarıma təşəkkür edirəm – bu, çox vacibdir. McLaren inkişaf üçün yaxşı imkanlara malikdir, ona iddialı menecerlər rəhbərlik edir. Həm də əllərində ideal imkan var. Bu günə qədər şirkətin inkişafı üçün verdiyim töhfələrə görə fəxr edirəm”.

Şeyx Məhəmməd bin İssa Al Xəlifə: “Mən McLaren-in uğurlarında Ron Dennisin 37 illik əvəzsiz xidmələrini qeyd etmək istəyirəm. O, 1980-ci ilin payızında komandaya rəhbər təyin olunanda, dərhal hiss olundu ki, McLaren-ə əvvəlki nailiyyətləri üstələmək niyyəti olan rəhbər gəlib. O, tezliklə TAG Group-un rəhbəri Mənsur Occeyi McLaren Group-a cəlb etdi. Ronun rəhbərliyi altında komanda 80-ci və 90-cı illərdə böyük nailiyyətlər əldə etdi. Düşünürəm ki, bu, düzgün yanaşma və ağır əməyin nəticəsidir.

Şirkət hazırda da həmin prinsiplərlə idarə edilir və mən çox şadam ki, Mənsur Occey ilə birlikdə işləyəcəm. Yaxın vaxtlarda gələcəklə bağlı planlar quracağıq, axı McLaren-in tarixində çox maraqlı bir dövr başlayır. Lakin bu gün Rona minnətdarlığımızı bildirmək üçün kiçik fasilə vemrəliyik. Buna görə də, icazə verin, McLaren adından, burada işləyən bütün insanların adından bu səmimi sözləri deyim: Çox sağ ol, Ron!”

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*