F-1.az xəbər verir ki, Bəhreyndə testlər başa çatdıqdan sonra mətbuata açıqlama verən Krək bildirib ki, A planı Lənsi geri qaytarmaqdır, ehtiyatda isə bir neçə variant var. Belə ki, komandanın iki ehtiyat sürücüsü var – AMR23-lə Bəhreyndə testlərdə 8 saatdan çox işləyən Felipe Drugoviç və DS Penske komandası ilə Cənubi Afrikada Formula E yarışında iştirak etdiyi üçün Bəhreynə uça bilməyən Stoffel Vandorn.
Mayk Krək: “Bizim B planı kimi bir variantımız var, lakin A planına uyğun hərəkət etmək mümkün deyilsə, onda B planının həyata keçirilməsinə qərar verməliyik. Yaxın günlərdə bu qərarı verməli olacağıq.”
Əvvəlki iki mövsümdə Aston Martin-də yarışmış Sebastyan Fettelin AMR23-ün sükanı arxasında əyləşmək şansı barədə sualı Krək belə cavablandırıb: “Yuxarıda dediyim kimi, gələn həftə B planını müzakirə edəcəyik. Sebastyana bir neçə dəfə zəng vurmuşam, amma sonuncu dəfə keçən il danışmışam və gələcəkdə də ünsiyyətimiz davam edəcək”.
Karyerasını bitirmək qərarına gələn Fetteli komandada Fernando Alonso əvəzləyib. Bir vaxtlar bu iki sürücü çempionluq titulu uğrunda prinsipial olaraq mübahisə aparıblar və uğur qazanan da məhz Sebastyan olub. Krəkin sözlərinə görə, onlar xaraktercə o qədər fərqlidirlər ki, onları müqayisə etmək çox çətindir:
Mayk Krək: “Hər ikisi çox sürətli yarışçılardır, hər ikisi dünya çempionudur, lakin biri ispan, digəri almandır, ona görə də məncə, onları müqayisə etmək çətindir. Hər kəsin özünəməxsus ünsiyyət tərzi, komanda ilə qarşılıqlı münasibətə öz yanaşması var. Məncə, bu sahələrdə hansının daha yaxşı və ya pis olduğunu söyləmək düzgün olmazdı, hər ikisi gözəl çempiondur.