Mayamidə nələr baş verə bilər?

Mövsümün 4 yarışı geridə qaldı. Bakıdan sonra Serxio Peres yenidən titul uğrunda əsas namizədlərdən birinə döndü. Digər tərəfdə isə Bakıdakı uğursuzluğu unutmaq istəyən Ferstappen var.

Red Bull komandasında hazırda gərgin ab-hava var, çünki geridə qalan 4 yarışdan 2-ində Ferstappen, 2-ində isə Peres qalib gəlib. Hazırda iki sürücü arasında 6 xallıq fərq var. Bu isə o deməkdir ki, Peres okeanın o tayında qalib gəlsə, çempionatda liderliyə yüksələcək. Buna görə də meksikalı sürücü bu yarışa xüsusi hazırlaşacaq. Keçən il Mayamidə 4-cü olsa da, motorunda problem yarandığını unutmamalıyıq. Hətta yarışın sonlarında ilk 3 yerdə olan Ferstappen, Lekler və Saynsa nisbətən daha təzə təkərdə idi. Yəni motorunda problem yaranmasa, yarışı qazana bilərdi. Bu il keçənilki yarımçıq qalmış işi bitirə bilər. Peresin şəhər tipli traslardakı möhtəşəm performansını nəzərə alsaq, bu elə də mümkünsüz deyil.

Maks Ferstappenə gəldikdə isə Bakıda həm sprint,  həm də əsas yarışda Peresdən geridə qaldı. Onun “Aslan Maks” olduğunu nəzərə alsaq, Mayamidə ondan insanüstü performans izləyə bilərik, çünki atalarımızın bir deyimi var: Yatmış şiri oyatmaq olmaz. Buna görə də niderlandlı sürücü Bakıdakı nəticələrin təsadüfi olduğunu isbatlamaq və liderliyini qorumaq üçün Mayamidə əlindən gələnin ən yaxşısını edəcək. Onsuz da keçən il burada qalib gəlib. Buna görə də yarışın əsas favoritlərindəndir.

Mayamidə də Bakıda olduğu kimi yeni asfalt qatı olacaq. Buna görə də Aston Martin komandası yenidən əziyyət çəkə bilər. Bakıda da gördük ki, onlar sıralanma tempində təkərləri qızdırmaqda çox çətinlik çəkirlər. Yarış tempində isə xüsusən də Fernando Alonso ilə çox sürətli idilər. İspaniyalı Dünya Çempionu Bakı Şəhər Halqasındakı həm sprintdə, həm də yarışda başladığı yerdən yuxarıda bitirdi. Bu da onun əsl bazar günü sürücüsü olduğunu gösərir. Bütün bunları nəzərə alsaq, ikiqat Dünya Çempionu Mayamidə yenidən podiuma qayıda bilər.

Bakıda ulduz kimi parlayan Şarl Leklerin isə Mayamidə işi çətin ola bilər. Bunun səbəbi isti havadır. Ferrari-nin təkərlərlə pis davrandığını hamımız çox yaxşı bilirik. Mayamidəki isti havanı da nəzərə alsaq, həm Leklerin, həm də Saynsın işi çox çətin olacaq. Lakin “qırmızılar”ın Mayamiyə gətirəcəkləri yeniliklər onları zirvə yarışına bir az yaxınlaşdıra bilər.

Mercedeslərə gəldikdə isə… “Gümüşü oxlar” 28 günlük fasilədən sonra elə də güclü deyildilər. Yenə də 4-cü sürətli komandadırlar. Azərbaucanda nə Lyuis nə də Corc partlayış etdilər. Onların Mayamidə də fərqlənəcəyinə inanmıram.

Digər komandalara gəldikdə isə McLaren komandası Bakıda özünü yaxşı tərəfdən göstərdi. Yenilənmiş maşın doğrudan da yaxşı işləyir və onlar hazırda beşinci sürətli komandadırlar. Həm də düşünün ki, Bakıda onların yenilikləri yoxlamaları üçün çox az vaxtları var idi, çünki sadəcə bir sərbəst yürüş oldu. Mayamidə isə yenilikləri sınamaq və sazlanma tapmaq üçün 3 sərbəst yürüş olacaq. “Narıncılar” buna görə də bu həftəsonu aşkar 5-ci komanda ola bilərlər. Onların 2022-ci ildəki inkişaf sürətini nəzərə alsaq, bu hal gözləniləndir.

Bu mövsümün hələki ən böyük məyusluğu Alpine komandasıdır. 2021-ci ildə 5-ci, 2022-ci ildə isə 4-cü olan komandanın bu mövsüm işləri elə də qaydasında getmir. Gah Okon cəza alıb geriyə düşür, gah iki sürücüləri bir-birlərinə təmas edib mübarizəni dayandırırlar, gah da sazlanma tapmırlar və buna görə xalsız qalırlar. Avstraliya və Bakını xalsız bağlayan “mavilər”i Mayamidə çətin sınaq gözləyir. Komanda orada da xal qazana bilməsə, altıncı yer belə onlar üçün xəyala bərabər ola bilər.

Mayamidən əvvəl komandaların vəziyyətini sizə çatdırdıq. Ümid edək ki, okeanın o biri tayında maraqlı bir yarış izləyərik. Bəlkə də, yeni bir qalib görərik. Görək nə olur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*