Mayamidə kartlar yenidən paylanılır

Mayamidə bütün Formula1 azarkeşlərinin istədiyi baş tutdu və Serxio Peres poul qazandı. Özü də hazırda kağız üzərində Maks onun üçün təhdid deyil, çünki yarışa doqquzuncu yerdən başlayacaq.

Keçən həftəsonu Bakıda həm sprinti, həm də əsas yarışı qazanan Peresin bu uğurlarına bəxt və təsadüf dedilər. Lakin meksikalı sürücü dünən Mayamidə də poul qazandı. Düzdür, ona Leklerin qəzası nəticəsində çıxan qırmızı bayraqlar da kömək elədi, amma bir söz var: Bəxt güclünün yanında olur. Peres dünən doğru zamanda doğru yerdə oldu.

Maks Ferstappenə gəldikdə isə Bakıdan fərqli olaraq bütün həftəsonu çox üstün performans göstərirdi. Lakin dünən sıralanma turunun üçüncü sessiyasında ilk cəhdində səhv etdikdən sonra boksa qayıtması düzgün deyildi. Ən azından işlənmiş təkərlərlə daha bir cəhd edib, ən azından ilk beşliyə düşə bilərdi. Beləliklə, bugünkü yarışda daha yaxşı vəziyyətdə olardı. Ötmələrin çətin olduğu bu trasda yarışa doqquzuncu yerdən başlamaq niderlandlı üçün heç də asan olmayacaq. Düzdür, 25 yaşlı ikiqat Dünya Çempionu daha əvvəl gerilərdən başlayıb qələbələr və podiumlar qazanıb. Bu performansı bu gün də göstərəcəyinə şübhə etmirəm, amma şəhər tipli traslarda ilk cəhdini vurmayıb, işini bəxtə saxlamaq Maks kimi sürücüyə yaraşmadı.

Bugünkü yarışda nələr ola bilər? Bugünkü yarışda yağış gözləntisi var. Maksın yağışda necə performans göstərdiyini isə hamımız bilirik. 2016-cı ilin Braziliya Qran Prisini xatırlayaq ya da 2019-cu ilin Almaniya yarışını. Maks Braziliyada elə də güclü olmayan Red Bull-la qələbəyə oynamışdı. Hətta, orada bolidi divara çırpılmaqdan qurtarması kartinqə yeni başlayan uşaqlar üçün əsl dərsilikdir. Buna görə də əminəm ki, Maks yağışın yağması və təhlükəsizlik maşınının çıxması üçün dualar edəcək.

Əgər bugünkü yarışda Peres qalib gəlsə, mental cəhətdən üstünlük qazanacaq, çünki çempionatda liderliyə yüksələcək. Həm də qələbə sayında Ferstappeni qabaqlayacaq və meksikalı Red Bull-a gəldikdən sonra ilk dəfə belə hal baş vermiş olacaq. Başqa bir nüans da var: Peres karyerasında ilk dəfə bir mövsümdə 3 yarış qazanacaq.

Yox, əgər Maks Ferstappen doqquzuncu yerdən başladığı yarışda Peresi qabaqlayıb, yarışı qazansa, bundan sonra 25 yaşlı pilotun önündə heç kim dura bilməz. Hətta, bundan sonrakı 17 yarışın hamısında qalib gələ bilər. Bundan başqa Barselona, İmola, Red Bull Rinq, Montsa, Spa, Zantfort və Suzuki kimi traslarda Ferstappen çox üstün performans göstərir. Buna görə də Peres əlindən gələni edib, özü üçün nisbətən əlverişli olan Mayamidə yarışı qazanmalıdır.

Digər komandalara gəldikdə isə Aston Martin Alonso ilə yenə üstün göründü. İspaniyalı sürücü 16 ildən sonra Amerikada keçirilən bir Formula1 yarışına ilk cərgədən başlayacaq. Əsas rəqibləri olan Lekler, Rassell və Həmiltonun çox geridə olmaları onu podium üçün əsas namizədlərdən biri edir. Bəxti gətirsə, yarışı qazana da bilər, amma uzun illərdir bəxt onun yanından keçmir…

Ləns Strollun üçüncü sessiyaya keçə bilməməsi isə gənc sürücü üçün fiasko oldu. Gənc yaşına baxmayaraq, 41 yaşlı komanda yoldaşının tempinə heç cavab verə bilmir. Gənc sürücünün sönük performansı Aston Martin-ə Mühəndislər Kubokunda manelər törədə bilər.

Ferrari-yə gəldikdə isə gətirdikləri yeniliklər yaxşı işlədi. Xüsusən də Karlos Sayns çox xoşbəxt görünürdü. İspaniyalı sürücü yarışa üçüncü yerdən başlayacaq və bu il ilk podiumunu qazanması üçün əlində gözəl fürsət var.

Leklerə gəldikdə isə əgər o qəzanı etməsəydi, poul uğrunda mübarizə aparmağa gücü var idi. Ən pis halda ikinci ola bilərdi. Lakin özünün də dediyi kimi aqressiv sazlanmalar seçməsi ona baha başa gəldi. Yarışa yeddinci yerdən başlayacaq. Monakolu onsuz da təkərlərə pis davranır. Mayamidə isə asfalt yeni olduğu üçün arxa tərəf çox sürüşür və bu da əlavə yeyilmə deməkdir. Yəni ki, Şarlı heç də ideal yarış gözləmir…

Mercedes komandası sıralanma turunda özünə yaraşmayan bir şey etdi. Həm Həmiltonu, həm də Rasselli trasa gec buraxdılar. Yekunda hər iki sürücü də trafikə ilişdi. Bu trafikdən isə ən çox təsirlənən Həmilton oldu və son sessiyaya çıxa bilmədi. Mercedes komandasının bu həftə Soft təkərlərlə çətinlik çəkdiyini nəzərə alsaq, bu böyük səhv idi. Lakin mən düşünürəm ki, “gümüşü oxlar” yarışda Medium təkərlərlə daha yaxşı nəticə qazanacaq.

Həftəsonunun ən böyük sürprizi isə ev yarışında Kevin Maqnussenlə 4-cü olan Haas komandasıdır. Danimarkalı sürücünün yarışda bu nəticəni qoruması asan olmayacaq, amma ən azından rəng qatacaq.

Uzun sözün qısası, bizi maraqlı yarış gözləyir

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*