Mövsümə Red Bull komandası artıq damğasını vurub. Onlar ilk 4 yarışda qalib gəlrərək, tarixləri ərzində ilk dəfə belə bir uğura imza atıblar. Bu il isə digərlərindən fərqlənir. Belə ki, əksər hallarda komandada iki sürücüdən biri ön plana çıxırdı. Lakin bu mövsüm keçirilən 4 yarışın 2-ində Serxio Peres, 2-ində isə Maks Ferstappen qalib gəlib. Turnir cədvəlinə nəzər saldığımızda görürük ki, iki pilot arasındakı fərq sadəcə 6 xaldır. Yəni ki, çoxdandır iki komanda yoldaşı arasında titul uğrunda belə yaxın mübarizə görmürdük.
İki komanda yoldaşı arasında titul uğrunda yaxın mübarizə son dəfə 2016-cı ildə olmuşdu. Həmin mövsüm Niko Rosberq üçqat Dünya Çempionu Həmiltona qarşı layiqli müqavimət göstərmiş və sonda titulu əldə etmişdi. Lakin mövsüm ərzində iki sürücü arasında iki dəfə – Barselona və Avstriyada təmas yaşanmışdı. 2014-cü ildə də bu iki sürücü yenə eyni komandada titul uğrunda mübarizə aparmış və Belçikada insident yaşamışdılar.
Bundan başqa 2010-cu ildə yenə də iki Red Bull sürücüsü – Sebastyan Fettel və Mark Vebber mövsüm ərzində çempionluğa oynamış və Türkiyədə unudulmaz insident yaşamışdılar.
Bütün bunlar onu göstərir ki, Ferstappenlə Peres arasındakı mübarizə belə davam etsə, onların da təması qaçınılmaz olacaq. Hamımız Bakıda Peresin artıq əvvəlki kimi “yaxşı oğlan” olmadığını gördük. Artıq o da titulun qoxusunu hiss edib və bəlkə də, karyerasıboyu əlinə düşən yeganə fürsəti dəyərləndirmək istəyir. Buna görə də onun eqoistcə davranmağı gözlənilən haldır.
Peresin son illərdə şəhər tipli traslarda daha yaxşı performans göstəridyini görürük. Onsuz da karyerası ərzində qazandığı 6 yarışdan 5-ni şəhər tipli traslarda əldə edib. Bu hal 33 yaşlı pilotu Mayamidə ən böyük favoritlərdən biri edir.
Bundan başqa Maks Ferstappenin ənənəvi traslarda çox güclü olduğunu unutmamalıyıq. Məsələn, Barselona, İmola, Kanada, Red Bull Rinq, Silverstoun, Montsa, Spa, Zandfort, Suzuka kimi ənənəvi traslarda həmişə komanda yoldaşı Peresi sözün əsl mənasında tozda qoyub.
Buna görə də Peres çempion olmaq istəyirsə, daha az səhv etməli və daha yaxşı olduğu şəhər tipli traslarda yarışları qazanmalıdır. Görək meksikalı sürücü 2016-cı ildə Rosberqin etdiyini təkrarlaya biləcək yoxsa Mark Vebber kimi ruhdan düşüb karyerasını bitirəcək? Bunu zaman göstərəcək.