F-1.az xəbər verir ki, işlər demək olar ki, yekunlaşıb və mərhələnin prezidenti Tayler Epp ötən mövsümlə müqayisədə yarış trasında baş verən spesifik dəyişikliklərdən danışıb.
“Biz asfaltın üst qatını tamamilə dəyişdirmək qərarına gəldik”, – deyə Epp bildirib. – Tilke memarlıq bürosunun mütəxəssisləri ilə birlikdə biz yeni örtük hazırlamışıq. Düşünürük ki, çox yaxşı iş gördük və dünən sonuncu hissəyə asfalt döşəndi. Tras demək olar ki, hazırdır – növbəti altı həftə ərzində biz son toxunuşları tamamlayacağıq və mayın əvvəlinə qədər hər şey yerinə yetiriləcək.
Dövrə konfiqurasiyasında ciddi dəyişikliklər olmadı, lakin biz sürücülərin, FİA və Formula1-in 13, 14 və 15-ci döngələrdə nəyin dəyişdirilməli olduğu barədə fikirlərini dinlədik. Biz FİA-nın qərarına uyğun olaraq Tecpro baryerlərinin və beton baryerlərin bəzilərinin yerini dəyişmişik.
Bundan başqa, 15-ci döngənin apeksində də işlər aparılıb. Azarkeşlərin bu dəyişiklikləri görəcəyini deyə bilmərəm, lakin inanırıq ki, görülən işlər trasın bu hissəsində yarışmağı bir az da yaxşılaşdırmağa imkan verəcək”.
Tayler Epp əlavə edib ki, təşkilatçıların Mayamidə süni işıq altında yarış keçirmək planları yoxdur: “Gecə yarışalrını bəyənirəm, çünki fərqli atmosfer olur. Sinqapurdakı səhnəni çox bəyənirəm. Heç zaman heç vaxt deməyin, amma yaxın gələcəkdə gecə yarışı keçirmək planımız yoxdur”.
Xatırladaq ki, builki Mayami Qran Prisi 2023-cü il mayın 5-7-də keçiriləcək.