Mayami-2023: Komandaların gətirdiyi yeniliklər

Çempionatın on komandasından beşi Mayami Qran Prisinə bu və ya digər texniki yeniliklər hazırlayıb və bu barədə cümə günü məşqlər başlamazdan əvvəl mətbuata bildiriblər.

F-1.az həmin yenilikləri təqdim edir.

 

Ferrari

Ferrari standart versiya ilə müqayisədə ilk sərbəst yürüşlər sessiyasında effektivliyi yoxlanılan yeni alt korpusunu təqdim edib. Yeni versiyada altlığın ön və orta hissələri, eləcə də diffuzor dəyişikliklərə məruz qalıb.

 

Alfa Romeo

Alfa Romeo Amerika trası üçün daha uyğun hesab edəcəyi halda, komandanın maşınlarına istəyə bağlı olaraq aşağı müqavimət qabiliyyətinə malik arxa qanad variantı yerləşdirilə bilər.

 

Aston Martin

İsti iqlimi ilə tanınan Mayamidə həftəsonu havanın temperaturu +30 dərəcəyə çatacağı üçün komanda AMR23-ə soyutma səmərəliliyini artırmaq üçün əlavə panjurlar yerləşdirilib.

 

Haas

Amerika komandası Florida mərhələsi üçün mövsümün əvvəlindən ən əhəmiyyətli texniki yeniliyi – optimal hava təzyiqinin paylanmasına, eləcə də maşının yan tərəflərindəki axının daha səmərəli idarə olunmasına nail olan modernləşdirilmiş altlığı hazırlayıb.

Komandalar Venturi tunelləri arasında yerləşən altlığın mərkəzi hissəsinin həndəsəsini dəyişdirərək təcrübələrini davam etdirirlər. Aerodinamiklərin hesablamalarına görə, bu, həmin sahədə əmələ gələn burulğanlara əlavə enerji verə bilər – müvafiq olaraq, axın sürəti artır və asfaltayatma qüvvəsi də çoxalır.

 

AlphaTauri

Komanda Avstraliya Qran Prisi ilə başlayan maşının təkmilləşdirilməsi prosesini davam etdirir. Mayamidə AT04 yenidən işlənmiş ön qanad alıb və arxa görünüş güzgüsü korpuslarının forması da dəyişdirilib. Təkmilləşdirmələr yuxarıdan maşının ətrafındakı axına əlavə sürət verməyə yönəlib – bu, aşağı sürətlərdə şassinin səmərəliliyini artıracaq.

 

Digər 5 komanda – Alpine, McLaren, Mercedes, Red Bull Racing və Williams komandaları heç bir yeniləmə barədə məlumat verməyiblər. Çox güman ki, onlar da maşınlarına xırda toxunuşlar ediblər. Nəzərə alsaq ki, cəmi 1 həftə əvvəl Bakıda baş tutan yarışa hamı böyük yenilənmə paketləri ilə gəlmişdi və Mayami trası da Bakı Şəhər Halqası kimi şəhərtipli trasdır, daha ciddi yenilikləri növbəti yarışlara saxlamaq fikri ağlabatandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*