Marussia komandası və Ferrari şirkəti uzunmüddətli əməkdaşlıq barədə müqavilə imzaladıqlarını elan ediblər, müqaviləyə əsasən 2014-cü ildən başlayaraq komanda şirkətin istehsal etdiyi güc qurğularından (motor, ERS, ötürmələr qutusu) istifadə edəcək.
Gələn ildən qüvvəyə minəcək yeni texniki reqlamentə uyğun olaraq Marussia komandası yeni motorları, enerjinin rekuperasiya sistemlərini, transmissiyanı və bunlarla bağlı bütün köməkçi sistemləri şirkətdən almaqla yanaşı, onların texniki yardım və qulluğuna da arxayın ola bilər.
Əndi Uebb, komandanın icraçı direktoru: «Marussia komandası Ferrari şirkəti ilə texniki əməkdaşlığa başlamağa şaddır, gələn ildən şirkət komandamızı güc qurğuları ilə təmin edəcək. Bu addımın vacibliyini qiymətləndirmək mümkün deyil. Skuderiyanın müştərisi olmaqla, biz avtoidmanın ən uğurlu motor istehsalçısı ilə əməkdaşlıqdan həm qazanırıq, həm də özümüzün bu idmana sədaqətimizi nümayiş etdiririk.
Gələn ildən qüvvəyə minəcək yeni texniki reqlament bizim Formula1-də debütümüzdən sonra ən ciddi islahatdır. Formula1 yeni eraya qədəm qoyur və biz bu erada Ferrari ilə əməkdaşlıq edəcəyik. Eyni zamanda, biz Cosworth şirkətinə də minnətdarlığımızı bildiririk, onlarla biz debüt ilimizdən əməkdaşlıq edirik və komandanın tərəqqisi onlarla bağlı olub.”