Bu gün səhər mövsümöncəsi testlərin Xeresdə ilk sessiyası başlamamış Marussia komandası 2013-cü il mövsümü üçün hazırladığı yeni maşınını təqdim edib. MR02-nin təqdimatı avtodromun pit-leynində, komandanın boksu önündə baş tutub.
Con But, komandanın başçısı: “Biz ilk mövsümöncəsi testlərə yeni maşınımıza böyük inam hissi ilə başlayırıq və komandanın tarixində yeni fəsli nikbinliklə açırıq. Qışda bəzi dəyişikliklər etmişik, amma məhz stabillik komandanın gələcək inkişafını təyin edən həlledici faktor oldu – yeni maşın komandanın texniki direktoru Pət Simondsun başçılığı altında hazırlanıb.
Keçən mövsümün ikinci yarısında komandanın inkişafı göstərir ki, bu il biz Mühəndislər Kubokunda 10-cu yer uğrunda mübarizə apara bilərik. Amma bizim üçün hazırda bir nömrəli məsələ bu gün təqdim etdiyimiz bu maşının gələcək inkişaf istiqamətlərini düzgün müəyyən etməkdir.
MR02 keçənilki maşının təkamülüdür, amma bu dəfə biz maşına KERS sistemi qoymuşuq. Keçən il biz aşkar gördük ki, KERS-in olmaması çempionatda mövqeyimizi təyin edən həlledici faktor oldu. Qışda komanda KERS-in tətbiqini həyata keçirdi ki, mövsümöncəsi testlərdə sistemi lazımi qədər yoxlayaq və Avstraliya Qran Prisinə tam hazır olaq.
Renault komandasının keçmiş texniki direktoru Pət Simonds MR02-nin hazırlanmasında böyük rol oynayıb, əvvəlki maşınlarımızı CFD laboratoriyalarında hazırlayırdıq, amma keçən il McLaren Applied Technologies-dən icarəyə götürdüyümüz aerodinamik boruda MR02-ni tam yoxlamışıq.
KERS komandanın tarixində birinci dəfədir ki, bizim maşına qoyulacaq. Bundan başqa birinci dəfədir ki, biz yeni maşınla mövsümöncəsi testlərin ilk sessiyasına qatılırıq.”
Komanda hələlik yalnız Maks Çiltonla müqaviləsini təsdiq edib, ikinci sürücünün adı bu yaxınlarda bəyan olunacaq…