Marko hesab edir ki, DAS qaydalara uyğun deyil

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko hesab edir ki, testlərin ikinci günündə Mercedes tərəfindən nümayiş olunan yeni DAS sükan sistemi qaydalara uyğun deyil.

F-1.az xatırladır ki, dünən Lyuisin başı üzərində qurulmuş kameradan yayım zamanı aydın görünüb ki, sürücü düzlüyə çıxdıqda sükan çarxını özünə tərəf çəkib və bu da ön təkərlərin bucaqlarının dəyişməsinə səbəb olub. Döngəyə girməzdən əvvəl sükan çarxı əvvəlki vəziyyətinə qayıdıb.

Paddokda hamı əvvəlcə sistemin qanunazidd olmasına əminlik ifadə etsə də, Mercedes-in texniki direktoru Ceyms Əllisonun “FİA-nın hər şeydən xəbəri var, çünki onlarla məsləhətləşmişik” deməsindən sonra paddok iki cəbhəyə bölünüb – sistemi leqal və illeqal görənlər.

Helmut Marko: “Maşının idarə olunması zamanı siz təkərin quraşdırılma bucaqlarını dəyişsəniz, onda təkərlərin asfaltla təmas sahəsi də dəyişir. Eyni zamanda, maşının klirensi, yəni asfaltdan hündürlüyü də dəyişir, bu isə reqlamentlə birbaşa qadağandır, çünki hidravlik asılqan və ya aktiv asılqan anlamına gəlir”.

Qaydalara görə, komandalar yenilikdən ancaq mövsümün ilk rəsmi sessiyasından sonra FİA-ya şikayət ünvanlaya bilərlər, amma testlər zamanı FİA-dan hər hansı bir yeniliyin qaydalara uyğun olması barədə izahat tələb edə bilərlər.

Hadisələrin necə cərəyan etməsini diqqətdə saxlayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*