Siz hələ də Avropa Qran Prisinə bilet almamısınız?

Düz 2 ay sonra ölkəmiz ilk dəfə Formula1 yarışına ev sahibliyi edəcək. Hazırda isə yarışa hazırlıq işləri davam edir. Artıq yolların asfaltlanması prossesi də son mərhələdədir. Hökumət Evinin qarşısında pit binasının (Pit Building) qurulması davam edir. Bir müddət sonra isə artıq tribunaların qurulmasına start veriləcək...

F-1.az saytının əməkdaşları olaraq mən – Elçin Zodorov və Əfqan Hacıyev trasımızı bir daha qarış-qarış gəzdik və tribunaların yerləşəcəyi yerlərdə olduq. Gəlin Bakı Şəhər Halqasının tribunalarına birgə nəzər salaq və bir çox adamı düşündürən “bilet almağa dəyərmi?” sualına cavab tapmağa çalışaq.

Qeyd edək ki, biletlər 3 günü (17-19 iyun) əhatə edəcək. Yəni, bilet alan şəxs cümə günü 1-ci və 2-ci sərbəst yürüşləri, şənbə günü 3-cü sərbəst yürüşləri və sıralanma turunu, bazar günü isə yarışı izləmək imkanına malik olacaqlar. Təbii ki, təkcə yarışa yox, eyni zamanda həmin günlərdə Dənizkənarı Bulvarda təşkil olunacaq möhtəşəm konsertlərə giriş əldə edə biləcəklər. Konsertlər barədə sonra məlumat verəcəyik. Bilet qiymətlərində Azərbaycan vətəndaşları üçün 20-40% güzəşt  edildiyini də vurğulamalıyıq.

“Abşeron” tribunası

Biletlərin qiyməti Xəritədə yeri
$472 (715 manat – Qiymət dolların kursundan asılı olaraq dəyişir).

Xarici vətəndaşlar üçün $590.

mx3B2DD

 

Yerləşdiyi yer: Neftçilər prospekti. Hökumət evinin qarşısında qurulan pit binası ilə üzbəüz, Dənizkənarı Bulvar ərazisi. Start-finiş düzlüyünün sağ tərəfi.

Bu, Bakı Şəhər Halqasının ən əsas və ən böyük tribunasıdır. Tribuna 6 sektordan (A, B, C-aşağı, C-yuxarı, D, E) ibarət olacaq. Hər bir sektor üçün qiymətlər eynidir.

Bu tribunanı digərlərindən üstün edən bir çox cəhət var. Burada əyləşən azarkeşlər hər bir sessiyanın start anını, finişini, komandaların qarajlarını, pit-stopları və podium mərasimini yaxından izləyə biləcəklər. Bu tribunanın komfortu və buradan trasın görünüşü 5 ballıq sistemdə 5 balla qiymətləndirilir. Əlavə olaraq, azarkeşlər tribunanın qarşısında qurulmuş nəhəng monitordan trasın digər hissələrində gedən mübarizələri də – yəni yarışın hər bir anını izləyə biləcəklər.

Abşeron tribunasına bilet alan azarkeşləri daha bir sürpriz gözləyir: Onlar azarkeşi olduqları pilotlardan avtoqraf almaq imkanı əldə edəcəklər

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarış ərəfəsində Formula1 şəhərciyinin yaradılacağı barədə məlumat verib. Bu şəhərcik Abşeron tribunasının düz arxsında yerləşir. Yəni, bura bilet alan şəxslər şəhərcikdəki əyləncə tədbirlərini də qaçırmayacaqlar.

Abşeron tribunası yarışın ən maraqlı anlarını canlı izləməyə imkan verən bir tribunadır. Yarışdan əlavə, 3 gün möhtəşəm konsertə də giriş imkanının olacağını nəzərə alsaq, bu tribuna üçün təyin edilmiş qiymət heç də baha deyil…

Absheron Grandstand
“Abşeron” tribunasının yerləşəcəyi yer

 

“İçəri Şəhər” tribunası

Biletlərin qiyməti Xəritədə yeri
$294 (445 manat – Qiymət dolların kursundan asılı olaraq dəyişir).

Xarici vətəndaşlar üçün $420.

mx38680

 

Yerləşdiyi yer: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasının önü, Gənclər meydanı. Yolun sağ tərəfi.

Bu tribunaya bilet alan azarkeşlər həqiqətən də, olduqca gözəl görüntülərdən feyzyab olacaqlar. Bakımızın yaraşığı olan qədim qala divarlarının yanından sürətlə şütüyən ən müasir texnologiyanı – Formula1 bolidlərini görə biləcəklər. Əziz Əliyev küçəsində olan 8,9,10 və 11-ci döngələr trasımızın ən çətin hissəsi hesab olunur. Tamaşaçılar 11-ci döngədən çıxan avtomobillərin sürət yığaraq 12-ci döngəyə yaxınlaşmasını, 12-ci döngədə və ondan sonrakı düzlüyün – İstiqlaliyyət küçəsinin başlanğıcında baş verə biləcək ötmələri izləyə biləcəklər.

“İçəri Şəhər” tribunasının komfortu 5 ballıq sistemdə 5, burdan trasın görünüşü isə 4 balla qiymətləndirilir. Eyni zamanda, azarkeşlərin tribunanın qarşısına qurulmuş nəhəng monitordan da bütün yarışı izləmək imkanı olacaq. Azarkeşlər 3 gün yarışı izləməkdən əlavə, Formula1 şəhərciyinə və hər bir zonaya giriş əldə etmiş olacaqlar.

"İçəri Şəhər" tribunasının yerləşəcəyi yer
“İçəri Şəhər” tribunasının yerləşəcəyi yer

 

“Filarmoniya” tribunası

Biletlərin qiyməti Xəritədə yeri
$189 (286 manat – Qiymət dolların kursundan asılı olaraq dəyişir).

Xarici vətəndaşlar üçün $290.

mx3C6DA

 

Yerləşdiyi yer: Niyazi küçəsi. Filarmoniya bağı. Yolun sağ tərəfi

Trasımızda hündürlük fərqinin ən çox hiss olunduğu yer, məhz, Niyazı küçəsidir. Bu dərəcədə maililiyə Formula1 traslarında çox nadir rast gəlinir. Qəmbər daşlarla döşənmiş küçəyə müvəqqəti asfalt örtüyü salınıb. On beşinci döngədən sonra maşınlar sürət yığaraq üzü aşağı Azneft meydanına tərəf irəliləyərkən məhz bu tribunanın qarşısından keçəcəklər. Tamaşaçılar həm də Azneft meydanında – 16-cı döngədə olacaq gərgin mübarizəni izləyə biləcəklər. Bu tribunanın komfortu və trasın burdan olan görünüşü 5 ballıq sitemdə 4 balla qiymətləndirilir.

"Filarmoniya" tribunasının yerləşəcəyi yer
“Filarmoniya” tribunasının yerləşəcəyi yer

 

“Azneft” tribunası

Biletlərin qiyməti Xəritədə yeri
$294 (445 manat – Qiymət dolların kursundan asılı olaraq dəyişir).

Xarici vətəndaşlar üçün $420.

mx37DAA

 

Yerləşdiyi yer: Neftçilər prospekti. Azneft meydanının sağ tərəfi. Dənizkənarı Bulvar ərazisi

Bu, trasımızın ən böyük tribunalarından biridir. İki hissədən (aşağı və yuxarı) ibarət olacaq. Hər iki hissəyə olan biletlərin qiyməti eynidir. Bu tribuna azarkeşlərə bəxş edəcəyi unikal görüntü ilə digərlərindən fərqlənəcək. Belə ki, burada əyləşmiş azarkeşlər 15-ci döngədən dönərək Niyazı küçəsi ilə üzüaşağı gələcək bolidləri düz qarşı tərəfdən izləyə biləcəklər. Onlar həm də Azneft meydanında – 16-cı döngədə ola biləcək gərgin mübarizənin və ötmələrin şahidi olacaqlar.

Bu tribunanın komfortu 5 ballıq sistemdə 5, trasın görünüşü isə 4 balla qiymətləndirilir. Əlavə olaraq, tribunanın qarşısında quraşdırılmış monitor vasitəsi ilə trasın hər bir yerini izləmək mümkün olacaq.

"Azneft" Tribunasının yerləşəcəyi yer
“Azneft” tribunasının yerləşəcəyi yer

 

“Qız Qalası” tribunası

Biletlərin qiyməti Xəritədə yeri
$189 (286 manat – Qiymət dolların kursundan asılı olaraq dəyişir).

Xarici vətəndaşlar üçün $290.

mx34211

 

Yerləşdiyi yer: Neftçilər prospekti. Yolun sağ tərəfi. Dənizkənarı Bulvar ərazisi. Qız Qalası ilə üzbəüz.

Bu tribuna da 2 hissədən (aşağı və yuxarı) ibarət olacaq və hər iki hissəyə olan biletlərin qiyməti eynidir. Tribuna trasımızın ən sürətli döngələrindən biri olan 18-ci döngənin düz qarşısında yerləşəcək. Azarkeşlər burada həm yüksək sürətin şahidi olacaq, həm də Qız Qalasının fonunda gözəl şəkillər çəkə biləcəklər.

Tribunanın komfortu və trasın burdan görünüşü 5 ballıq sistemdə 4 balla qiymətləndirilib. Eyni zamanda, azarkeşlərin yarışı bütövlükdə izləyə bilməsi üçün tribuna monitorla təchiz olunacaq.

"Qız Qalası" tribunasının yerləşəcəyi yer
“Qız Qalası” tribunasının yerləşəcəyi yer

 

“Muğam” tribunası

Biletlərin qiyməti Xəritədə yeri
$245 (371 manat – Qiymət dolların kursundan asılı olaraq dəyişir).

Xarici vətəndaşlar üçün $350.

mx3C371

 

Yerləşdiyi yer: Neftçilər prospekti. Yolun sağ tərəfi, Dənizkənarı Bulvar ərazisi.

Bu tribunaya bilet alacaq azarkeşlər şanslı hesab oluna bilərlər. Çünki, bildiyiniz kimi, Bakı Şəhər Halqasının unikal cəhətlərindən biri də odur ki, burda maşınlar yolun bir hissəsində üzbəüz gələcək. Söhbət Neftçilər prospektinin Rəsul Rza küçəsi ilə kəsişdiyi yerdən Əziz Əliyev küçəsi ilə kəsişdiyi yerə qədər olan hissəsindən gedir. Prospektin bu hissəsi 2 yerə bölünəcək. Muğam tribunası məhz bu hissədə yerləşdiyindən, burda əyləşən tamaşaçılar hər 2 istiqamətdə hərəkət edən bolidləri görə biləcəklər.

Tribunanın komfortu və trasın görünüşü 4 balla qiymətləndirilib. Azarkeşlərin yarışı rahat izləyə bilməsi üçün ərazidə monitor quraşdırılacaq.

"Muğam" tribunasının yerləşəcəyi yer
“Muğam” tribunasının yerləşəcəyi yer

“Sahil” tribunası

Biletlərin qiyməti Xəritədə yeri
$245 (371 manat – Qiymət dolların kursundan asılı olaraq dəyişir).

Xarici vətəndaşlar üçün $350.

mx3DA6A

 

Yerləşdiyi yer: Neftçilər prospekti. Yolun sağı tərəfi. Dənizkənarı Bulvar ərazisi.

Bu tribuna trasımızın sonuncu – 20-ci döngəsinin düz qarşısında yerləşir. Bura bilet alan tamaşaçılar da hər 2 istiqamətdə hərəkət edən bolidləri izləyə biləcəklər. Tribuna Rəsul Rza küçəsinin düz qarşısında yerləşdiyindən, 5-ci döngədən çıxan maşınları qarşı tərəfdən görə biləcəklər.

Tribunanın komfortu və trasın görünüşü 4 balla qiymətləndirilib. Trubunanın qarşısında yerləşdiriləcək monitor vasitəsi ilə burada əyləşmiş azarkeşlər yarışı seyr etməkdən həzz alacaqlar.

"Sahil" tribunası
“Sahil” tribunasının yerləşəcəyi yer

 

“Bulvar” tribunası

Biletlərin qiyməti Xəritədə yeri
$120 (181 manat – Qiymət dolların kursundan asılı olaraq dəyişir).

Xarici vətəndaşlar üçün $200.

mx3E5FE

 

Yerləşdiyi yer: Neftçilər prospekti. Yolun sağı tərəfi. Dənizkənarı Bulvar ərazisi.

Tribuna Neftçilər prospektindəki uzun düzlükdə yerləşdiyindən, yüksək sürət həvəskarları bu tribunanı seçdiklərinə peşman olmayacaqlar. Bildiyiniz kimi, trasımızda maksimal sürətin 340 km/saata çatacağı proqnozlaşdırılır. Bolidlər məhz bu yerdən yüksək sürət yığmağa başlayacaqlar.

"Bulvar" tribunasının yerləşəcəyi yer
“Bulvar” tribunasının yerləşəcəyi yer

 

“Xəzər” tribunası

Biletlərin qiyməti Xəritədə yeri
$120 (181 manat – Qiymət dolların kursundan asılı olaraq dəyişir).

Xarici vətəndaşlar üçün $200.

mx39A8D

 

Yerləşdiyi yer: Neftçilər prospekti. Yolun sol tərəfi

Bu tribuna “Bulvar” tribunası ilə üzbəüz, Muzey Mərkəzinin önündə qurulacaq. Trasın hər 2 tərəfində tribunanın olması əlavə gözəllik verəcək. Şəkil çəkmək həvəskarları üçün yaxşı yerdə yerləşir. Nəzərə alsaq ki, buradan Xəzər dənizi görünür və qarşınızdan dünyanın ən sürətli və bir-birindən gözəl maşınları keçəcək, əgər bu tribunadasınızsa, telefonlarınızın kameralarını və ya fotoaparatlarınızı hazır saxlamalısınız.

"Xəzər" tribunasının yerləşəcəyi yer
“Xəzər” tribunasının yerləşəcəyi yer

 

Ayaqüstü zona

Biletlərin qiyməti Xəritədə yeri
$89 (135 manat – Qiymət dolların kursundan asılı olaraq dəyişir).

Yalnız cümə günü üçün: $19 (29 manat – Qiymət dolların

kursundan asılı olaraq dəyişir).

mx3CCF3

 

Yerləşdiyi yer: Neftçilər prospekti boyunca yolun sağ tərəfi – Dənizkənarı Bulvar ərazisi.

Hər bir trasda olduğu kimi, Bakı Şəhər Halqasında da tamaşaçılar üçün ayaqüstü zona nəzərdə tutulub. Kifayət qədər böyük arealı əhatə edən bu zonaya bilet alan azarkeşlər yüksək sürətin şahidi olacaqlar. Çünki bu zona trasın ən sürətli hissəsində yerləşir. Ayaqüstü zonanı digərlərindən fərqləndirən isə, bura 3 günlük biletlərlə yanaşı, yalnız cümə günü üçün nəzərdə tutulmuş ucuz biletlərin də olmasıdır. Bu biletləri alan şəxslər yalnız cümə günü keçiriləcək 2 sərbəst yürüş seansını, eyni zamanda həmin gün üçün nəzərdə tutulmuş əyləncə proqramını və konserti izləyə biləcəklər.

Ayaqüstü zonalar Dənizkənarı bulvarda Neftçilər prospekti boyunca yerləşəcək
Ayaqüstü zonalar Dənizkənarı bulvarda Neftçilər prospekti boyunca yerləşəcək

 

Tribunalarımız barədə bu qədər. İndi isə yazının əvvəllində söz verdiyimiz kimi, yarış günlərində keçiriləcək konsertlərdən bəhs edək.

Bakı Şəhər Halqası Əməliyyat şirkəti azarkeşlərə təkcə yarışa baxmaq üçün şərait yox, həm də onlar üçün konsert və əyləncə proqramı hazırlayır. Əvvəl də xəbər verdiyimiz kimi, hər 3 gün üçün konsert proqramı nəzərdə tutulub və bu 3 günün hər birində bir dünya ulduzu biletli azarkeşləri öz çıxışı ilə sevindirəcək. İyunun 17-də – cümə günü Kris Braun, iyunun 18-də – şənbə günü Enrike İqlesias, iyunun 19-da – bazar günü isə Farel Uilyams səhnəyə çıxacaqlar.

Konsertlərin hər üçündə iştirak etmək üçün 3 günlük biletlərdən hər hansı birini almaq lazımdır. Yalnız cümə günü üçün nəzərdə tutulmuş biletləri alan tamaşaçılar isə yalnız həmin gün olacaq konsertə – Kris Braunun konsertinə baxa biləcəklər.

Untitled

 

Bu böyük idman bayramını və unudulmaz konsertləri, əyləncə proqramlarını qaçırmaq istəmirsinizsə, biletləri almağa tələsin.

Biletləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi internet səhifəsindən onlayn şəkildə, həmçinin, Dənizkənarı Bulvarda yerləşən əyləncə zonasından və Park Bulvar ticarət mərkəzindən əldə edə bilərsiniz.

Hamını 17-19 iyun tarixlərində tribunalara dəvət edərək yarışdan zövq almağı və yaxşı istirahət etməyi arzulayırıq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*