Bu, doğrudan da cavabı olmayan sualdır. Çünki, Formula1 67-ci ildir ki, davam edir. Bu uzun müddətdə bir çox unudulmaz pilotlar olub. Müxtəlif dövrlərdə, müxtəlif şərtlərdə mübarizə aparan pilotları necə müqayisə edəsən? Titullarının sayına və uğurlarına görə onları müqayisə etmək nə dərəcədə düz olar? Axı, qeyd etdiyimiz kimi, hamısı eyni şərtlər altında mübarizə aparmayıb. Birinin komandası güclü olub, birinin zəif. Birinin rəqibləri də güclü olub, birinin isə, ümumiyyətlə, “dişli” rəqibi olmayıb. Birinin karyerası 10-15 yarışdan ibarət olarkən, başqa biri 15 il mübarizə aparıb.
Bəs eyni mövsümdə başqa komandalarda çıxış edən sürücüləri müqayisə edə bilərik? Təbii ki, yox. Səbəbi də məlumdur: Hər komandanın maşını eyni gücdə deyil. Geriyə yeganə variant qalır: Eyni mövsümdə eyni komandada mübarizə aparan sürücüləri müqayisə etmək.
Bütün Formula1 tarixindəki adlı-sanlı pilotlara yer ayırsaq, bu, vaxt itkisi olar və yazı olduqca uzun alınar. Odur ki, F-1.az saytı olaraq, hazırda mübarizəni davam etdirən 5 çempionun və 2 təcrübəli sürücünün, yəni, Censon Batton, Fernando Alonso, Kimi Rəykkönen, Lyuis Həmilton, Sebastyan Fettel, Felipe Massa və Niko Rosberqin karyerasına nəzər salacaq, onların komanda yoldaşları ilə mübarizədə əldə etdikləri nəticələri nəzərinizə çatdıracağıq.
P.S. Pilotların yarış, qələbə və podium sayları növbəti yarış olan İspaniya Qran Prisinə qədər götürülüb.
Başladıq!
Censon Batton
Formula1 tarixində 3-cü, hazırda çıxış edən pilotlar arasında isə ən təcrübəli sürücüdür. Formula1-də 2000-ci ildə debüt edib və karyerasına fasilə verməyib. O, 17-ci mövsümünü keçirir. İndiyə qədər 288 yarışda start alıb. Bu yarışlardan 15-də qalib gəlib, 50 dəfə isə podiuma yüksəlib. Yalnız bir dəfə – 2009-cu ildə dünya çempionu olub.
Batton bu ilə qədər böyük hissəsi Honda və McLaren komandasının tərkibində keçmiş 16 illik uzun karyerasında 11 müxtəlif sürücü ilə komanda yoldaşı olub. Onlardan biri də Əntoni Dəvidsondur. Hansı ki, 2005-ci ildə cəmi 1 yarışda – Malayziya Qran Prisində xəstələnmiş Takumo Satonu əvəz edərək Censonun komanda yoldaşı olub. Cədvəldə hər mövsüm üçün olan nəticələrlə tanış ola bilərsiz (Qeyd: mötərizədə önündə + ilə yazılan rəqəmlər həmin mövsüm komanda yoldaşını əvəzləmiş sürücünün qazandığı xalları göstərir):
Mövsüm | Komanda | Komanda yoldaşı | Xal hesabı |
2000 | Williams BMW | Ralf Şumaxer | 12 – 24 |
2001 | Minardi | Cankarlo Fizikella | 2 – 8 |
2002 | Renault | Yarno Trulli | 14 – 9 |
2003 | BAR Honda | Jak Vilnöv (bir yarışda T.Sato) | 17 – 6 (+3) |
2004 | BAR Honda | Takumo Sato | 85 – 34 |
2005 | BAR Honda | Takumo Sato (bir yarışda Ə.Dəvidson) | 37 – 1 |
2006 | Honda | Rubens Barikello | 56 – 30 |
2007 | Honda | Rubens Barikello | 6 – 0 |
2008 | Honda | Rubens Barikello | 3 – 11 |
2009 | Brawn GP | Rubens Barikello | 95 – 77 |
2010 | McLaren Mercedes | Lyuis Həmilton | 214 – 240 |
2011 | McLaren Mercedes | Lyuis Həmilton | 270 – 227 |
2012 | McLaren Mercedes | Lyuis Həmilton | 188 – 190 |
2013 | McLaren Mercedes | Serxio Perez | 73 – 49 |
2014 | McLaren Mercedes | Kevin Maqnussen | 126 – 55 |
2015 | McLaren Honda | Fernando Alonso | 16 – 11 |
Gördüyümüz kimi, 11 mövsümdə komanda yoldaşına qalib gəlib, 5 dəfə isə məğlub olub. O, bu mövsümə qədər 1214 xal qazanarkən, rəqibləri onunla eyni komandada olarkən 975 xal qazanıblar. İki mövsüm və daha çox komanda yoldaşı olmuş pilotların hər birini məğlub etməyi bacarıb. Komanda yoldaşına məğlubiyyətlərinin ikisinin karyerasının ilk iki mövsümünə təsadüf etdiyinə də diqqət yetirmək lazımdır. Daha təcrübəli pilotlarla komada yoldaşı olub və məğlub olub. Bu amili və 2 dünya çempionunu eyni komandada məğlub etdiyini də nəzərə alsaq deyə bilərik ki, Censon Batton heç də arzuolunan komanda yoldaşı deyil…
Fernando Alonso
Fernando Formula1-də 2001-ci ildə debüt edib. 2002-ci ildə isə yarışmayıb. O, 256 yarışda start alıb və hazırda karyerasını davam etdirən sürücülər arasında hazırkı komanda yoldaşı Censon Battondan sonra ən təcrübəli 2-ci pilotdur. Formula 1 tarixində isə bu baxımdan keçmiş komanda yoldaşı Yarno Trulli ilə birlikdə 5-6-cı yerləri bölüşür. Bu yarışlardan 32-də qalib gələn ispan pilot 97 dəfə podiuma yüksəlib. İki dəfə – 2005-ci və 2006-cı illərdə dünya çempionu olub.
Alonso Formula1-də keçirdiyi 14 mövsüm ərzində 11 pilotla komanda yoldaşı olub. Onlardan ikisi – Aleks Yonq və Jak Vilnöv cəmi 3 yarışda Fernandonun komanda yoldaşı olublar. Belə ki, Aleks 2001-ci ildə maliyyə çətinlikləri yaşayan Tarso Markesi, Vilnöv isə 2004-cü ildə Trullini əvəzləyib. 2009-cu ildə isə Alonso ilə Roman Qrojan 7 yarışda eyni qarajı paylaşıblar. Renault komandası mövsümboyu zəif çıxış edən Nelsinyo Pikenin əvəzinə onu gətirmişdi. Cədvəldə hər mövsüm üçün olan nəticələrlə tanış ola bilərsiz (Qeyd: mötərizədə önündə + ilə yazılan rəqəmlər həmin mövsüm komanda yoldaşını əvəzləmiş sürücünün qazandığı xalları göstərir):
Mövsüm | Komanda | Komanda yoldaşı | Xal hesabı |
2001 | Minardi | Tarso Markes (üç yarışda A.Yonq) | 0 – 0 |
2003 | Renault | Yarno Trulli | 55 – 33 |
2004 | Renault | Yarno Trulli (üç yarışda J.Vilnöv) | 59 – 46 |
2005 | Renault | Cankarlo Fizikella | 133 – 58 |
2006 | Renault | Cankarlo Fizikella | 134 – 72 |
2007 | McLaren Mercedes | Lyuis Həmilton | 109 – 109 |
2008 | Renault | Nelsinyo Pike | 61 – 19 |
2009 | Renault | Nelsinyo Pike (yeddi yarışda R.Qrojan) | 26 – 0 |
2010 | Ferrari | Felipe Massa | 252 – 144 |
2011 | Ferrari | Felipe Massa | 257 – 118 |
2012 | Ferrari | Felipe Massa | 278 – 122 |
2013 | Ferrari | Felipe Massa | 242 – 112 |
2014 | Ferrari | Kimi Rəykkönen | 161 – 55 |
2015 | McLaren Honda | Censon Batton | 11 – 16 |
Nəticələrdən də görürük ki, Alonso 14 mövsümün 11-də komanda yoldaşını üstələyib, sadəcə 1 mövsümdə – keçən il McLaren Honda-da Censon Battona məğlub olub. İki mövsümdə isə komanda yoldaşı ilə xal hesabında bərabər olub. Bunlardan biri heç bir xal qazanmadığı debüt mövsümüdür. Digəri isə xeyli qalmaqala və böyük mübarizəyə səhnə olmuş 2007-ci il mövsümüdür. Həmin il həm Alonso, həm də debütant Lyuis Həmilton eyni sayda – 109 xal toplamışdılar. Hər iki sürücü mövsüm ərzində 4 dəfə qalib gəlmiş, 12 dəfə podiuma yüksəlmişdi. Amma Həmilton 5 dəfə, Alonso isə 4 dəfə ikinci olduğundan, mövsümü Həmiltonun arxasında 3-cü yerdə başa vurmuşdu. Alonso bu mövsümə qədər 1778 xal toplayarkən, rəqibləri onunla eyni komandada təxminən 2 dəfə az – 904 xal toplaya biliblər.
Nəticələrdən də göründüyü kimi, Fernando Alonso çətin komanda yoldaşıdır. Həm güclü pilot olduğuna görə, həm də xarakterinə görə. Dəfələrlə komanda yoldaşları komanda rəhbərliyinin Alonsoya daha çox diqqət göstərdiyindən şikayət edib…
Kimi Rəykkönen
Hazırda peletonda ən yaşlı sürücüdür. 2001-ci ildə Formula1-də ilk yarışına çıxan Kimi tarixdə ən çox start almış 8-ci sürücüdür və bu göstəriciyə görə indiki sürücülərdən yalnız Censon Batton və Fernando Alonsodan geri qalır. Formula1-də 235 dəfə start alan “iceman” 20 yarışda finişi hamıdan tez keçib, 82 dəfə isə podiuma yüksəlib. O, 2009-cu ilin sonunda Formula1-dən ayrılsa da, bu ayrılıq 2 mövsüm davam edib və 2012-ci ildə yenidən qayıdıb. Amma həmin 2 ildə də o, avtoidmandan uzaq düşməyib, Rally və Nascar-da yarışıb. Kiminin bir dünya çempionluğu titulu var və bunu 2007-ci ildə əldə edib.
Formula1-də keçirdiyi 13 mövsüm ərzində 12 sürücü ilə komanda yoldaşı olub. 2005-ci ildə çiynindən zədələnən Montoyanı bir yarışda Pedro de la Rosa, bir yarışda da Aleksandr Vürs əvəz edib. Növbəti mövsüm Montoyanın komandadan ayrılmasından sonra yenə də onun yerini Pedro alıb. 2009-cu ildə Macarıstan Qran Prisində başından zədələnən Felipe Massanı 2 yarışda Luka Badoyer, 5 yarışda isə Cankarlo Fizikella əvəz edib. 2012-ci ildə İtaliya Qran Prisinə buraxılmayan Roman Qrojanı əvəz edən Jerom D’Ambrozio da 1 yarışlıq finlandiyalının komanda yoldaşı olub. Aşağıdakı cədvəldə daha yaxından tanış olaq (Qeyd: mötərizədə önündə + ilə yazılan rəqəmlər həmin mövsüm komanda yoldaşını əvəzləmiş sürücünün qazandığı xalları göstərir):
Mövsüm | Komanda | Komanda yoldaşı | Xal hesabı |
2001 | Sauber | Nik Haydfeld | 9 – 12 |
2002 | McLaren Mercedes | Devid Kulthard | 24 – 41 |
2003 | McLaren Mercedes | Devid Kulthard | 91 – 51 |
2004 | McLaren Mercedes | Devid Kulthard | 45 – 24 |
2005 | McLaren Mercedes | Xuan Pablo Montoya (bir yarışda P.de la Rosa, bir yarışda A.Vürs) | 112 – 60 |
2006 | McLaren Mercedes | Xuan Pablo Montoya (səkkiz yarışda P.de la Rosa) | 65 – 26 (+19) |
2007 | Ferrari | Felipe Massa | 110 – 94 |
2008 | Ferrari | Felipe Massa | 75 – 97 |
2009 | Ferrari | Felipe Massa (iki yarışda Luka Badoyer, beş yarışda Cankarlo Fizikella) | 48 – 22 (+8) |
2012 | Lotus | Roman Qrojan (bir yarışda J.D’Ambrozio) | 207 – 96 |
2013 | Lotus | Roman Qrojan | 183 – 132 |
2014 | Ferrari | Fernando Alonso | 55 – 161 |
2015 | Ferrari | Sebastyan Fettel | 150 – 278 |
Kimi bu mövsümə qədər 1174 xal, onunla eyni komandada ikən rəqibləri 1121 xal toplayıblar. Keçirdiyi 13 mövsümün 8-də komanda yoldaşlarını üstələyib. Beş dəfə isə məğlub olub. Bunlardan 2-si Formula1-dəki ilk 2 ilinə, yəni, təcrübəsiz vaxtlarına təsadüf edir. 2008-ci ildə çempionluq uğrunda mübarizə aparan və son anda əldən verən Felipe Massaya məğlub olub. İkisi isə son 2 mövsümdə olub. Kiminin dövrü bitir?…
Lyuis Həmilton
Lyuis Formula1-də 2007-ci ildə debüt edib və 171 yarışda iştirak edib. Bu yarışların 43-də qalib gəlib və bu göstəriciyə görə yalnız 91 qələbəsi olan Mixael Şumaxerdən və 51 qələbəsi olan Alen Prostdan geri qalır. O, 90 dəfə podiuma yüksəlib və bu göstəricisinə görə də 4-cü yerdədir. Hazırda karyerasını davam etdirən sürücülərdən yalnız Alonso onu qabaqlayır. Lyuis üçqat dünya çempionudur. O, 2008, 2014 və 2015-ci illərdə titulun sahibi olub.
Formula1-də 10-cu mövsümünü keçirən britaniyalı bundan əvvəlki 9 mövsümdə cəmi 2 komandanın tərkibində çıxış edib və 4 fərqli sürücü ilə komanda yoldaşı olub. Debüt ilində Alonso ilə eyni komandada olması qalmaqallarla yadda qalmışdı. Britaniyalı pilotun doğma McLaren komandasındakı sonuncu mövsümü də heç də sakit keçməmişdi. Aşağıdakı cədvəldə onun və komanda yoldaşlarının ilbəil çıxışına nəzər salaq:
Mövsüm | Komanda | Komanda yoldaşı | Xal hesabı |
2007 | McLaren Mercedes | Fernando Alonso | 109 – 109 |
2008 | McLaren Mercedes | Heykki Kovalaynen | 98 – 53 |
2009 | McLaren Mercedes | Heykki Kovalaynen | 49 – 22 |
2010 | McLaren Mercedes | Censon Batton | 240 – 214 |
2011 | McLaren Mercedes | Censon Batton | 227 – 270 |
2012 | McLaren Mercedes | Censon Batton | 190 – 188 |
2013 | Mercedes AMG | Niko Rosberq | 189 – 171 |
2014 | Mercedes AMG | Niko Rosberq | 384 – 317 |
2015 | Mercedes AMG | Niko Rosberq | 381 – 322 |
Göründüyü kimi, 9 mövsümün 7-də komanda yoldaşına qalib gəlib, bir dəfə isə məğlub olub ki, bu da 2011-ci ilə təsadüf edir. Batton onu üstələyib. Debüt ilində isə Alonso ilə eyni sayda xal toplasalar da və hər ikisi 4 dəfə qələbə qazanıb 12 dəfə podiuma yüksəlsə də, komanda yoldaşından bir dəfə çox 2-ci olan Lyuis onu üstələmişdi. Bu mövsümə qədər o, 1867 xal toplayıb. Amma onunla eyni komandada iştirak edən sürücülər də ondan çox da geri qalmayıblar: 1666 xal. Bu da Lyuisin karyerasının əvvəlindən indiyə qədər həmişə güclü komandalarda çıxış etməsindən irəli gəlir…
Sebastyan Fettel
Formula1 tarixinin ən gənc qələbə qazanan və çempion olan sürücüsü Sebastyan Fettel 2007-ci ildə ABŞ Qran Prisində ilk yarışına çıxıb. O, 161 yarışda start alıb və 42 dəfə qalib gəlib. O, qələbə sayına görə 4-cü yerdədir. Çıxdığı yarışların yarısında – 81 dəfə podiuma yüksəlib. Hazırda Formula1 tarixinin ən çox xal qazanmış sürücüsü (2016-cı il İspaniya Qran Prisinə qədər) olan Sebastyan həm də tarixin ən titullu sürücülərindəndir. O, Alen Prost kimi dördqat dünya çempionudur və çempionluq sayında yalnız Mixael Şumaxer və Xuan Manuel Fanxiodan geri qalır. Titullarını 2010-2013-cü illərdə, yəni, ardıcıl qazanıb.
Fettel 2007-ci ildə Sauber-də bir yarışda Nik Heydfeldlə eyni komandada olduğunu nəzərə alsaq, geridə qalan 9 mövsümdə 6 müxtəlif pilotla komanda yoldaşı olub. Elə həmin mövsümün son 7 yarışında Toro Rosso sükanı arxasında əyləşən Fettel komanda yoldaşından az yarış keçirməsinə baxmayaraq, onu üstələyib. Karyerasının yarıdan çoxunu Mark Uebberlə eyni komandada keçirib. Eyni komandada ikən ulduzu heç vaxt barışmayan bu ikilinin arasındakı gərginlik 2010-cu ildə Türkiyə, 2013-cü ildə isə Malayziya Qrn Prilərində pik həddə çatıb. Gəlin, Fettelin və komanda yoldaşlarının bütün mövsümlər üzrə olan nəticələrinə nəzər salaq:
Mövsüm | Komanda | Komanda yoldaşı | Xal hesabı |
2007 | Toro Rosso | Vitantonio Lyiutsi | 5 – 3 |
2008 | Toro Rosso | Sebastyen Burde | 35 – 4 |
2009 | Red Bull | Mark Uebber | 84 – 69,5 |
2010 | Red Bull | Mark Uebber | 256 – 242 |
2011 | Red Bull | Mark Uebber | 392 – 258 |
2012 | Red Bull | Mark Uebber | 281 – 179 |
2013 | Red Bull | Mark Uebber | 397 – 242 |
2014 | Red Bull | Daniel Rikkardo | 167 – 238 |
2015 | Ferrari | Kimi Rəykkönen | 278 – 150 |
Geridə qalan 9 mövsümdə Fettel sadəcə bir dəfə – 2014-cü ildə komanda yoldaşına uduzub. Ardıcıl gələn titullardan sonra çempionluq iddiası qalmayan Red Bull-da Daniel Rikkardo ondan üstün olmuşdu. Fettel bu mövsümə qədər 1896 xal toplayıb, rəqibləri isə onunla eyni komandada 1385,5 xal toplayıb.
Uzun Red Bull karyerasından sonra Ferrari-dəki ilk ili Mercedes AMG-nin hegemonluğu nəzərə alındıqda uğursuz olmadı. Görək o, əfsanəvi həmyerlisi kimi Ferrari-də sonradan ardıcıl çempionluqlar əldə edərək Formula1 tarixinin ən titullu pilotuna çevrilə bilirmi…
Felipe Massa
Formula1 tarixinin ən çox start almış 9-cu pilotudur. Hazırda peletonun ən qocaman pilotlarından biridir. 2002-ci ildə ilk dəfə Formula1 bolidinin sükanı arxasında yarışa çıxıb. O, 233 yarışda 11 qələbə qazanıb, 41 dəfə isə podiuma yüksəlib. Mixael Şumaxer, Fernando Alonso və Kimi Rəykkönen kimi dünya çempionları ilə eyni komandada çıxış edən Massa 2008-ci ildə titula çox yaxın olsa da, onu əldə edə bilmədi. Braziliyada finişi çempion kimi keçsə də, arxadan gələn Həmiltonun son döngələrdə Timo Qloku keçməsi çempionluq titulunu Massanın əlindən almışdı.
2003-cü ildə yarışmayan Massa Formula1-də 13 mövsüm keçirib. Bu müddət ərzində 3 komandada çıxış edib və 7 fərqli sürücü ilə komanda yoldaşı olub. Komanda yoldaşları baxımından bəxti çox da gətirməyib. Çünki, yuxarıda da qeyd etdiyimiz kimi, karyerasının böyük hissəsi çempion pilotların komanda yoldaşı olmaqla keçib və ona çox vaxt əsas sürücü kimi baxmayıblar. Massanın komanda yoldaşları ilə rəqabətinə nəzər salaq:
Mövsüm | Komanda | Komanda yoldaşı | Xal hesabı |
2002 | Sauber | Nik Haydfeld | 4 – 7 |
2004 | Sauber | Cankarlo Fizikella | 12 – 22 |
2005 | Sauber | Jak Vilnöv | 11 – 9 |
2006 | Ferrari | Mixael Şumaxer | 80 – 121 |
2007 | Ferrari | Kimi Rəykkönen | 94 – 110 |
2008 | Ferrari | Kimi Rəykkönen | 97 – 75 |
2009 | Ferrari | Kimi Rəykkönen | 22 – 48 |
2010 | Ferrari | Fernando Alonso | 144 – 252 |
2011 | Ferrari | Fernando Alonso | 118 – 257 |
2012 | Ferrari | Fernando Alonso | 122 – 278 |
2013 | Ferrari | Fernando Alonso | 112 – 242 |
2014 | Williams | Valtteri Bottas | 134 – 186 |
2015 | Williams | Valtteri Bottas | 121 – 136 |
Felipe keçirdiyi 13 mövsümün 11-də komanda yoldaşına məğlub olub, 2 dəfə isə üstələyib. 2009-cu ildə Macarıstan Qran Prisində başından zədə alan braziliyalı mövsümü yarımçıq saxlamalı olmuşdu. Ondan sonra uzun müddət əvvəlki formasını bərpa edə bilmədi desək, yerinə düşər. Ferrari-də komanda yoldaşı Alonso qələbələr qazanaraq çempionluq uğrunda mübarizə apararkən, Massa hətta podiuma yüksələ bilmirdi. Hazırda Williams-da 3-cü mövsümünü keçirir. Əvvəlki 2 mövsümdə olduğu kimi, yenə də Valtteri Bottasa məğlub olarsa, bu, Formula1 karyerasının sonu ola bilər. Massa bu mövsümə qədər 1071, komanda yoldaşları isə 1743 xal toplayıblar…
Niko Rosberq
2006-cı ildə Formula1-də debüt edən alman sürücü bu günə qədər 189 yarışa çıxıb. Bu yarışlardan 18-də qalib gəlib və çempion olmadan ən çox qələbə qazanmış sürücü adını daşıyır. O, 45 dəfə podiuma yüksəlib. Atası kimi dünya çempionu olmaq üçün çalışsa da, 2 ildir ki, komanda yoldaşı Həmilton buna imkan vermir. Bu mövsümə əla başlayıb. Ardıcıl 7 yarışdır ki, qalib gəlir və tarixdə bu uğuru qazanan 4 sürücüdən biridir.
Niko Formula1-də indiyə qədər keçirdiyi 10 mövsümdə cəmi 2 komandanın tərkibində çıxış edib və 5 sürücü ilə komanda yoldaşı olub. Ən adlı sanlı rəqibi isə, şübhəsiz ki, 2010-cu ildə idmana yenidən qayıdan Mixael Şumaxer olub. Mixaellə 3 il komanda yoldaşı olan Niko hər 3 mövsümdə də onu xal hesabında üstələyib. Cədvələ nəzər salaq:
Mövsüm | Komanda | Komanda yoldaşı | Xal hesabı |
2006 | Williams | Mark Uebber | 4 – 7 |
2007 | Williams | Aleksandr Vürs (bir yarışda Kazuki Nakacima) | 20 – 13 |
2008 | Williams | Kazuki Nakacima | 17 – 9 |
2009 | Williams | Kazuki Nakacima | 34,5 – 0 |
2010 | Mercedes GP | Mixael Şumaxer | 142 – 72 |
2011 | Mercedes GP | Mixael Şumaxer | 89 – 76 |
2012 | Mercedes AMG | Mixael Şumaxer | 93 – 49 |
2013 | Mercedes AMG | Lyuis Həmilton | 171 – 189 |
2014 | Mercedes AMG | Lyuis Həmilton | 317 – 384 |
2015 | Mercedes AMG | Lyuis Həmilton | 322 – 381 |
Niko Rosberq keçirdiyi 10 mövsümün 6-da rəqibini üstələyib, 4-də isə məğlub olub. Bu məğlubiyyətlərin 3-ü son 3 ilə təsadüf edir. Niko hələ də mövsümün yekununda Lyuisi üstələyə bilməyib. Bu il isə onun üçün son şans ola bilər. Əgər bu mövsümün sonunda da titulu Həmiltona versə, 7-ci ildə Mercedes AMG-dəki gələcəyi sual altına düşəcək. Niko bu mövsümə qədər 1209,5 xal, rəqibləri isə 1180 xal toplayıblar.
Beləliklə, hazırda karyerasını davam etdirən sürücülərdən 7 ən təcrübəlisinin komanda yoldaşları ilə mübarizəsinə nəzər saldıq. Çıxan nəticə isə budur: Məğlubedilməz sürücü yoxdur. Bəzən sürücünün həvəsdən düşməsi, bəzən formadan düşməsi, bəzən təcrübəsiz, bəzən də artıq karyerasının sonunda olması komanda yoldaşının lehinə işləyə bilir. Təbii ki, komandadaxili siyasətləri də unutmamaq lazımdır. Hər komanda heç də hər zaman hər 2 sürücüsünə eyni imkanları vermir…