Bakı Şəhər Halqası yarışa tam hazırdır!

Avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi an gəlib çatmaq üzrədir. Azərbaycan 17-19 iyun tarixlərində ən mötəbər idman tədbirlərindən birinə - Formula1-ə ev sahibliyi edəcək.

F-1.az xatırladır ki, Bakıda keçiriləcək yarış Avropa Qran Prisi adlanır. Builki Formula1 təqvimi 21 yarışdan ibarətdir və bizim ev sahibliyi edəcəyimiz yarış təqvimdə 8-ci yarışdır.

Avropa Qran Prisinin promouter təşkilatı Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətidir. Yarışa hazırlıq hansı səviyyədədir? BŞH-nin iş prinsipi necədir? Hansı şöbə hansı işlə məşğul olur? Avropa Qran Prisində bizi yarışdan əlavə nələr gözləyir? F-1.az saytı bütün bu suallara cavab tapmaq üçün 15 gün əvvəl – yarışa bir ay qalmış BŞH-nin ofisində olub və reportaj hazırlayıb.

Biz ilk növbədə Əməliyyat Şirkətinin Marketinq və Komminikasiya departamentinin rəhbəri Nigar Arpadarainin qonağı olduq. Nigar xanımın rəhbəri olduğu departament şirkətin aparıcı departamentlərindən. Şöbənin əsas vəzifəsi adından da məlum olduğu kimi, istər ölkə daxilində, istər xaricdə Avropa Qran Prisinin təbliğat işlərini aparmaq, reklamların yerləşdirilməsinə cavabdehlik, media ilə sıx əlaqədə işləməkdir. Nigar xanım bizimlə söhbətində artıq əsas işlərin arxada qaldığını, amma görüləcək işlərin də az olmadığını, buna baxmayaraq, rəhbəri olduğu komandanın öz işinin öhdəsindən məharətlə gələcəyini qeyd etdi.

 

Bildiyiniz kimi, Avropa Qran Prisi ərəfəsində ölkəmizə çoxsaylı jurnalistlərin gəlməsi gözlənilir. Onlarla birlikdə yerli jurnalistlər də Avropa Qran Prisinin işıqlandırılmasında yaxından iştirak edə bilərlər. Bunun üçün FİA-dan akkreditasiya almaq lazımdır ki, bu da olduqca çətin prossesdir. BŞH bu prossesdə yerli jurnalistlərə kömək məqsədi ilə dəfələrlə seminarlar təşkil edib. Bizim növbəti müsahibimiz Əməliyyat Şirkətinin media məsələləri üzrə məsul meneceri Ayan Ağayeva oldu. Ayan xanım qeyd etdi ki, media mərkəzi 488 jurnalistin rahat işləməsinə imkan verəcək. Xaricdən 400-ə yaxın jurnalistin gələcəyi gözlənilir və 150-dən çox yerli jurnalist akkreditasiya üçün müraciət edib ki, onlardan 14 nəfəri yerli televiziya kanallarını təmsil edəcək. İndiyə qədər 3 media seminarın keçirildiyini qeyd edən Ayan xanım akkreditasiyadan keçmiş jurnalistlər üçün daha bir seminarın təşkil olunacağını qeyd etdi.

 

Avtoidmanın hər bir növündə əsas iş marşalların üzərinə düşür. Onlarsız bu yarışları nə təsəvvür etmək mümkündür, nə də keçirmək. Ölkəmiz ilk dəfə Formula1-ə ev sahibliyi etdiyinə görə yerli marşallarla yanaşı, xarici marşalların da köməyindən istifadə olunacaq. Həm marşal proqramı barədə, həm də yarışın təşkili barədə şirkətin Əməliyyat departamentinin direktoru Çingiz Mehdiyev bizə geniş məlumat verdi. O, bildirdi ki, artıq 1236 marşal qeydiyyatdan keçib və onlar təlim proqramlarından keçirlər. Onlardan 200-ü Bəhreyndən, 100-ü isə Avstraliya, İngiltərə və ABŞ-dan cəlb olunub. Çingiz müəllim qeyd etdi ki, marşallara beynəlxalq sertifikat verilir və onlar bizim yarışdan sonra başqa ölkələrdəki yarışlarda da marşal kimi təmsil oluna bilərlər.

 

Heç bir ictimai işi, tədbiri könüllülər olmadan təsəvvür etmək mümkün deyil. Əvvəllər könüllülük anlayışı cəmiyyətimizdə tam anlaşılmasa da, son dövrlərdə – xüsusilə də Avropa Oyunlarından sonra bu hərəkat geniş vüsət alıb. Avropa Oyunlarında olduğu kimi, Avropa Qran Prisində də könüllü kimi fəaliyyət göstərmək istəyənlərin sayı çoxdur. Onların könüllülüyə necə cəlb olunmasını, nə qədər gəncin könüllülük üçün müraciət etdiyini və onlardan nə qədərinin seçildiyini öyrənmək üçün şirkətin İnsan Resursları departamentinin rəhbəri İranə Əhmədovaya müraciət etdik. İranə xanım bildirdi ki, gənclərin marağı olduqca yüksəkdir və müraciət edənlərin sayı gözləniləndən çox olub. Qeydiyyat dekabr ayından mart ayının əvvəlinə qədər davam edib və bu müddətdə 14 mindən çox gənc könüllü olmaq üçün müraciət edib. Əvvəlcə 5000 könüllünün cəlb olunması planlaşdırılsa da, müraciət edənlər çox olduğundan bu say 7000-ə qaldırılıb. İranə xanım onu da əlavə etdi ki, rəhbəri olduğu departament həm də marşal proqramına köməklik göstərir. Könüllülük üçün müraciət edən gənclərin arasından marşallığa yönəldilənlər də var.

 

Ölkəmizdə debüt edəcək Formula1 yarışından bizi sayılı günlər ayırır. Ölkəmizdə keçiriləcək bu yarışın təşkilatçılığında zəhməti olan hər bir kəsə saytımız adından, oxucularımız adından təşəkkür edirik və uğurlu yarış arzulayırıq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*