Tamburello döngəsindən sonrakı düz yolun sonunda Mixael Şumaxerin Benetton-u görünəndə, 200 milyon teletamaşaçı başa düşdü ki, Ayrton Senna San Marino Qran Prisinin yeddinci dövrəsini başa vurmayıb. Onlar yalnız arxa fonda toz buludunu görürdülər, bir neçə saniyədən sonra isə gördülər ki, beton divara dəyib qayıtmış Williams FW16 yol kənarında donub qalıb.
Marrey Volker Britaniya televiziyasının aparıcısı idi. “Beləliklə, biz Mixael Şumaxeri görürük, bəs Senna? – Allahım! – Mən gördüm ki, onu sağa tərəf çəkdi, amma orda nə baş verdi?”
Braziliyanın TV Globo kanalının aparıcısı Qalvao Bueno birinci başa düşdü ki, insident sıravi qəzaya oxşamır. Onun yanında şərhçi kabinəsində Sennanın dostu Antonio Braqa oturmuşdu. Hər ikisi bir-birinə baxdılar və Bueno mikrafona dedi: “Ayrton divara çox pis dəydi, bu, ciddi ola bilər.” Bueno maşının sürətini təsəvvür elədi və artıq mikrafondan kənara dedi: “Divara 300 km/saat sürətlə dəyəndə, kəskin yavaşıma ağır ola bilər.”
Marrey Volker də Bueno qədər peşəkar idi, o da vəziyyətin ağır olmasını başa düşmüşdü. BBC kanalı qəzanı dəfələrlə təkrar göstərirdi ki, qəza yerindən canlı yayımı tamaşaçılar görməsinlər.
Marşallar Sennaya çatmamış və ilk tibbi yardım maşını yetişməmiş, braziliyalı sürücünün başı tərpəndi. Tamaşaçılar sevindilər, hamı bu işarəni çempionun sağ olması kimi qəbul etdi. Amma hadisə yerindən minlərlə mil uzaqlıda, Argentinada, beşqat dünya çempionu Xuan Manuel Fanxio bu hərəkətin spazm olduğunu başa düşdü. O yerindən ayağa qalxdı, televizoru söndürdü: “Mən bildim ki, o ölüb.”
Teleyayım helikopteri qəzanın baş verdiyi yerin üzərində asılıb qalmışdı, dağılmış maşın isə birbaşa yayımda göstərilirdi. BBC və Volker pit-leyndə qurulmuş kameraya keçdilər, digər kanallar isə yayımı davam etdirirdilər.
Sennanın qız rəfiqəsi Adriana Qalisto bu vaxt sürücünün Portuqaliyadakı evində idi. Maşın zərblə divara çırpılanda Adriana eqositcəsinə düşündü: “Yaxşı, indi o evə vaxtından tez gələcək.” O gözləyirdi ki, Ayrton indi əlcəklərini çıxaracaq, sükanı azad edəcək və kokpitdən çıxacaq. Tanışlıqdan sonrakı ilyarım vaxt ərzində Ayrton bir neçə qəzaya uğramışdı, Adriana ev qulluqçusuna qışqırdı: “O nəyi gözləyir?” Qadın cavab verdi: “Bəlkə əlini və ya ayağını sındırıb?” Adriana ekrana qışqırdı: “Maşından çıx, çıx!”, sonra yerində donub qaldı.
Professor Sid Votkins hadisə yerinə bir neçə dəqiqəyə çatdı, birinci tibb maşını ilə gəlmiş həkim artıq Ayrtona baxmışdı və başını yelləyirdi – şlemin vəziyyətinə və onun altından axan qana görə aydın idi ki, Ayrton başından ciddi zədə alıb. Votkins şlemin ipini kəsdi və səliqə ilə qaldırdı, digərləri isə sürücünün boynunu tutmuşdular. Qan sel kimi axmağa başladı. Sürücünün alnı dağılmışdı və burnundan qanla qarışıq beyin mayesi də axırdı.
Votkins sürücünü müayinə etdi, Sennanın gözləri bağlı idi. Həkim avtomatik olaraq tənəffüs borusu daxil etdi və qan qrupu barədə soruşdu – kolleqalarında yazılmışdı: B+. Votkins sürücünün göz qapaqlarını qaldırdı. Sonralar Sid bu anı belə xatırlayırdı: “Bəbəklərinin vəziyyətindən aydın idi ki, beyin zədələnib. Zədənin miqyasını başa düşərək bildim ki, Ayrton sağ qalmayacaq…”
Həkimlər Sennanı maşından çıxardılar, yerə qoydular, marşallar isə xüsusi divar qurdular ki, tamaşaçılar baş verənləri görməsinlər. Sid xatırlayır: “Biz onu nəfəs almağa məcbur edəndə, mən tam dinsiz olsam da, mənə elə gəldi ki, onun ruhu bədəndən çıxdı…”
Həmin gün Tamburello döngəsində yalnız bir fotoqraf növbə çəkirdi. Ancelo Orsi, Sennanın yaxın dostu, İtaliyanın Autosprint jurnalının əməkdaşı idi. Orsi Sennanın hələ kokpitdə olarkən çəkməyə başladı, kokpitdən çıxaranda da, yerə qoyanda da. Qalvao Bueno televizorda Orsini görüb qışqırdı: “Orsi şəkil çəkir, amma görmür ki, nə çəkir.”
Adriana Qalisto isə ekrandan ayrıla bilmirdi. O, Sennanın bədəninə baxırdı, kiçik də olsa, həyat əlamətləri axtarırdı. Senna tərpənmirdi. Artıq ev qulluqçusu da ağlayırdı, qonşular isə gəlib nə ilə kömək edə biləcəklərini soruşurdular. Şərhçilər susurdular, amma ekranda hər şey aydın idi – qan isə elə hey axırdı, zədələnmiş motordan axan yağ kimi…
TV Globo-nun kabinəsindən Bueno həkimlərin işini izləyirdi, amma o, Votkinsin gördüyünü görə bilməzdi: “Onu çox ehtiyatla çıxaranda mən başa düşdüm ki, vəziyyət çox ciddidir, amma yarışın şərhini davam edirdim.”
Həkim Petsi Ayrtona bir neçə iynə vurdu. Nəfəs yollarını təmizləmək, qanaxmanı saxlamaq, boynunu fiksasiya eləmək lazım idi. Sennanın nəbzi vurmağa başladı, Votkins tibbi helikopteri çağırdı və İmolanın tibbi mərkəzinin həkimi Covanni Qordinidən xahiş etdi ki, sürücünü müşaiyət etsin.
14:35-də, qəzadan 17 dəqiqə sonra həkimlər braziliyalı sürücünü helikopterə qoydular. Elə bu vaxt Votkinsə FİA-nın mətbuat xidmətinin başçısı Martin Vitaker zəng elədi. Martin paddokun girişindəki boz motorhoumda Berni Ekklstounla yarışı izləyirdi. Berniyə məlumat lazım idi. Ayrtonun atası – Leonardo da Silva da orda idi.
Senna hələ sağ idi, Votkins Vitakerə dedi ki, sürücü başından ağır zədə alıb. Vitaker həkimi yaxşı başa düşmədi və elə bildi ki, Senna artıq ölüb, alma yeyən Berniyə pıçıldadı ki, sürücü ölüb. Berni isə dərhal Leonardoya dedi: “Təəssüf edirəm, amma o artıq ölüb. Biz bunu yalnız yarışdan sonra elan edəcəyik.”
Adriana Sennanın helikopterə qoyulmasını gördü. Yanında olanlardan kimsə torpaqda qırmızı iz gördü, Adriana qorxdu. Qonşusu isə onu sakitləşdirməyə çalışdı, dedi ki, bu, yeni növ yanğınsöndürənin köpüyüdür. Adriana ona inandı: “Heç kim, heç vaxt düşünə də bilməzdi ki, Ayrton Senna yarış maşınının sükanı arxasında ölə bilər.”
Helikopter uçan kimi Votkins Sennanın şlemini götürdü, amma nə öz əlcəyini, nə də sürücünün əlcəklərini tapa bilmədi. Əlcəkləri bir də heç kim görmədi. Sid əlcək axtaran vaxt göydə daha bir dram yaşandı – iyirmi dəqiqəlik yolun üçüncü dəqiqəsində Sennanın ürəyi dayandı. Həkim Qordini onu işləməyə məcbur etməyə çalışdı və buna nail ola bildi.
Berni FİA-nın prezidenti Maks Mosli ilə danışdı və pit-leynə çıxaraq hamıya dedi ki, hər şey qaydasındadır, Senna üçün mümkün olan hər şey edilir. Berni əmin idi ki, yarış davam etməlidir. Həmişə belə olmuşdu. Bu, Berninin prinsipi idi. Berni həmişə elədiyini yenə edirdi: stabilliyi təmin edirdi.
Antonio Braqa həyat yoldaşı Luizaya zəng etdi və xahiş etdi ki, Adriananı çağırsın, Braqa bilirdi ki, Senna artıq ölür, amma hesab edirdi ki, Adriana ilə vidalaşa biləcək. Braqa Luziaya dedi ki, Adriana üçün Faro aeroportundan reys bron eləsin və şərhçi kabinəsinə qayıtdı.
Sürücülər bilirdilər ki, Senna ciddi qəzaya uğrayıb. Restartdan əvvəl bəziləri deyirdilər ki, problem yoxdur, onu maşından çıxarıblar, digərləri isə deyirdilər ki, problem var. Gerhard Berger xatırlayır: “Həmin an mən başa düşmürdüm ki, vəziyyət nə dərəcədə pisdir. Mən qəzanı görməmişdim, çünki arxada gəlirdim, amma ətrafdakı atmosfer qəribə idi.”
Ekklstoun kimi Votkins də susdu. Sid çantasını lazımi dərmanlarla doldurdu, maşına qayıtdı və restartı gözləməyə başladı.
Bu zaman Sennanın maşını bağlı parka gətirildi və Fabrisio Noskoya təhvil verildi. Patrik Hed bilirdi ki, qəza çox ciddi olub. Patrik və Frənk Uilyams Berni ilə danışdılar. Maşın boksa gətiriləndə insidentin ağırlığı təsdiq olundu. Hed telemetriyaya baxmaq istəyirdi, ona görə də iki mexaniki bağlı parka göndərdi ki, FW16-dan qara qutuları çıxarsınlar. Texniki komissar Nosko onlara başa saldı ki, FİA-nın qaydalarına görə, maşına heç kim yaxınlaşa bilməz. Tezliklə mexaniklər FİSA-nın texniki nümayəndəsi Çarli Uaytinqlə qayıtdılar. Çarli Noskoya əmr etdi ki, qutuları maşından çıxarıb mexaniklərə versin.
Nosko xatırlayır: “Uaytinq dedi ki, FİA-nın təhlükəsizlik xidmətinin başçısı Con Korsmitdən icazə alıb. O mənə əmr etdi ki, qutuları çıxarım. Renault motorunun qara qutusu kokpitin arxasında idi, kəlbətinlə onu açdım. Williams şassisinin qutusu isə arxa təkərin yanında radiatorun arxasında idi. Mən bu qurğulardan çox görmüşəm, dəfələrlə onları yoxlamışam. Qutular salamat idi, düzdür, üstləri cızılmışdı. Williams-ın qutusu zərbəyə tab gətirmişdi.”
Williams-ın boksunda mühəndis Marko Spiqa qutulardan məlumatları götürməyə çalışdı, amma alınmadı: “Qutunun birini oxumaq mümkün deyil, Renault-nun qutusundan isə məlumatları birtəhər disketə nüsxələdik.”
14:55-də, qəzadan 37 dəqiqə sonra yarışa yenidən start verildi. Beş dəqiqə sonra Senna helikopterlə Maggiore hospitalına çatdırıldı. Həkimlər sürücünü dərhal intensiv terapiya şöbəsinə çatdırdılar və beynini skanerə saldılar. Müayinə trasda qoyulmuş diaqnozu təsdiq etdi. 15:10-da Ayrtonun ürəyi bir daha dayandı. Həkimlər onu işə sala bildilər və Sennanı süni həyatı təminetmə sisteminə qoşdular.
Braziliya Qalvao Buenonun hər bir sözünü göydə tuturdu: “Hamı şad xəbər gözləyirdi, qulaqlıqlarda daim menecer mənə deyirdi ki, yayımı davam edim, amma mən üç dəfə küçəyə çıxdım, dərindən nəfəs aldım və qayıtdım. Ayrtonla dostluq etdiyim üçün hamı mənim kabinəmə gəlməyə başlamışdı. Barrikellonun meneceri, Kristian Fittipaldinin qız rəfiqəsi – hamı ümidlə gəlirdi.”
TV Globo-nun başqa məlumat mənbələri də var idi. Şərhçilərdən birinə Sennanın vəziyyəti barədə iki vərəq məlumat verilmişdi, son məlumata görə, Sennanın beyni zədələnmişdi. Səhər saat 8-də Rio de Janeyronun və San Paulunun küçələri boş idi. Senna həyatla mübarizə aparırdı, şərhçilər pis xəbərə hazırlaşırdılar, milyonlarla braziliyalılar isə baş verənlərə inanmayaraq gözləyirdilər.
On bir dövrə yarışda liderlik etmiş Gerhard Berger asılqanın sınması üzündən boksda dayandı. “Mexaniklərin yanına qaçdım, axı nə baş verirdi?”
41-ci dövrədə pit-leyndən çıxışda Mikelo Alboretonun Minardi-sindən təkər ayrıldı və Lotus-un mexaniklərinə çırpıldı – təkəri pis bağlamışdılar. Alboreto isə sevinirdi – maşından düşdü, şlemi kənara tulladı və tibbi mərkəzə həkimlərin yanına qaçdı. Həkimlərlə qısa söhbətdən sonra Ferrari-nin boksuna qayıtdı və Bergerə dedi: “Ayrton çox pisdir, hospitaldadır, ölüm ayağındadır.” Berger cavab verdi: “Bəs onda niyə bu davam edir?”
Finişə 10 dəqiqə qalmış Bueno başa düşdü ki, tıxac üzündən hospitala çata bilməyəcək və Braqadan helikopter tapmağı xahiş etdi. Braqa kabinədən çıxdı və McLaren-in meneceri Co Ramireslə üz-üzə gəldi, Co problemi həll elədi. Kristian Fittipaldi soruşdu ki, o da uça bilər, Bueno razılıqla cavab verdi.
Sid Votkins üçün qəzadan sonrakı iki saat dəhşətli keçdi. Yanından ötüb keçən maşınları gördükcə, ona elə gəlirdi ki, bu heç vaxt qurtarmayacaq. 16:20-də yarış qurtardı, Sid canlandı. Mixael Şumaxer mövsümdə ardıcıl üçüncü qələbəsini qazandı, amma nə o, nə də podium qazanmış digər sürücülər – Nikola Larini və Mika Həkkinen bilmirdilər ki, Senna necədir, amma sifətlərindən görünürdü ki, onlar ən pis xəbərdən qorxurlar.
Yarış qurtaran kimi Bueno qulaqlıqları kənara tulladı, estafeti Braziliyadakı studiyaya verdi. O bilirdi ki, Senna can verir və onun yanında olmaq istəyirdi. O, Arrows-un motorhoumuna tələsdi – Fittipaldi bir az gözləməyi xahiş elədi. McLaren-in motorhoumunun yanında azarkeşlər Antonio Braqanı, Gerhard Bergeri, Ron Dennisi və Co Ramiresi əhatəyə almışdılar. Berger Braqaya məsləhət gördü ki, Parisə məşhur neyrocərraha zəng eləsin, vaxtılə həmin cərrah Jan Alezinin həyatını xilas eləmişdi.
Sid Votkins tibb mərkəzinə qayıtdı və orda Lotus-un başçısı Piter Kollinzi gördü. Sid və Piter çoxdan dostluq edirdilər, Piter Ayrton barədə xəbər eşitmək istəyirdi, amma əvvəlcə öz mexanikləri ilə maraqlandı. Votkins ona dedi ki, hər şey qaydasındadır, Kollinz soruşdu: “Senna pisdir?” Sid bir kəlmə dedi: “Bəli.” Kollinzin – “Ümid var?” – sualına, Sid yenə bir kəlmə ilə cavab verdi: “Xeyr.” Kollinz Formula1 dünyasından həqiqəti bilən birinci şəxs oldu.
Bolonya Tibb mərkəzinin baş həkimi Mariya Tereza Fiandri Maggiore hospitalına çağrılmışdı. Yarım saatdan sonra jurnalistlər də gəldilər, 16:30-da Fiandri Ayrtonun vəziyyəti barədə ilk bülleteni oxudu. O bildirdi ki, Ayrtonun beyni zədələnib, geniş əraziyə qan dolub, sürücü komaya düşüb. Növbəti bülleten isə 18:00-da səslənəcək..
İtaliya polisi insidentin ölümlə nəticələnə biləcəyini öyrənən kimi avtodroma gəldi və Sennanın şlemini götürdü.
Sid Votkins tibb mərkəzində işlərini qurtardıqdan sonra paltarını dəyişdi və Maggiore-dən qayıdan tibbi helikopterə tələsdi. Həkim Servadeyi ilə birlikdə hospitala uçdu. Sid İmoladan təcili uzaqlaşmaq istəyirdi – orda qalmağa gücü yox idi
Gözləməkdən yorulmuş Bueno Arrows-un boksuna Fittipaldinin dalınca getdi. Yolda Portuqaliya televiziyasından Xose Pinto ilə üzləşdi, icarəyə götürdüyü maşının açarlarını ona verdi və xahiş elədi ki, açarları Recinaldo Lemeyə versin.
Bueno Fittipladi ilə helikopter meydançasına qayıtdı, tezliklə Braqa və Berger də onlara qoşuldular və helikopter Maggiore-yə istiqamət götürdü. Uçuş zamanı heç kim bir kəlmə söyləmədi.
Sennanın vəziyyəti barədə son xəbərdən sonra İmolanın mətbuat mərkəzini dəhşət bürümüşdü. Ən yaxşı halda Ayrton bir də starta çıxmayacaq, pessimistlər isə bilirdilər ki, sürücü heç gecəyarısına qədər yaşamayacaq.
Jurnalist Dəvid Tremeyn Kollinzlə danışdı və Londonun İndependent qəzeti üçün nekroloq yazmağa başladı, başqa jurnalistlər də kompüter araxasına keçdilər.
Maggiore-yə çatan Sid Votkins Sennanı müayinə edən həkimlə danışdı. Votkinsə skanerin məlumatları göstərildi, kəllənin onurğaya birləşən yerində çoxsaylı sınıqlar var idi. Maşın beton divara çırpıldıqdan sonra sağ ön təkər divardan zərblə geri dönüb və şlemin yuxarı ön hissəsinə çırpılıb. Sennanın başı zərbədən geri, başlıqaltına sıxılıb, kəllə onurğaya birləşən yerində ciddi zədə alıb. Təkərin üzərində olan asılqanın bir hissəsi şlemi dağıdıb, sürücünün alnına və sağ gözünün altına dəyib. Bu üç zədənin hər biri ölümcül idi, üçü bir yerdə isə sürücüyə heç bir şans vermirdi. Neyrocərrah bildirdi ki, əməliyyat keçirməyin mənası yoxdur, Votkins isə monitora baxaraq başa düşdü ki, sürücünün ölümünə az qalıb.
Həkim Servadeyi və həkim Qordini Votkinslə birlikdə Leonardonu, Lebereri və Yakobini Sennanın palatasının yanındakı otağa apardılar və bildirdilər ki, vəziyyət pisdir. Leonardo inanmırdı və heç nə eşitmək istəmirdi, Yakobi və Leberer isə hər şeyi başa düşdülər. Leberer Sennanı görmək istəyirdi. Həkimlər onu xəbərdar etdilər ki, sürücünün başı dağılıb və gördüyü ona pis təsir edə bilər, amma o öz dostunu görmək istəyirdi. Otaqda həyatı təminetmə sisteminin səsindən çox səs-küy var idi. Leberer xatırlayır: “Mən otağa girdim, çünki mən Ayrtonu görmək istəyirdim. Biz bir-birimizi çoxdan tanıyırdıq. Biz yaxın dost idik. Otağa daxil olmaq mənə çox çətin idi.”
Elə bu vaxt Bueno olduğu helikopter hospitala çatdı, hospitalın əməkdaşları Gerhard Bergeri tanıdılar və qrup intensiv terapiya şöbəsinə buraxıldı. Dörd nəfər otağa daxil oldu, onları professor Votkins qarşıladı. Bueno xatırlayır: “Sid dedi ki, o ölüb, onun beyni ölübdür. Ayrtonun ürəyi iki dəfə dayanıb, amma işə salmaq mümkün olub. Onun həyatını maşın dəstəkləyir. Yerli qanunlara görə, 12 saat gözləməliyik, yalnız bundan sonra maşını söndürə bilərik. Mən soruşdum ki, biz hamımız hələ neçə saat əziyyət çəkəcəyik? Sid isə dedi ki, əmin deyil ki, lap maşınla Ayrton çox yaşaya bilsin.”
Votkins hamıya vidalaşmağı təklif etdi. Berger birinci getdi, Leberer onunla otağa daxil oldu. Berger Sennanın çarpayısında oturdu, uzun müddət karyerasında böyük rol oynamış insana baxdı. Nəsə danışırdı, başa düşmək olmurdu, sonda “Əlvida” deyib dostunun üzündən öpdü.
Ondan sonra hamı növbə ilə otağa daxil oldu…
Berger Sennanın yanından çıxdıqdan sonra Votkins hospitalı tərk etdi – Sid ölümə öyrəşmişdi, amma bu gün baş verənlər onun gördüklərinə bənzəmirdi. Bu gün onun dostu ölmüşdü, Sid otelə qayıtdı, televizoru yandırdı, qəzanın təkrarını görüb söndürdü.
Berger də tənha qalmaq istəyirdi. Aeroporta getdi, Avstriyaya uçmaq istəyirdi. Aeroportda gecə qaranlığında Sennanın təyyarəsini tək qalmış, sahibini gözləyən gördükdə, çox sarsıldı.
Portuqaliyada Luiza Braqa Adriana üçün təyyarə bron etdi. Adriana artıq bilirdi ki, ümid çox azdır, amma inanırdı, həm də qonşusu belə eşitmişdi ki, guya Senna ayılıb. Adriananın anası San Pauludan zəng elədi və TV Globo-dan eşitdiklərini qızına danışdı, Avropa kanallarından fərqli olaraq bu kanal həqiqəti gizlətmirdi. Dəstəyi qoyan Adriana Ayrtonun anası Neyde da Silvaya Braziliyaya zəng elədi. Neyde ona bildirdi ki, ailə yerli vaxtla 14:30-da Bolonyaya uçmağa hazırlaşır.
Elə bu zaman Maggiore hospitalında növbəti müayinə göstərdi ki, Sennanın beyni ölüb və həyat süni surətdə davam etdirilir. Həkimlər rəsmi bəyanatı müzakirə etdilər. Onlar insanlara yalandan ümid vermək istəmirdilər, amma Ayrtonun ölməsini də deyə bilmirdilər.
18:05-də həkim Fiandri titrəyən səslə toplaşanlara xəbər verdi ki, Senna kliniki olaraq ölüb. Düzdür, hələlik həyatı təminetmə sisteminə qoşulub və yalnız bu avadanlıq ürəyin işini dəstəkləyir. Bu xəbər bütün kanallarla yayıldı, Britaniyada isə sona qədər gözləməyi qərara aldılar.
Neyde telefonla həyat yoldaşı Leonardoya dedi ki, böyük oğlunun yanına keşiş gətirsin. 18:15-də keşiş Sennanın otağına daxil oldu və son mərasimini yerinə yetirdi. İyirmi dəqiqə sonra Ayrtonun ürəyi bir də dayandı və həkim Fiandri onu canlandırmağa çalışmadı – həkimlər bacardıqlarını etmişdilər. 18:40-da o bildirdi ki, Senna ölüb, amma ölümün rəsmi vaxtı 14:17 hesab olunacaq – Williams maşınının divara çırpıldığı və Sennanın beyninin öldüyü vaxt…
Ev qulluqçusu Adriananı Faro aeroportuna çatdırdı. 18:30-da çarter reysi gəldi, Adriana səbirsizliklə gözləyirdi. Qapı açıldı, o özünü Luiza Braqanın üstünə atdı. Pilot xəbər verdi ki, uçuş üç saat çəkəcək və uçuşa icazəni gözləməyə başladı. Ona isə son xəbər verildi. Təyyarəçi qadınlara bildirdi ki, uçuşa icazə verilmir, çünki vacib zəng var – Ayrtonun ölüm xəbərini təyyarəçi bildirmək istəmədi.
Qapı açılan kimi qadınlar təyyarədən çıxdılar, Adriananı terminalın sakitliyi sıxırdı, ətrafda hamı susurdu. Luizanın ardınca dispetçerin yanına keçdi: “Başımdan topuğuma qədər sıxılmışdım. Deyilənləri eşitmirdim, Luiza mənə tərəf dönəndə ağappaq ağarmışdı… Demə ki, o ölüb… Cavabında isə eşitdim: O ölüb…”
İki qadın qırx dəqiqə otaqda ağlayaraq qalmışdı. Onlar bilmirdilər ki, nə etsinlər, sonra geriyə Sennanın evinə qayıtdılar. Evə çatanda hamını matəm içində gördülər. Ayrtonu öz oğlu kimi sevən ev qulluqçusu da ağlayırdı. Adriana yataq otağına keçib üzüqoylu çarpayıya uzandı, iki saat tərpənmədi. Adriana xatırlayır: “Bir neçə saat əvvəl sadəlövhlüklə inanırdım ki, evə tez gələcək, üzündə təbəssüm məni qucaqlayacaq.”
Cozef Leberer paddoka qayıdanda hamını şok içində gördü – artıq hamı pis xəbəri bilirdi. Cozef xatırlayır: “Deyəsən, hamı gözləyirdi və soruşurdu: nə olub, nə olub? Mən də deməli oldum.”
Leberer dərd içində üzülən iki komanda ilə danışmalı oldu – Williams və McLaren. Ron və Liza Dennis, Mansur və Keti Ocey onun başının üstünü kəsdilər. Cozef Frənk Uilyamsı və Patrik Hedi inamsız gördü. Onlar nəhayət ki Sennanı komandaya aldıqdan sonra braziliyalı sürücü belə tezliklə onlardan getmişdi.
Luiza Braqa hospitalda olan əri ilə danışdı, məlum oldu ki, Bolonyaya getməyin mənası yoxdur, toplaşıb Braziliyaya getmək lazımdır.
Adriana bütün otaqları gəzdi, bağa düşdü. Ağaclar ay işığında nurlanmışdı. O, hovuza yaxınlaşdı, ayın əksinə baxdı, otağa qayıtdı və faksdakı xəbərləri yoxladı. Divardan asılmış və stol üzərinə qoyulmuş şəkillərə, yarış mükafatlarına baxdı, çox bahalı İsveçrənin istehsalı olan pleyerin önündə dayandı. Ona maraqlı gəldi, görəsən Ayrton sonuncu dəfə hansı musiqiyə qulaq asırdı? Düyməni basdı və Fil Kollinzi eşitdi…
İmolada mətbuat mərkəzində hələ iş gedirdi: 200 jurnalist 200 qəzet üçün 200 nekroloq yazırdı. Dağılmış Williams FW16-nın qoyulduğu boksun önündə silahlı polislər keşik çəkirdilər.
Hospitalda tibb bacıları Sennanın kombinezonunun qolundan Avstriyanın bayrağını tapdılar. Jurnalistlər hesab etdilər ki, Ayrton finişdən sonra 42-ci qələbəsini bir gün əvvəl həlak olmuş Roland Ratzenbergerə həsr edəcəkmiş.
Gecəyarısı Ancelo Orsi ofisə qayıtdı. Şəkillər çox qorxulu alınmışdı, amma o əmin idi ki, istənilən jurnal bu şəkilləri dərc edəcək. Sennanın ailəsi fotoqrafla danışdı, Orsiyə bildirdilər ki, ailə bu şəkillərin dərc olunmasını istəmir. Orsi onların qərarını qəbul etdi.
Bu şəkilləri Ayrtonun və Adriananın ailələrindən başqa heç kim görmədi. Bu şəkillər Autosprint-in ofisində Orsinin seyfində saxlanılır. Həm jurnal, həm də Orsi bütün təklifləri rədd etdilər, amma şəkillərə 100 min dollar təklif edənlər də var idi. Qalvao Bueno Orsinin bu hərəkətini yüksək qiymətləndirdi: “Orsi yeganə adamdır ki, həmin gün Sennanın şəklini çəkmişdi, şəkillər indi də onun seyfindədir. Amma o gəlirdən imtina etdi, şəkilləri satmadı və satmayacaq. Onun rəhbərliyi bu hərəkəti başa düşdü.”
Qalvao Bueno həmin gün barədə çox şey danışa bilərdi, amma Ayrtonun valideynlərinə söz verdi ki, bir də bu barədə danışmayacaq…
Amerikada NBC gecə xəbərlərinə müsahibəsində həmin gün Naycel Mənsell demişdi: “Mən elə bilirdim ki, Senna ölməzdir. Amma bu ağrı zamanla keçməyəcək və sağalmayacaq…”
Mən Ayrton Senanın Xarakteri necəydi bilmək istərdim məlumat verə yaza bilərsiz
bu barədə çox yazmaq olar, amma ən yaxşısı onun haqqında çəkilmiş filmlərə baxın ))