Manor komandası yenə də müflis elan ediləcək?

Cümə günü Manor Racing komandasının əməkdaşlarına bildirilib ki, komandada xarici idarəetmə tətbiq olunub - biz komandanın maliyyə durumu ilə bağlı belə bir ssenarinin gözlənməsi barədə əvvəlcədən yazmışdıq.

Dünən komandanın icraçı direktoru Tomas Mayer və FRP Advisory şirkətinin əməkdaşları komandanın kollektivini hadisələrin xoşagəlməz inkişafı barədə xəbərdar ediblər. Komandanın xaricdən idarəçiləri Ceff Rouli və Fil Armstronq təyin ediliblər.

Komandanın başçısı Stiven Fitspatrik bildirib ki, komandanı satmaq cəhdi uğursuzluğa düçar olduqdan sonra bu qərarı qəbul edib. Son həftələrdə komandaya bir neçə potensial alıcı maraq göstərsə də, müəyyən edilən tarixə qədər heç bir sərmayədar ödəmə qabiliyyətini sübut edən sənəd göstərməyib.

Stiven Fitspatrik: “Bu xoşagəlməz qərar Manor-un ikiillik fəaliyyətinin kədərli sonluğudur.

İki il ərzində biz bir çox sərmayədar qruplarla danışıqlar apardıq və sonda dekabrda komandanın asiyalı investorlar konsorsiumuna satmaq barədə razılığa gəldik. Bununla biz Manor-un inkişafını davam etdirmək üçün baza qazandıq. Təəssüf ki, gözlənilən zaman başa çatdı, amma danışıqlarımız sona çatmadı. İki il əvvəl biz mövsümə inamsız başlamışdıq, həmin hadisələrin təkrarlanmaması üçün belə bir çətin qərarı qəbul etməli olduq – bu gündən komanda xarici idarəetməyə təhvil verilir.

2015-ci ildə komandanı mən xarici idarəçilərdən almışdım və məqsədimiz 2016-cı ildə komanda ilə ilk onluğa düşmək idi. Mövsümün böyük bir hissəsində biz planımızı yerinə yetirirdik, amma dramatik Braziliya yarışı bizim ümidlərimizi puç etməklə komandanın gələcək fəaliyyətini də sual altında qoydu.

Mən bütün mövsümü, Manor-un etdiklərini böyük fəxrlə xatırlayıram – komandanın tarixində ən uğurlu mövsüm idi. Ona görə də bütün kollektivə səylə, məqsədəyönlü və ehtirasla çalışdıqlarına görə təşəkkür edirəm. Təəssüf ki, bizim inkişafımız davam etməyimiz üçün yetərli olmadı”.

F-1.az bildirir ki, komandanın əməkdaşları hələ iş yerlərini itirməyiblər və xarici idarəçilər bir müddət investorların axtarışını davam etdirəcəklər ki, komandanın yeni mövsümə hazırlığını təmin edə bilsinlər. Hərçənd, onların çox az vaxtı var…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*