F-1.az xatırladır ki, Manor komandası mövsümün əvvəlində Rio Haryanto və Paskal Verlyaynla yarışacağını elan etmişdi. Lakin Rio komandada yarışmaq üçün sadəcə yarım mövsümlük pulu ödəmişdi. İndi də qalan hissə ödənilməlidir ki, indoneziyalı pilot çıxışını davam etdirə bilsin. İndoneziya hökuməti və pilota sponsorluq edən Pertamina şirkəti lazım olan məbləği ödəyəcəklərinə söz vermişdilər. Hətta şirkət artıq bu məsələnin həll olunduğunu da bildirmişdi. Lakin yerdə qalan ödəniş hələ edilməyib və komanda Rio ilə yollarını ayıra bilər. Belə olacağı təqdirdə komandanın Cordan Kinq ilə müqavilə bağlayacağı bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Silverstounda keçirilən sonuncu mövsümiçi testlərdə Manor-un sükanı arxasında əyləşən Cordan həm də GP2 seriyasında çıxış edir. Hazırda Racing Engineering komandasının üzvü olan sürücü geridə qalan 10 yarışda 2 qələbə qazanıb, 3 dəfə podiuma yüksəlib. Hazırda 64 xalla 7-ci yerdədir.