F-1.az xəbər verir ki, hər mövsüm maraqlı hadisələrlə zəngin olan Malayziya Qran Prisinin startındaca yarışın taleyinə təsir edəcək hadisələr baş verib. İlk döngədə Maks Ferstappenlə toqquşmamaq üçün əyləcə gec basan Sebastyan Fettel Niko Rosberqlə toqquşub və onun yerində fırlanaraq 21-ci yerə qədər geriləməsinə səbəb olub. Özü isə ön asılqanın qırılmasına görə yarışı dayandırmalı olub. Bütün həftəsonu boyunca olduqca güclü təsir bağışlayan Lyuis Həmilton yaxşı çıxışını yarışda da davam etdirib. Arxasındakı Red Bull sürücülərinə yaxınlaşmağa imkan verməyən Lyuis yarışın sonuna yaxın pis sürprizlə qarşılaşıb – motoru partlayan birtaniyalı sürücü yarışı dayandırmalı olub və çempionluq uğrunda olduqca əhəmiyyətli xallar itirib.
Dördüncü yerdən start alan Daniel Rikkardo startdakı insidentdən sonra komanda yoldaşı Ferstappeni də keçərək 2-ci yerə yüksəlib. Lyuisin yarışı dayandırmasına az qalmış Ferstappenə keçilən avstraliyalı əks hücumla yerini qaytarıb və başqa hücum şansı verməyib. Lyuisin problemlə üzləşməsindən sonra liderliyə yüksələn Daniel finiş xəttini birinci keçərək bu il çox gözlədiyi qələbəni, nəhayət ki, qazanıb.
Startda yer itirməsinə baxmayaraq, tez pit-stop edərək üstünlük əldə edən Ferstappen yarışın sonua qədər qələbə qazanmaq üçün çalışsa da, Rikkardoya çata bilməyəcəyini başa düşüb və ikinciliyə razı olub. O, bu il 5-ci dəfə podiuma yüksəlib.
Çempionatın lideri Rosberq üçün yarış heç də yaxşı başlamasa da, nəticə onun xeyrinə olub. Startdakı insidentdən sonra 21-ci yerə qədər geriləyən Niko əla yarışıb və rəqiblərini keçərək 5-ci yerə qədər yüksəlib. Kimi Rəykkönenə etdiyi hücumdakı təmasa görə stüardlar tərəfindən onun vaxtına 10 saniyə əlavə edilib. Buna baxmayaraq, Niko yerini qoruya bilib. Yarışın sonunda Kimi ilə arasındakı fərqi 13 saniyəyə yüksəldən alman sürücü podiuma yüksəlib və çempionatdakı xal fərqini 23-ə yüksəldərək lideriyini daha da möhkəmləndirib.
Fərqli strategiya seçərək cəmi bir dəfə təkərlərini dəyişən Valtteri Bottas 5-ci olaraq komandasına vacib xallar qazandırıb. Force İndia-nın sürücülərindən Serxio Peres 6-cı, Niko Hülkenberq isə 8-ci olublar və komanda Mühəndislər Kubokunda 4-cü yerini qoruya bilib.
Yarışa son sıradan başlayan Fernando Alonso isə yenilənmiş Honda motoru ilə möhtəşəm çıxış edib. Çoxsaylı ötmələr edən ispan sürücü 7-ci yeri tutub. Onun bu nəticəsi komandanın növbəti yarışlarda və gələn mövsümdə daha güclü olacağına ümid bəslməyə əsas verir. McLaren-in digər sürücüsü Censon Batton isə 9-cu olub və karyerasının 300-cü yarışında xal qazanmağı bacarıb. Renault-nun sürücüsü Colion Palmer isə, nəhayət ki, karyerasında ilk dəfə xal qazanmağa nail olub. Yarışda 10-cu olan britaniyalı sürücü aktivinə 1 xal yazıb.
Malayziya Qran Prisinə Mühəndislər Kubokunu ardıcıl 3-cü dəfə qazanmaq ümidi ilə gələn Mercedes AMG komandası bu istəyini ən azı bir yarışlıq təxirə salmalı olub. 2013-cü ildən bəri ilk dəfə podiumun ən yüksək iki yerini tutan Red Bull isə bu maksimum nəticə ilə Ferrari-dən bir qədər də uzaqlaşıb.
Niko Rosberq az qala 2-ci yerə düşəcəyi çempionatda Lyuisin yarışı tamamlaya bilməməsinə görə xal fərqini daha da artırıb. Aktivində 288 xal olan Nikonu Lyuisdən 23 xal ayırır. Rikkardo isə xal ehtiyatını 204-ə yüksəldib və Ferrari sürücüləri ilə arasındakı böyük xal fərqi onun mövsümü 3-cü yerdə tamamlamaq şansını artırır. Rəykkönen Fetteli keçərək 4-cü olub. Fernando Alonso isə Felipe Massanı 1 xal fərqi ilə üstələyir və artıq çempionatda 10-cu yerdədir. Bir həftə sonra bizi Yaponiyada daha gərgin mübarizə gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Pit |
1 | 3 | Daniel Rikkardo | Red Bull | 1:37.12.776 | 2 |
2 | 33 | Maks Ferstappen | Red Bull | + 0:02.443 | 3 |
3 | 6 | Niko Rosberq (*) | Mercedes AMG | + 0:25.516 | 3 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:28.785 | 3 |
5 | 77 | Valtteri Bottas | Williams | + 1:01.582 | 1 |
6 | 11 | Serxio Peres | Force İndia | + 1:03.794 | 2 |
7 | 14 | Fernando Alonso | McLaren | + 1:05.205 | 3 |
8 | 27 | Niko Hülkenberq | Force İndia | + 1:14.062 | 3 |
9 | 22 | Censon Batton | McLaren | + 1:21.816 | 2 |
10 | 30 | Colion Palmer | Renault | + 1:35.466 | 1 |
11 | 55 | Karlos Sayns | Toro Rosso | + 1:38.878 | 2 |
12 | 9 | Markus Eriksson | Sauber | + 1 dövrə | 2 |
13 | 19 | Felipe Massa | Williams | + 1 dövrə | 3 |
14 | 26 | Daniil Kvyat | Toro Rosso | + 1 dövrə | 3 |
15 | 94 | Paskal Verlyayn | Manor | + 1 dövrə | 3 |
16 | 31 | Esteban Okon (**) | Manor | + 1 dövrə | 2 |
(*) – Niko Rosberq Kimi Rəykkönenlə insident yaşadığı üçün yekun nəticəsinin üzərinə 10 saniyə əlavə olunub
(**) – Esteban Okon pit yolunda sürət limitini aşdığı üçün yekun nəticəsinin üzərinə 10 saniyə əlavə olunub
Sürətli dövrə: Niko Rosberq (Mercedes AMG) – 1:36.424 (44-cü dövrə, 206.948 km/saat)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Felipe Nasr | Sauber | 46 | Əyləc sistemi |
Lyuis Həmilton | Mercedes AMG | 40 | Motor |
Esteban Qutyerres | Haas | 39 | Təkərin bağlanmaması |
Kevin Maqnussen | Renault | 17 | Əyləc problemi |
Roman Qrojan | Haas | 7 | Əyləc Problemi |
Sebastyan Fettel | Ferrari | 0 | Qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 6 | Niko Rosberq | Mercedes AMG F1 Team | 288 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG F1 Team | 265 | |
3 | 3 | Daniel Rikkardo | Red Bull Racing | 204 | |
4 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 160 | |
5 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 153 | |
6 | 33 | Maks Ferstappen | Red Bull Racing | 147 | |
7 | 77 | Valtteri Bottas | Williams Martini Racing | 80 | |
8 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 74 | |
9 | 27 | Niko Hülkenberq | Sahara Force İndia F1 Team | 50 | |
10 | 14 | Fernando Alonso | McLaren Honda Formula 1 Team | 42 | |
11 | 19 | Felipe Massa | Williams Martini Racing | 41 | |
12 | 55 | Karlos Sayns | Scuderia Toro Rosso | 30 | |
13 | 8 | Roman Qrojan | Haas F1 Team | 28 | |
14 | 26 | Daniil Kvyat | Scuderia Toro Rosso | 25 | |
15 | 22 | Censon Batton | McLaren Honda Formula 1 Team | 19 | |
16 | 20 | Kevin Maqnussen | Renault Sport Formula 1 Team | 7 | |
17 | 30 | Colion Palmer | Renault Sport Formula 1 Team | 1 | |
18 | 94 | Paskal Verlyayn | Manor Racing MRT | 1 | |
19 | 47 | Stoffel Vandorn | McLaren Honda Formula 1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG F1 Team | Mercedes | 553 |
2 | Red Bull Racing | TAG Heuer | 359 |
3 | Scuderia Ferrari | Ferrari | 313 |
4 | Sahara Force India F1 Team | Mercedes | 124 |
5 | Williams Martini Racing | Mercedes | 121 |
6 | McLaren Honda Formula 1 Team | Honda | 62 |
7 | Scuderia Toro Rosso | Ferrari | 47 |
8 | Haas F1 Team | Ferrari | 28 |
9 | Renault Sport Formula 1 Team | Renault | 8 |
10 | Manor Racing MRT | Mercedes | 1 |