Maks Ferstappenin Sinqapur lənəti davam edir

Sinqapurdakı sıralanma turu dünən F1 azarkeşlərinin ürəyincə oldu. Xüsusən də Tiffozilərin. Belə ki, Karlos Sayns poul aldığı halda, hər iki Red Bull sürücüsü son sessiyaya qala bilmədi.

Belə götürəndə Sinqapur yarışı Red Bull üçün həmişə düşərli olub. Fikir verin, komanda 2010-cu ildən bəri hər il Sinqapurda podiumda olub. Hətta, ən zəif olduqları və yarış qazana bilmədikləri 2015-ci ildə belə Daniel Rikkardo yarışı ikinci yerdə bitirmişdi.

Lakin dünən hər şey “qırmızı öküzlər” üçün tərsinə getdi. Maks Ferstappen bu mövsüm ilk dəfə sıralanma turunda son sessiyaya qala bilmədi. Özü də onu son sessiyadan edən Red Bull Sürücü Akademiyasının digər üzvü və potensiallı Liam Louson oldu.

Təsəvvür edin, Red Bull komandası Sinqapurdakı son 11 yarışda podiumda olub, amma ən sürətli maşınlarının olduğu və mövsümün ilk 14 yarışını qazandığı mövsümdə deyəsən bunu bacara bilməyəcəklər. Ancaq bilmək olmaz. Niderlandlı sürücünün daha əvvəl gerilərdən başlayıb qazandığı yarışlar olub. Lakin bu tras ötmələr üçün elə də əlverişli deyil. Görək nə olur.

İndi keçək Maks Ferstappenin Sinqapurdakı keçmişinə. 25 yaşlı pilot bu trasda hələ də qalib gələ bilməyib. O, 2017 və 2022-ci ildəki yarışlarda qəzalar edib. Birində mübarizəni dayandırıb, birində gerilərə düşüb. İki dəfə isə podiuma yüksəlib. Bəs Maks Marina Baydakı qələbəsizlik seriaysına son verə biləcək?

Maksdan danışdıq. Keçən günün əsas qəhrəmanına – Karlos Saynsa. O, İtaliyadan sonra burada da poul qazanaraq, Tiffozilərin sevimlisinə çevrilməyə davam etdi. Bu dədə qələbə daha yaxın görünür, çünki İtaliyadan fərqli olaraq, arxasında Maks Ferstappen yoxdur. Lakin Corc Rassell var. Britaniyalı sürücünün hələ də istifadə etmədiyi yeni dəst Medium təkərləri var. Digər sürücülərdə bu yoxdur. Bu da Corca yarışda üstünlük qazandıra bilər.

Digər tərəfdə isə Şarl Lekler var. Dünən sıralanma turunda səhv etməsə, böyük ehtimal poulda olacaqdı və bəlkə də yarışı qazanacaqdı. Lakin o, bu gün yaxşı bir startla Corc Rasselli keçə bilsə, komandasının qələbəsi üçün möhür vura bilər.

Günün digər sürprizi isə Haas komandasının sürücüləri idi. Onlar bu həftəsonu yaxşı performansla 6 və 9-cu yerləri tutdular. Düzdür, Haas komandasının bolidi yarışda təkərə çox pis davranır və bu hal onları həmişə geriyə salır. Sinqapurda da hava isti olsa, onların işləri yenə də çətin olacaq. Lakin sinoptiklər bu gün yarış vaxtı Marina Baya yağış yağacağını deyirlər. Bəlkə də, o xaosda Haas komandası tarixinin ilk podiumunu əldə edər.

Mercedes komandasının sürücüsü Lyuis Həmilton isə bugünkü yarışa 5-ci yerdən başlayacaq. Yeddiqat Dünya Çempionu İtaliya Qran Prisindən sonra Sinqapurda da yarışa komanda yoldaşından geridə başlayacaq. Deyəsən yeni müqavilədən sonra Lyuis xeyli rahatlayıb.

Burada 2008 və 2010-cu illərdə qalib gəlmiş Feranando Alonso isə yeddinci olaraq, yaxşı iş gördü. Onsuz da sıralanma turundan sonra da dediyi kimi bütün gecə orada dövrə vursa belə bundan yaxşısını edə bilməzdi. Bəs görək Alonso yaxşı bir startla önə çıxa bilər? Xatırladaq ki, ikiqat Dünya Çempionu 2013-cü ildəki Sinqapur yarışının startında 7-ci yerdən üçüncü yerə yüksəlmişdi. Bəs bu gün? Bu mümkün olacaq?

Sıralanma turunun anti-qəhrəmanı isə sözsüz ki, Ləns Stroll idi. Kanadalı sürücü sıralanma turunun birinci sessiyasında qəza edərək, həm mübarizəni vaxtından əvvəl dayandırdı. Bu qəzaya görə həm maşını yararsız hala saldı, həm də özünü zədələdi. Buna görə də bugünkü yarışda iştirak edə bilməyəcək. Maşında da təmiri mümkün olmayna problemlər var.

Bu gün bizi maraqlı Sinqapur yarışı gözləyir. Red Bull-un ardıcıl qələbə seriyası qırılacaq? Bəs bunu kim qıracaq? Ferrari yoxsa Mercedes? Yoxsa Fernando Alonso? Yarış Bakı vaxtı ilə saat 16:00-da başlayacaq və məncə, bu yarışı qaçırmaq olmaz.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*