Maks Ferstappen çempionatın taleyini həll etdi?

Mövsümün beşinci yarışı Mayamidə geridə qaldı. Hamı yarışdan əvvəl Serxio Peresin rahatlıqla qələbə qazanacağını düşünsə də, meksikalı sürücü əlinə düşən fürsəti əli ilə özündən itələdi.

Əslində Peresin qazanmaq üçün ideal şansı var idi. Yarışı qazanıb, karyerasında bir çox ilkə imza ata bilərdi – Karyerasında ilk dəfə Mayamidə qalib gələ bilərdi, karyerasında ilk dəfə bir mövsümdə üç qələbə qazana biərdi, karyerasında ilk dəfə Mühəndislər Kubokunda liderliyə yüksələ bilərdi.

Amma digər tərəfdə Maks Ferstappen faktoru var idi. Keçən mövsüm gerilərdən başlayıb bir neçə yarış qazanmış Ferstappen… Niderlandlı Mayamidə də ənənəsinə sadiq qaldı və 9-cu yerdə başladığı yarışda elə rahatlıqla qalib gəldi ki, elə bil virtual oyunda asan rejim seçmişdi…

Yarışa Medium təkərlərlə başlayan Peres startdan sonra Alonsodan uzaqlaşmaqda çətinlik çəkirdi. Ferstappen isə Hard təkərlrəi ilə  artıq yarışın 15-ci dövrəsində ikinci pilləyə qədər gəlmişdi və iki komanda yoldaşı arasındakı fərq sadəcə 3.8 saniyə idi. Peres lider getdiyi yarışda fərqi aça bilmədiyi bəs deyilmiş kimi təkərləri də tez yedi. Nəticədə Ferstappen fərqi hər dövrə əritməyə başladı.

Pit-Stoplardan sonra Peres yeni Hard təkərlərlə əvvəlcə sürətli görünsə də, meksikalı bu təkərləri də tez yeyib-bitirdi. Bunun nəticəsində Ferstappen fərqi yenidən 13 saniyədən 17.5 saniyəyə qədər qaldırdı. Pit-stopdan sonra isə Peresi keçərək, mövsümdə üçüncü qələbəsini qazandı.

Məncə, bu qələbədən sonra 25 yaşlı pilot bütün psixoloji üstünlüyü əlinə aldı. Nəticədə dünənki yarışda doqquzuncu yerdən başlayıb qalib gəlməklə, rəsmən “buraların ağası mənəm” dedi.

Fernando Alonso isə biryarışlıq fasilədən sonra yenidən podiuma qayıtdı. Özü də bu podiumu əvvəlki yarışlarda qazandığına nisbətən daha asan başa gəldi. Alonso yarış ərzində o qədər rahat idi ki, trasdakı monitorlardan komanda yoldaşı Strollun yarışına baxırdı. İspaniyalı sürücü bu il bütün Qran Prilərdən 15 xalla ayrılıb və belə getsə, mövsümü üçüncü bağlayaraq, ilsonunda Bakıdakı Galada iştirak edəcək.

Mercedes komandası isə gözlənildiyi kimi daha sərt tərkiblərdə sürətli idilər.  Rassell yarışa 6-cı yerdən başlasa da, 4-cü bitirdi və Ferrari-dən Karlos Saynsı trasda keçdi. Lyuis Həmilton isə 13-cü başladığı yarışda 6-cı oldu və o da digər Ferrari sürücüsü Şarl Lekleri trasda keçməyi bacardı. Bu da Mercedes-lərin yarış tempində Ferrari-dən çox üstün olduğunu göstərir. Bəlkə də fərqi yaradan Mercedes komandasının sürücüləridir…

Ferrari komandası Mayamidə də yarış tempində çox geridə idi. Xüsusən də Medium təkərlərdən Hard təkərlər keçəndən sonra. Medium təkərlərlə podium uğrunda mübarizə aparan Sayns, pitlərdən sonra çox zəiflədi. Düzdür, bunda aldığı beşsaniyəlik cəzanın da təsiri var idi, amma əvvəlcə Alosno, sonra isə Rassell gənc ispaniyalını çox rahatlıqla keçdilər və fərq açdılar.

Şarl Lekler isə yarış ərzində Kevin Maqnussenlə sözün əsl mənasında siçan-pişik oynadı. Bunda monakolu sürücünün boyun ağrılarının rolu da ola bilər, amma düşünürəm ki, Leklerin karyerası ərzində ən bərbad yarışı idi. Ferrari komandasının sürücüləri SF-23-ün yarış tempini hələ də aça bilmirlər. Bolid zəifdir yoxsa sürücülərin geribildirimləri?

Alpine komandası isə Bakıdakı uğursuzluqdan sonra iki sürücü ilə də yenidən xallar qazandı. Düzdür, sürücülər bundan razı deyillər…

Yarışın bəzəyi isə sözsün ki, Kevin Maqnussen idi. Leklerlə mübarizəsi yarışa rəng qatdı. Özü də bütün güclü komandaların sürücülərinin yarışı bitirdiyi gündə 10-cu yeri tutaraq, 1 xal qazandı. Beləliklə Haas komandası ev yarışından xalla ayrılmış oldu.

Növbəti yarış isə İmoladadır. Bəs İtaliyada nələr olacaq? Bunun bilmək üçün bizi izləməyə davam edin.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*