F-1.az xəbər verir ki, dünən gecə okeanın o tayında Portlənddə İndyCar seriyasının sondan əvvəlinci mərhələsinin sıralanma turu baş tutub. Mübarizə çox gərgin alınıb və qruplardan son altılığa titula namizəd olan 7 sürücüdən beşi keçə bilib.
Hazırda çempionatda 3 və 4-cü yerlərdə qərarlaşan Skott Dikson və Markus Eriksson qrupdan çıxa bilməyiblər. İlkin mərhələdə hər qrupdan çıxan 6 sürücünün 2-ci sessiyada mübarizəsi isə titula namizəd olan 5 sürücünün superpoula yüksəlməsi ilə nəticələnib.
Son sessiyada titula namizədlərdən başqa Kristian Lundqard iştirak edib və gənc sürücü yekunda 4-cü nəticə göstərib.
Poulun sahibi isə komanda yoldaşı Cozef Nyuqardeni 0.0780 saniyə qabaqlayan Penske komandasından Skott MakLaflin olub. Avstraliyalı sürücü mövsümdə 3-cü poulunu qazanıb.
Mövsümün lideri Vill Pauer 3-cü nəticə göstərib. Ona görə də həm start, həm də yarış çox maraqla gözlənilir.