F-1.az bildirir ki, Monako uğursuzluğundan sonra Mercedes ciddi dərs alaraq tərəqqiyə nail olmuşdu, amma Hunqarorinqdə baş tutan sərbəst yürüşlərin heç birində komandanın sürücüləri liderlik edə bilməmişdilər – bu hal mövsümdə ilk dəfə baş verirdi. Cümə günü həm birinci, həm də ikinci sərbəst yürüşlər Red Bull-un sürücüsü Daniel Rikkardonun üstünlüyü ilə keçmişdi. Dünən səhər isə Sebastyan Fettel hamını yarım saniyə üstələyərək inamla protokollara başçılıq etmişdi.
Elə sıralanma turunda da Fettel inamlı qələbəyə sevinmişdi – Kimi Rəykkönen komanda yoldaşına cüzi uduzmaqla Ferrari-yə mövsümdə 3-cü dəfə tam ilk cərgəni zəbt etməyə imkan qazandırmışdı. İkinci cərgə Mercedes, üçüncü cərgə isə Red Bull sürücülərinə qismət olmuşdu.
Həftəsonunun gedişində Williams komandasında sürücü dəyişikliyi baş verib – cümə günü ikinci məşqlərdən sonra Felipe Massa özünü pis hiss etmişdi və Pol di Resta onu əvəzləməyə hazırlaşmışdı. Amma dünən səhər Felipeni müayinə edən həkimlər onda ciddi bir şey tapmayaraq, sürücünü sessiyaya buraxmışdılar. Lakin sessiyanın sonunda Massa yenidən özünü pis etmişdi və komanda rəsmən sıralanma turunda və yarışda Pol di Restanın çıxış edəcəyini açıqlamışdı.
İki sürücü sıralanma turundan sonra start düzümündə yer itirməli olub – Hülkenberqin maşınında ötürmələr qutusu vaxtından əvvəl dəyişdirildiyi üçün stüardlar alman sürücünün sıralanmadakı nəticəsinə 5 yer əlavə ediblər, Daniil Kvyat isə sıralanma turunda Ləns Strollu əngəllədiyi üçün startda 3 yer itirməli olub.
Pirelli Macarıstana orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirib. Sürücülər sıralanma turunda SuperSoft-la işləsələr də, yarışda Soft və SuperSoft üzərində strategiya qurmalı olublar. Kvyat və di Resta starta Soft-la, digər sürücülər isə SuperSoft-la çıxıblar.
Startda ilk üçlük mövqeyini qoruyub, hər iki Red Bull sürücüsü isə Həmiltonu qabaqlayıb, amma 2-ci döngədə Ferstappen ön təkəri bloka saldığı üçün sürüşərək Rikkardoya çırpılıb. Danielin maşınında radiator partlayıb, maşın yerində fırlanıb və trasda təhlükəli şəkildə dayanıb. Trasa Təhlükəsizlik Maşını (TM) çıxıb. TM-in arxasında ilk onluq: Fettel – Rəykkönen – Bottas – Ferstappen – Həmilton – Sayns – Alonso – Peres – Vandorn – Okon.
Rikkardonun maşınından axan mayenin təmizlənməsi zaman tələb edib, bu zaman hər iki Sauber sürücüsü mexaniklərinə qonaq olaraq, Soft təkərlərə keçiblər.
5-ci dövrədə restart elan olunub, Fettel liderliyini qoruyub, Həmilton Fertsappenə hücum etsə də, Maks mövqeyini qoruya bilib. Sayns Alonsonun hücumundan kəskin müdafiə olunaraq, həmyerlisini trasdan kənara çıxarıb. Stüardlar bu insidentə görə Saynsa cəza verməsələr də, Ferstappeni ilk insidentə görə günahkar elan edərək 10 saniyəlik cərimələyiblər.
Fettelin 10-cu dövrədə komanda yoldaşı üzərində üstünlüyü 3 saniyəyə çatıb – Bottas isə həmyerlisinə 2 saniyə uduzub. Peleton uzanıb. 19-cu dövrədə Hülkenberq komanda əmrinə əsasən Palmeri qabaqlayıb.
21-ci dövrədə Qrojanın təkəri deşildiyi üçün sürücü boksa yollanıb, amma mexaniklər arxa sol təkəri bağlamadan sürücünü trasa buraxıblar – radio vasitəsilə komanda Romandan maşını saxlamağı xahiş edib.
31-ci dövrədə Bottas boksa baş çəkib – mexaniklər ön sol təkərin bağlanması zamanı ləngiyiblər. 32-ci dövrədə Həmilton, növbəti dövrədə Fettel və daha sonra Rəykkönen Soft təkərlər üçün boksa gediblər. Finlandiyalı sürücü trasa komanda yoldaşının düz yanında qayıtsa da, Fettel öndə qala bilib.
37-ci dövrədə Alonso uzun sürən dueldən sonra 2-ci döngədə Saynsı üstələyə bilib. 43-cü dövrədə isə Ferstappen pitdə 10 saniyəlik cəriməsini çəkərək təkərlərini də dəyişib. 45-ci dövrədə Bottas komanda əmrinə əsasən, komanda yoldaşını 1-ci döngədə irəli buraxıb – britaniyalı sürücü tezliklə qırmızı maşınlara çatıb. 48-ci dövrədə ilk onluq: Fettel – Rəykkönen – Həmilton – Bottas – Ferstappen – Alonso – Sayns – Peres – Okon – Vandorn.
İlk üçlük cəmi 2 saniyə içində sıx qrupda yarışa davam edib. Həmilton Rəykkönenə DRS mıəsafəsinə yaxınlaşsa da, finlandiyalı sürücü də Fettelə görə DRS-dən istifadə etməklə müdafiə olunub. Daha təzə təkərlərlə Ferstappen Bottasla fərqi sürətlə bağlayıb – bir neçə dəfə səhvə yol versə də, hollandiyalı sürücü Valtteriyə çatıb.
Maqnussen Hülkenberqi otluğa çıxarıb və Niko Kvyatı da buraxmalı olub. Yarışın son dövrələrində mühəndislər di Restaya maşını boksa gətirərək saxlamağı bidiriblər – maşında yağ sızıntısı baş verib.
Liderlər sıx qrupda yarışa davam etsələr də, heç kim səhvə yol verməyib və mövqe uğrunda real hücum olmayıb. Son dövrədə sürətini aşağı salan Həmilton son döngədə Bottası irəli buraxıb, Alonso isə sürətli dövrəyə imza atıb.
Sebastyan Fettel Macarıstanda 2-ci, mövsümdə 4-cü, karyerasında isə 46-cı qələbəsini qazanıb. Kimi Rəykkönen podiumun ikinci pilləsinə qalxmaqla Ferrari-yə mövsümdə ikinci dublu qazandırıb.
Qarşıda isə bizi 4 həftəlik yay tətili gözləyir – mübarizə avqustun sonunda Belçikada əfsanəvi Spa trasında davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:39:46.713 | 1 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:00.908 | 1 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 0:12.462 | 1 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | + 0:12.885 | 1 |
5 | 33 | Maks Ferstappen | Red Bull | + 0:13.276 | 1 |
6 | 14 | Fernando Alonso | McLaren | + 1:11.223 | 1 |
7 | 55 | Karlos Sayns | Toro Rosso | + 1 dövrə | 1 |
8 | 11 | Serxio Peres | Force İndia | + 1 dövrə | 1 |
9 | 31 | Esteban Okon | Force İndia | + 1 dövrə | 1 |
10 | 2 | Stoffel Vandorn | McLaren | + 1 dövrə | 1 |
11 | 26 | Daniil Kvyat | Toro Rosso | + 1 dövrə | 1 |
12 | 30 | Colion Palmer | Renault | + 1 dövrə | 1 |
13 | 20 | Kevin Maqnussen (*) | Haas | + 1 dövrə | 1 |
14 | 18 | Ləns Stroll | Williams | + 1 dövrə | 1 |
15 | 94 | Paskal Verlyayn | Sauber | + 2 dövrə | 2 |
16 | 9 | Markus Eriksson | Sauber | + 2 dövrə | 2 |
17 | 27 | Niko Hülkenberq | Renault | + 3 dövrə | 1 |
* – Hülkenberqlə insidentə görə Kevin Maqnussenin yekun nəticəsinə 5 saniyə əlavə olunub
Sürətli dövrə: Fernando Alonso (McLaren) – 1:20.182 (69-cu dövrə, 196.697 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Pol di Resta | Williams | 61 | mexaniki problemlər |
Roman Qrojan | Haas | 21 | təkərin bağlanmaması |
Daniel Rikkaro | Red Bull | 1 | qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 202 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas F1 Team | 188 | |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas F1 Team | 169 | |
4 | 3 | Daniel Rikkardo | Red Bull Racing | 117 | |
5 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 116 | |
6 | 33 | Maks Ferstappen | Red Bull Racing | 67 | |
7 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 56 | |
8 | 31 | Esteban Okon | Sahara Force İndia F1 Team | 45 | |
9 | 55 | Karlos Sayns | Scuderia Toro Rosso | 35 | |
10 | 27 | Niko Hülkenberq | Renault Sport Formula 1 Team | 26 | |
11 | 19 | Felipe Massa | Williams Martini Racing | 23 | |
12 | 18 | Ləns Stroll | Williams Martini Racing | 18 | |
13 | 8 | Roman Qrojan | Haas F1 Team | 18 | |
14 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 11 | |
15 | 14 | Fernando Alonso | McLaren Honda Formula 1 Team | 10 | |
16 | 94 | Paskal Verlyayn | Sauber F1 Team | 5 | |
17 | 26 | Daniil Kvyat | Scuderia Toro Rosso | 4 | |
18 | 2 | Stoffel Vandorn | McLaren Honda Formula 1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 357 |
2 | Scuderia Ferrari | Ferrari | 318 |
3 | Red Bull Racing | TAG Heuer | 184 |
4 | Sahara Force İndia F1 Team | Mercedes | 101 |
5 | Williams Martini Racing | Mercedes | 41 |
6 | Scuderia Toro Rosso | Renault | 39 |
7 | Haas F1 Team | Ferrari | 29 |
8 | Renault Sport Formula 1 Team | Renault | 26 |
9 | McLaren Honda Formula 1 Team | Honda | 11 |
10 | Sauber F1 Team | Ferrari | 5 |