Macarıstan-2017: Sıralanma turu

Sıralanma turu Hunqarorinqdə ən həlledici sessiyalardan biri sayılır. Macar trasında hətta DRS-in köməyi ilə ötmək çox çətindir, ona görə də start mövqeyi böyük əhəmiyyət kəsb edir, hərçənd bu trasda baş tutan 31 Qran Pridə yalnız 13 dəfə poulun sahibi bazar günü sevinib.

F-1.az xatırladır ki, cümə günü həm birinci, həm də ikinci sərbəst yürüşlər Red Bull-un sürücüsü Daniel Rikkardonun üstünlüyü ilə keçmişdi. Amma bu gün səhər Sebastyan Fettel hamını yarım saniyə üstələyərək inamla protokollara başçılıq edib.

Hələ bu gün səhər Felipe Massanın sessiyada iştirakı sual altında idi – dünən ikinci məşqlərdən sonra braziliyalı sürücü özünü pis hiss etmişdi və Pol di Resta onu əvəzləməyə hazırlaşmışdı. Amma səhər Felipeni müayinə edən həkimlər onda ciddi bir şey tapmayaraq, sürücünü sessiyaya buraxıblar. Lakin bugünkü sessiyanın sonunda Massa yenidən özünü pis edib və komanda rəsmən sıralanma turunda Pol di Restanın çıxış edəcəyini açıqlayıb.

Pirelli Macarıstana orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirib. Ən bərk tərkib həftəsonunun gedişində demək olar ki, heç istifadə olunmayıb, bir dövrədə Soft və SuperSoft tərkiblərinin sürət fərqi isə hamının gözlədiyindən çox olub, ona görə də ən yumşaq tərkibin sıralanma turuna seçilməsi heç kimi təəccübləndirməyib.

Keçən il döşənmiş yeni qara asfalt buludsuz səma altında 60 dərəcəyədək qızıb – bu il belə yüksək hərarət hələ qeydə alınmamışdı. Məşqlərdə komandalar təkərin effektivliyini dəyərləndirsələr də, sıralanma turunda sazlanmalara düzəliş etməli olublar.

Birinci sessiyaya hamı SuperSoft-la çıxıb. İlk cəhdində Fettel protokollara başçılıq edib – 1:17.244, Rəykkönen komanda yoldaşına 0.1 saniyə, Həmilton isə 0.2 saniyə uduzub.

İkinci cəhdində Ferstappen Fettelə çox yaxınlaşıb – sürücüləri cəmi 0.022 saniyə ayırıb. Kvyat 4-cü döngədə trasddan çıxsa, trasa qayıda bilib. Mübarizəni isə Maqnussen, Stroll, Verlyayn, di Resta və Eriksson dayandırıblar.

İkinci sessiyada Fettel daha da sürətlənib – 1:16.802. Amma Həmilton ikinci cəhdində almaniyalı sürücünün üstələyə bilib – 1:16.693. Top-komandalardan sonrakı yerlər uğrunda mübarizə çox sıx olub, nəticədə Qrojan, Peres, Kvyat, Okon və Palmer mübarizəni dayandırıblar.

Son sessiyada Fettel ilk cəhdində trasın mütləq rekordunu yeniləyib – 1:16.276, Bottas 2-ci, Ferstappen isə 3-cü nəticə göstəriblər. Həmilton 4-cü dövrədə trasdan çıxdığı üçün dövrəsini tamamlamayıb.

İkinci cəhdində Həmilton yeni təkər dəstində güclü vibrasiyadan gileylənib. Fettel nəticəsini yaxşılaşdıra bilməyib, Rəykkönen isə komanda yoldaşına azca uduzaraq ikinciliyə yüksəlib.

Sebastyan Fettel karyerasında 48-ci, mövsümdə isə 2-ci poulunu qazanıb. Mövsümdə 3-cü dəfə Ferrari sürücüləri ilk cərgəni tam zəbt ediblər. İkinci cərgə tamamilə Mercedes sürücülərinin, üçüncü cərgə isə Red Bull sürücülərinin olub. Sabah bizi maraqlı start və yarış gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3 sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1 1:17.244 5 2 1:16.802 3 1:16.276 6
2 7 Kimi Rəykkönen Ferrari 3 1:17.364 5 4 1:17.207 3 1:16.444 6
3 77 Valtteri Bottas Mercedes AMG 6 1:18.058 5 5 1:17.362 7 1:16.530 6
4 44 Lyuis Həmilton Mercedes AMG 4 1:17.492 6 1 1:16.693 6 1:16.707 5
5 33 Maks Ferstappen Red Bull 2 1:17.266 5 3 1:17.028 3 1:16.797 6
6 3 Daniel Rikkardo Red Bull 5 1:17.702 5 7 1:17.698 3 1:16.818 6
7 27 Niko Hülkenberq Renault 7 1:18.137 5 6 1:17.655 3 1:17.468 6
8 14 Fernando Alonso McLaren 8 1:18.395 5 8 1:17.919 6 1:17.549 6
9 2 Stoffel Vandorn McLaren 9 1:18.479 5 9 1:18.000 6 1:17.894 6
10 55 Karlos Sayns Toro Rosso 13 1:18.948 10 10 1:18.311 6 1:18.311 3
11 30 Colion Palmer Renault 10 1:18.699 8 11 1:18.415 6
12 31 Esteban Okon Force İndia 12 1:18.843 10 12 1:18.495 6
13 26 Daniil Kvyat Toro Rosso 11 1:18.702 9 13 1:18.538 6
14 11 Serxio Peres Force İndia 15 1:19.095 9 14 1:18.639 6
15 8 Roman Qrojan Haas 14 1:19.085 9 15 1:18.771 6
16 20 Kevin Maqnussen Haas 16 1:19.095 9
17 18 Ləns Stroll Williams 17 1:19.102 9
18 94 Paskal Verlyayn Sauber 18 1:19.839 9
19 40 Pol di Resta Williams 19 1:19.868 11
20 9 Markus Eriksson Sauber 20 1:19.972 8
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*