SIRALANMA TURU
Sıralanma turunu birinci yerdə başa vuran Sebastyan Fettel karyerasında 48-ci, Hunqarorinqdə isə 3-cü poulunu qazanıb.
Son 12 ildə ilk dəfə bir Ferrari sürücüsü Hunqarorinqdə poulun sahibi olub. Bunu son dəfə 2005-ci ildə Mixael Şumaxer bacarmışdı.
Kimi Rəykkönen karyerasında 38-ci dəfə yarışa ilk cərgədən başlamaq haqqı qazanıb. Finlandiyalı sürücü bu göstəriciyə görə Cek Brəbhəmlə 15-ci yeri bölüşür.
McLaren cari mövsümdə ikinci dəfə hər iki sürücüsü ilə sıralanma turunun son sessiyasına keçə bilib. Xatırladaq ki, Monakodakı yarışda Stoffel Vandornla yanaşı Fernando Alonsonu əvəzləyən Censon Batton da son sessiyaya yüksəlmiş, lakin qapalı parkın qaydalarını pozduğu üçün yarışa pit yolundan başlamalı olmuşdu.
YARIŞ
Sebastyan Fettel karyerasında 46-cı, Hunqarorinqdə isə ikinci qələbəsini əldə edib.
Sebastyan Fettel Formula1 tarixində 15000 km-dən çox liderlik edən üçüncü sürücü olub. Bu göstəriciyə görə Fetteli yalnız Mixael Şumaxer (24144 km) və Lyuis Həmilton (16352 km) qabaqlayırlar.
Ferrari 2004-cü ildən bəri ilk dəfə Macarıstanda dubl edib. Həmin yarış qalib gələn sürücünün mövsümün yekununda çempion olduğu sonuncu Macarıstan Qran Prisidir. Fettel bu tendensiyanı poza biləcək?
Kimi Rəykkönen Hunqarorinqdə 15-ci yarışına çıxıb. Finlandiyalı sürücü 6 dəfə yarışı ikinci yerdə başa vurub, 8 dəfə isə podiuma yüksəlib. Macarıstanda podiuma yüksəlmək sayına görə liderdir, onu 7 podiumla Ayrton Senna və Mixael Şumaxer izləyirlər.
Ferrari sürücüləri cari mövsümdə artıq 12 dəfə podiuma yüksəliblər və bu, keçənilkindən bir podium çoxdur.
Yarışı üçüncü yerdə başa vuran Valtteri Bottas ardıcıl 5-ci yarışında podiuma yüksəlib. Həmiltonun isə son 4 yarışda cəmi bir podiumu var. Valtteri podium sayına görə (17) Keke Rosberq və Alberto Askariyə çatıb.
Kimi Rəykkönen və Valtteri Bottasın yarışı ilk üçlükdə başa vurması nəticəsində, finlandiyalı sürücülər ümumilikdə 180 dəfə podiuma yüksəliblər. Bu podiumların 88-i Rəykkönenin payına düşür.
Maks Ferstappen və Daniel Rikkardonun ilk dövrədəki təmasından sonra Red Bull komandası cari mövsümdə 11 yarışdan 6-da cəmi bir maşınla finişə çatıb. Komanda bu il qət edilən ümumi məsafəyə görə son yerdədir (4518 km) və lider Mercedes-ə 1975 km uduzur. Rikkardo 2013-cü ildə baş tutan Sinqapur Qran Prisindən bəri ilk dəfə qəzaya görə yarışı yarımçıq saxlayıb. Bu, həm də avstraliyalı sürücünün mübarizəni ilk dövrədə dayandırdığı ilk yarışdır…
Fernando Alonso karyerasında 23-cü dəfə sürətli dövrə vurub, bu göstəriciyə görə Xuan Manuel Fanxio və Nelson Pike ilə bərabərləşib.
Yarışı 10-cu yerdə başa vuran Stoffel Vandorn cari mövsümdə ilk, karyerasında isə ikinci dəfə (keçən mövsüm Bəhreyndə çıxdığı yeganə yarışda xal zonasına düşmüşdü) xal qazanıb.
Felipe Massa özünü piss hiss etdiyindən, Pol di Resta tərəfindən əvəzlənib. Bununla da, 1982-ci ildə keçirilən San Marino Qran Prisindən bəri ilk dəfə yarışın startında heç bir Braziliyalı sürücü olmayıb. Bu dövrdə 606 yarış baş tutub.
Force İndia komandası cari mövsümdə geridə qalan 11 yarışda 9-cu dəfə hər iki sürücüsü ilə xal qazanıb. Esteban Okon isə sadəcə bir yarışı xalsız başa vurub…
Pol di Resta 2013-cü ildə baş tutan Braziliya Qran Prisindən sonra ilk dəfə Formula1 yarışında iştirak edib. İki yarışın arasında 1345 gün var, lakin bu, ən uzun fasilə deyil – Yan Lammers 1982-ci ildə keçirilən Hollandiya Qran Prisində çıxış etdikdən sonra növbəti yarışına – 1992-ci il Yaponiya Qran Prisinə qədər 3767 gün gözləyib…