F-1.az xatırladır ki, bu həftəsonu Lyuis protokollara yalnız 1-ci məşqlərdə başçılıq edə bilib. İkinci sessiyada qəza etdiyi üçün onun komanda yoldaşı hamını qabaqlayıb. Amma bu gün səhər Niko yenə də komanda yoldaşından sürətli olub. Maks Ferstappen isə çempionatın liderinə cəmi 0.002 saniyə uduzub. Macar trası motorun gücünə elə də tələbkar olmadığı üçün Red Bull maşınları rəqabətədavamlı olublar.
Hunqarorinqdə yenilənmə işləri görülüb, kələ-kötür yerlər aradan qaldırılıb, yeni asfalt örtüyü döşənib, yeni porebriklər quraşdırılıb. Asfalt hamının xoşuna gəlib – mexaniki ilişmə yaxşılaşıb, trasda sürət artıb, porebriklər isə sürücülərin tənqid atəşinə tutulub. FİA isə 4-cü və 11-ci döngələrdə trasın hüdudlarından kənara çıxmağı qadağan edib – bu döngələrdə elektron cihazlar quraşdırılıb.
Sıralanma turunun başlanmasına yarım saat qalmış güclü yağış başlayıb, trasa çoxlu su yığılıb, FİA sessiyanın startını 2 dəfə təxirə salmalı olub. Nəhayət, 20 dəqiqə sonra rəsmi start elan olunub.
Birinci sessiyaya sürücülər ağır yağış təkərləri ilə çıxıblar, amma tezliklə güclənən yağış sessiyanı qırmızı bayraqlarla dayandırmağa məcbur edib. Bir neçə nəticə göstərən sürücülər arasında Serxio Peres hamıdan sürətli olub.
Yerli vaxtla saat 14:40-da sessiyaya restart verilib – amma tezliklə yenə də marşallar qırmızı bayraqları yelləməli olublar. Bu dəfə Markus Eriksson 10-cu döngədə trasdan çıxıb və baryerlərə çırpılıb. Protokollar isə Rikkardonun liderliyinə şahidlik ediblər. Markusun maşınının təxliyəsi və baryerlərin bərpası zaman tələb etdiyindən tras qurumağa başlayıb.
Növbəti restartda bəzi sürücülər trasa keçid təkərlərlə çıxıblar, amma yenə də qırımızı bayraqlar dalğalanmağa başlayıb – bu dəfə Felipe Massa qəzaya uğrayıb, onun həmyerlisi və adaşı Nasr isə protokollara başçılıq edib.
Massanın maşını təxliyə olunduqdan sonra artıq hamı trasa yaşıl (keçid) təkərlərlə çıxıb. Sürücülər bir neçə dövrə vurublar, sessiya dördüncü dəfə qırmızı bayraqlarla dayandırılıb – Haryanto 10-cu döngədə trasdan çıxıb. Sessiyanın sonuna az vaxt qaldığı üçün bitmiş elan olunub.
Protokollara Niko Rosberq başçılıq edib – 1:33.302, ondan başqa daha 10 sürücü 107% həddini keçə bilib. Palmer, Massa, Maqnussen, Eriksson, Verlyayn, Haryanto üçün mübarizə başa çatıb.
İkinci sessiyaya sürücülər keçid təkərlərlə başlayıblar, trasın bəzi yerlərində su qalsa da, ümumən, tras hələ sürüşkən olub. Trasın vəziyyəti hər dövrə yaxşılaşıb, trayektoriya sürətlə quruyub.
Bottas ilk olaraq sliklərə – qırmızı (SuperSoft) təkərlərə keçib, daha sonra yerdə qalan digər sürücülər də eyni addımı atıblar. Hər növbəti finişdə protokollarda lider dəyişib, yekunda Ferstappen protokollara başçılıq edib – 1:22.660, təkər dəyişməyə uğrusuz zaman seçən Qrojan, Kvyat, Peres, Rəykkönen, Qutyerres və Nasr mübarizədən kənar qalıblar.
Üçüncü sessiyaya hamı SuperSoft təkərlərlə başlayıb, amma trayektoriyadan kənarda tras həm nəm, həm də sürüşkən olub. İlk cəhdində Həmilton protokollara başçılıq edib – 1:20.108.
Son dəqiqələrdə sürücülər daha bir cəhdə əl atıblar – Alonso son sektorda səhvə yol verib, yerində fırlanıb və düz arxasında olan Həmiltona mane olub. Bir qədər arxada olan Rosberq fürsətdən istifadə edərək poul qazanıb – 1:19.965.
Niko Rosberq mövsümdə 4-cü, karyerasında isə 26-cı poulunu qazanıb. Həmilton yarışa 2-ci yerdən start verəcək – Mercedes növbəti dəfə ilk cərgəni tam zəbt edib.
İkinci cərgə isə tam Red Bull-un ixtiyarında olacaq – Rikkardo 0.2 saniyə Ferstappendən sürətli olub. McLaren komandası tam heyətlə 4-cü cərgədən start alacaq – Alonso Battondan azca öndə olacaq.
Sabah bizi maraqlı start və yarış gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 6 | Niko Rosberq | Mercedes AMG | 1 | 1:33.302 | 11 | 2 | 1:22.806 | 10 | 1:19.965 | 8 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 2 | 1:34.210 | 11 | 10 | 1:24.836 | 10 | 1:20.108 | 7 |
3 | 3 | Daniel Rikkardo | Red Bull | 12 | 1:39.968 | 10 | 3 | 1:23.234 | 10 | 1:20.280 | 7 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 13 | 1:40.424 | 10 | 1 | 1:22.660 | 10 | 1:20.557 | 7 |
5 | 7 | Sebastyan Fettel | Ferrari | 4 | 1:35.718 | 10 | 6 | 1:24.082 | 9 | 1:20.874 | 6 |
6 | 55 | Karlos Sayns | Toro Rosso | 6 | 1:36.115 | 10 | 9 | 1:24.734 | 10 | 1:21.131 | 8 |
7 | 14 | Fernando Alonso | McLaren | 3 | 1:35.165 | 10 | 4 | 1:23.816 | 10 | 1:21.211 | 8 |
8 | 22 | Censon Batton | McLaren | 10 | 1:37.983 | 8 | 7 | 1:24.456 | 10 | 1:21.597 | 7 |
9 | 27 | Niko Hülkenberq | Force İndia | 15 | 1:41.471 | 8 | 5 | 1:23.901 | 10 | 1:21.823 | 6 |
10 | 77 | Valtteri Bottas | Williams | 16 | 1:42.758 | 10 | 8 | 1:24.506 | 10 | 1:22.182 | 6 |
11 | 8 | Roman Qrojan | Haas | 5 | 1:35.906 | 9 | 11 | 1:24.941 | 9 | ||
12 | 26 | Daniil Kvyat | Toro Rosso | 7 | 1:36.714 | 11 | 12 | 1:25.301 | 10 | ||
13 | 11 | Serxio Peres | Force İndia | 14 | 1:41.411 | 6 | 13 | 1:25.416 | 10 | ||
14 | 7 | Kimi Rəykkönen | Ferrari | 8 | 1:36.853 | 11 | 14 | 1:25.435 | 9 | ||
15 | 21 | Esteban Qutyerres | Haas | 11 | 1:38.959 | 9 | 15 | 1:26.189 | 9 | ||
16 | 11 | Felipe Nasr | Sauber | 9 | 1:37.772 | 11 | 16 | 1:27.063 | 10 | ||
17 | 30 | Colion Palmer | Renault | 17 | 1:43.965 | 9 | |||||
18 | 19 | Felipe Massa | Williams | 18 | 1:43.999 | 7 | |||||
19 | 20 | Kevin Maqnussen | Renault | 19 | 1:44.543 | 9 | |||||
20 | 9 | Markus Eriksson | Sauber | 20 | 1:46.984 | 5 | |||||
21 | 94 | Paskal Verlyayn | Manor | 21 | 1:47.343 | 9 | |||||
22 | 88 | Rio Haryanto | Manor | 22 | 1:50.189 | 9 |