- Lyuis Həmilton həm bu mövsümdəki, həm də Macarıstandakı 5-ci qələbəsini qazanıb. O, bu qələbə ilə Mixael Şumaxeri üstələyib.
- Lyuis hazırda yarışda yarışan sürücülər arasında birdən çox trasda 5 və ya daha çox qələbə qazana bilmiş yeganə sürücüdür. Onun 5 dəfə qalib gəldiyi digər tras Jil Vilnöv adına Monreal trasıdır. Formula1 tarixi boyunca bu uğuru əldə edən digər sürücülər isə Mixael Şumaxer, Alen Prost və Ayrton Sennadır.
- Həmilton Macarıstanda karyerasındakı 48-ci qələbəsini qazanıb. O, ən çox qalib gələn sürücülər siyahısında Mixael Şumaxer və Alen Prostdan sonra 3-cü yerdədir. Onu Prostdan cəmi üç qələbə ayırır.
- Həmilton Macarıstandakı qələbə ilə liderliyə yüksəlib. Onun Niko Rosberqlə arasında 6 xallıq fərq var. Lakin sonuncu dəfə Hunqarorinqdə qalib gəldiyi mövsümü çempion kimi başa vuran sürücü 2004-cü ildə Mixael Şumaxer olub. Lyuis 12 ildən sonra bunu təkrar edə biləcək?
- Niko Rosberq Macarıstanda keçirdiyi 11-ci yarışda ilk dəfə podiuma yüksələ bilib. Hunqarorinq alman sürücünün podiuma yüksələ bildiyi 22-ci trasdır.
- Daniel Rikkiardo Macarıstanda ardıcıl 3-cü ilində də podiuma yüksəlib. Maraqlıdır ki, ümumilikdə 12 dəfə podiuma yüksələn avstraliyalının hər 4 podiumundan biri Hunqarorinqin payına düşür.
- Son yarışda Red Bull 25, Ferrari isə 20 xal qazanıb. Bununla da Red Bull ardıcıl 3-cü, bu mövsüm isə 5-ci dəfə Maranellolu rəqibini üstələyib. Son 2 yarışda podiuma yüksələ bilməyən Ferrari-ni Red Bull-dan cəmi bir xal ayırır.
- Kimi Rəykkönen 2015-ci ildə keçirilən Kanada Qran Prisindən sonra ilk dəfə Macarıstanda yarışın ən sürətli dövrəsini vurub. Bu, onun karyerasındakı 43-cü ən sürətli dövrədir. Formula1 tarixində bu uğura ən çox imza atmış ikinci sürücüdür. Birincinin Şumaxer olduğu isə hər kəsə məlumdur…
- Fernando Alonso Macarıstan Qran Prisində hər üç sərbəst yürüş seansında, sıralanma turunda və yarışda 7-ci yeri tutub. O, bu mövsüm 3-cü dəfə xal qazanıb.
- Yarışda 10-cu olan Niko Hülkenberq Force İndia-ya Macarıstanda 2011-ci ildən bəri ilk dəfə xal qazandırıb.
- Ancaq Censon Battonun yarışı tamamlaya bilmədiyi Hunqarorinqdə 21 sürücü finiş xəttini keçə bilib. Bu, bütün sürücülərin yarışı tamamladığı Çin Qran Prisindən sonra ikinci ən yaxşı nəticədir.