Mercedes AMG
Nədənsə Mercedes komandası Macarıstana çox az yeniliklər gətirmişdi. Əvvəllər rast gəlmədiyim yenilik kokpitin yan hissəsindəki jalüzlər idi (1).
Ancaq bu o demək deyil ki, Mercedes komandasının əvvəlki Qran Prilər üçün hazırladığı yenilikləri gözümüzdən qaçırdıq.
Mercedes əvvəlki yeniliklərinin sayəsində, daha çox asfalta yatma qüvvəsini əldə etməyə müvəffəq olub.
Lazım olan temperaturun iş diapazonunu əldə etmək üçün kokpitin yan hissəsindəki dəliklərin konfiqurasiyası hər yarış üçün dəyişir.
Macarıstanda kokpitin yan dəliklərinin hündürlüyü artırılmış və səkkiz diaqonal kəsiklərlə təchiz edilmişdi. Komandada hesab edirdilər ki, bu konfiqurasiya hesabına yan pontonlardan isti hava kütləsini uzaqlaşdıraraq daxili və xarici aerodinamikaya mənfi təsiri azaltmış olacaqlar.
İsti havanı daha sürətli yaymaq üçün, arxa hissənin yan pontonlarında, asılqanın linkinin yuxarı elementi üçün olan kəsiyin ölçüləri artırılmışdı (2).
Bakı Qran Prisindən sonra Mercedes, işlənmiş qazları çıxaran borunun üst hissəsində qövsvari qanadcıqdan istifadə etməyə başlamışdı.
Ancaq Macarıstanda Monakoda istifadə olunan konfiqurasiyaya qayıtmağa qərar verilmişdi (3).
Bu dəyişiklik bir daha onu sübut edir ki, Mercedes-də maksimal aerodinamik effekti əldə etmək üçün arxa qanadla diffuzorun qarşılıqlı işləməsinə böyük önəm verirlər.
Həmçinin, komanda Silverstounda təqdim etdiyi arxa qanaddan istifadə edirdi (4).
Ferrari
Macarıstanda qırmızı maşınlarda yeni meymun oturacağı quraşdırılmışdı (5).
Göründüyü kimi, Ferrari-də diffuzorla arxa qanadın birlikdə daha çox asfalta yatma qüvvəsini generasiya etməsi üçün əllərindən gələni edirlər.
Diffuzorun xarici hissəsinin konfiqurasiyası hər dəfə çətin bir forma almaqdadır (6). Bir il əvvəl İspaniyada komanda diffuzora bir neçə dənə qanadcıq quraşdırmışdı (6.2). Həmən vaxtdan bu yana o hissədə daima dəyişikliklərə rast gəlirik.
Red Bull
Hunqarorinqdə Red Bull həmişə şassisinin güclü tərəflərini nümayiş etdirə bilirdi. Bu yarış üçün komanda RB12-dən daha çox asfalta yatma qüvvəsini almaq üçün, arxa qanadının konstruksiyasına dəyişikliklər etmişdi. Soçidə gördüyümüz və diffuzorla antiqanadın aerodinamik əlaqəsini artırmağa xidmət edən yan lövhələrin konfiqurasiyası qayıtmışdı.
İşlənmiş qazları ixrac edən borunun yanında xırda qanadcığı da görmək mümkün idi.
Bu mövsümdə ilk dəfə RB12-də meymun oturacağı da görə bildik.
Videoda gördüyünüz kimi, Red Bull bir neçə variant üzərində işləyirdi.