F-1.az xatırladır ki, Sinqapur yarışının startında Fettel, Ferstappen və Rəykkönen arasında insident yaşanmış və hər üç sürücü mübarizəni dayandırmalı olmuşdu. Mütəxəssislərin əksəriyyəti isə bu qəzada almaniyalı sürücünü günahkar sayırlar.
Mark Uebber: “Fettel Kiminin yaxşı start aldığını bilmirdi və bunu bilməsi mümkün deyildi. Buna görə də tamamilə Maksa fokuslanmışdı. Bu üçlük arasında ən yaxşı startı alan isə Kimi idi və birdən böyük qəza əmələ gəldi. Bu hadisə şok vəziyyəti yaratdı. Maks burada ən günahsız adamdır. Sebastyan sol tərəfi müdafiə etməyə çalışdı və Kimi qüsursuz startının qurbanı oldu.
2010-cu il Türkiyə yarışında bizim aramızda baş verən hadisəyə oxşayır, amma onda sürətimiz yüksək idi – haradasa 310 km/saat sürətlə gedirdik. Məncə, Sebastyan bolidin arxa tərəfinin bir az uzaqda olduğunu unudur. Yəni dəbilqəsinin arxası ilə bolidin arxasını səhv salır. Lyuis isə bu hadisələri izləyərək, liderliyi, bəlkə də titulu qazandı”.