F-1.az xatırladır ki, ata ilə oğulun işbirliyi Maks yarışmağa başladığından bəri davam edir. Sabiq Formula1 sürücüsü Yos Ferstappen bildirib ki, Maks kartinq vasitəsilə bütün çatışmazlıqlarını yox edir və bunun nəticələrini göstərir: “O, balaca uşaq olanda, ona hər şeyi öyrətmək üçün saatlarla vaxt keçirtdim.
Onun hər ötməsi və ya hər səhvi barədə oturub danışırdıq. Üstünə qışqırmadım. Bunun yerinə danışaraq, hər şeyi ona öyrətdim. Məncə, buna görə də yaşına görə çox sürətlidir.
Mən hiss edirəm ki, o, məndən daha güclüdür və bunu uzun müddətdir ki, bilirəm”.
Yos bildirib ki, öz karyerasındakı səhvlərdən və gözləntiləri qarşılaya bilməməsindən oğlu üçün dərs çıxarıb: “Öz səhvlərimi, güclü və zəif tərəflərimi bilirəm. Bundan başqa zirvəyə çıxmaq üçün doğru vaxtda doğru yerdə olmalısınız. Bizim bəxtimiz gətirdi ki, biz bunu bacardıq.
Digər tərəfdən isə yarışmağa başlayandan sonra hamının gözü onun üstündə idi.
Əla iş gördü: yarışları ilə, işləri həll etməsi ilə, hadisələrə yanaşması ilə. Sakit olmaq lazım olanda, sakit ola bilir. Bu xüsusi istedaddır”.
Maks Ferstappen Red Bull-a yüksəldikdən sonra Yos oğlunun meneceri kimi qalsa da, karyerası ilə bağlı məsələlərə daha az qarışır: “O, Barselonada özbaşına işləyirdi. Mən bilirəm ki, o artıq hazırdır. İspaniyadakı kimi performans göstərirsinizsə, deməli, hazırsınız. Bəs mənim edəcəklərim bitdi? Xeyr. Zənn etmirəm. Ona menecerlik etməyə və ona doğru yolu göstərməyə davam edəcəm.
Biz doğru vaxtda, doğru adamlarla işlədik və bu, indiyə qədər düzgün işlədiyimizi göstərir”.
Ferstappen ilyarımlıq təcrübədən sonra Red Bull komandasına yüksəldi və bu riskli idi. Ancaq Yos bildirir ki, bu təklifi rədd etmək mümkün deyildi: “Həyat risklərdən ibarətdir. Nəticədə hamımız Maksın keyfiyyətinə bələdik. Red Bull da bələddir. Onu yaxşı təhlil etdilər. Biz burada olmalı idik və bunu sübut etdik. Həmişə dediyimiz kimi: yaş elə də böyük problem deyil.
Maks İspaniyada qalib gələrək, keyfiyyətli sürücü olduğunu göstərdi. Bu hər şeydən vacibdir”.