F-1.az xatırladır ki, niderlandlı sürücü sonuncu Avstriya Qran Prisində mükəmməl həftəsonu keçirərək, qazana biləcəyi bütün xalları qazanıb. İndi növbədə Red Bull komandasının 2012-ci ildən sonra qalib gələ bilmədiyi britaniya Qran Prisi var. Bu il 9 yarışın 9-unda da qalib gələn Red Bull komandası 11 illik həsrətə son qoymaq istəyir.
Düzdür, Maks Ferstappen 2020-ci ildə Silverstounda yarış qazanmışdı, amma o zaman yarışın adı Yubiley Qran Prisi idi. Həmin il pandemiyaya görə Silverstounda iki yarış keçirilmiş, biri Britaniya Qran Prisi, ikincisi Yubiley Qran Prisi adlandırılmışdı.
Maks Ferstappen: “İndi öz evimizdə keçirilən (komandanın bazası Britaniyada olduğu üçün) bir başqa yarışa gedirik. Silverstoun əla trasdır. RB-un orada nə qədər güclü olduğunu görmək maraqlıdır. Bu Qran Pridə həmişə əla atmosfer olur. Trasda çox istəkli fanatlar var. Bu doğrudan da əladır.
Avstriyada inanılmaz həftəsonu keçirdik. Ümid edirəm ki, bu həftə daha yaxşı performasn göstərərik. Bildiyiniz kimi İngiltərədə havanın necə olacağını bilmək çətindir. Burada hər şey ola bilər”.
Avstriya yarışında ikiaylıq fasilədən sonra yenidən podiuma yüksələn Serxio Peres isə Britaniyada tempini davam etdrimək istəyir: “Avstriyadakı həftəsonu əla keçdi. Yenidən podiuma yüksəlmək əla idi. Sükan arxasında özümü yaxşı hiss etdim. Bolid sürətli idi və bazar günü bir neçə pillə qazandım. Xəstə olduğum üçün tam potensialımı qoya bilmədim. Amma komanda mənə bu mövzuda kömək etdi. Hər şeyi düzgün etdik. Sazlanmalardan strategiyaya qədər hər şey istədiyimiz kimi idi.
İndi isə Silverstoundakı həftəsonunu səbirsizliklə gözləyirəm. Avstrayadakı performansımızı orada da təkrarlamağa ümid edirəm. Fiziki olaraq bir az güclənmək üçün fasilə vermişdim. Bunu yay tətilinə qədər qorumaq istəyirəm”.
Qeyd edək ki, Serxio Peres Silverstounda sadəcə bir dəfə – 2022-ci ildə podiuma yüksələ bilib.