F-1.az xatırladır ki, Ferstappen rəqibi Həmiltonu arxasında saxlayaraq Fettelin qələbəsində mühüm rol oynayıb. Yarışın ikinci yarısında SuperSoft təkərlərə keçən hollandiyalı sürücü son dövrələrdə Rəykkönenə yaxınlaşsa da, əyləc probleminə görə çəkilməli olub. Hətta Red Bull bolidinin əyləclərindən çıxan karbon tozunu televiziyadan da görmək mümkün idi.
Bir ara Rəykkönen ilə fərqi 1.4 saniyəyə salan 19 yaşlı sürücü sonda bu fərqin 6.4 saniyəyə qədər yüksəlməsinə icazə verib: “Məncə sevinə bilərəm. Bütün yarış ərzində Kimi önümdə idi. Ən azından Ferrari-ni izləyə bildik. Mercedes də çox uzaqda deyildi. Temp yaxşı idi. Kimiyə çatırdım, amma sonda əyləclərlə bağlı kiçik problem yaşadım və yarışı bitirmək üçün tempi saldım. Yarış sıralanma turundan yaxşı keçdi. Təəccüblənmişdim. Rahatlıqla görürdüm. Pis yarış deyildi. Təbii ki, digər Ferrari və Mercedes uzaqlaşmışdı. Bolidlərin arxasında olduğum üçün çirkli hava mane olurdu. Amma hər şey yaxşı idi. Ferrari-ni izləmək çətin idi. Kimidən bir az sürətli idim, amma iki saniyədən çox yaxınlaşa bilmirdim”.