M.Ferstappen: “Startda etdiyim səhv mənə baha başa gəldi”

Toro Rosso komandasının gənc sürücüsü Maks Ferstappen bildirib ki, Çində pis start almasının səbəbi güc qurğusunda səhv iş rejimi seçməsi olub.

F-1.az xatırladır ki, hollandiyalı sürücü sıralanma turunda 9-cu yeri tutmuşdu. Ferstappen yaxşı start ala bilsəydi, öndəki bolidlərin insidentlərindən faydalanıb, yuxarı pillələrə yüksələ bilərdi.

Amma çox pis start aldığı üçün geridə qaldı və bütün yarışı peletonun sonundan canını qurtarmaq üçün keçirtdi. Hollandiyalı sürücü pitə tez getdiyi üçün təhlükəsizlik avtomobilindən sonra vəziyyəti daha da pisləşdi.

Bütün bunlara baxmayaraq, Ferstappen mükəmməl performans göstərərək, yarışı 8-ci yerdə bitirdi və yarışın sonunda Lyuis Həmiltona hücum etməyə hazırlaşırdı.

Maks Ferstappen: “Startda ilk reaksiyam əla oldu, amma güc qurğusunun səhv iş rejimini seçdiyimi anladım. Elə bil ki, isinmə dövrəsi vururdum. Yəni ki, mühərrikdə güc yox idi.

Düymədən bunu dəyişdirdim, amma o vaxta kimi 3-4 yer itirmişdim. Ondan sonra yarış çox çətin idi.

Təhlükəsizlik avtomobilindən sonra daha da gerilədim, çünki 2 pit-stoplu strategiya seçmişdik. Ona görə də sonuncu yerə qədər düşdüm.

Bütün rəqiblərimi bir-bir keçdim və 8-ci yerə qədər yüksəldim. Yarışın əvvəlində bunu edə biləcəyimə inanmazdım”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*