F-1.az xatırladır ki, Ferstappen İspaniya QP-dən etibarən Red Bull komandasına çıxış edəcək və Daniil Kvyat yenidən Toro Rosso komandasında çıxış edəcək.
Maks Ferstappen karyerasının ikinci ilində Red Bull-a transfer oldu və 2017-ci ildə də Red Bull-da qalması gözlənilir.
Gənc sürücü bildirib ki, Mercedes və Ferrari-nin təkliflərinə baxmayaraq, Red Bull-dan ayrılmağı ağlından belə keçirməyib.
Maks Ferstappen: “Düzünü desək, Red Bull-da çox xoşbəxtəm.
Komandamı dəyişdirmək və ya ayrılmaq üçün heç bir səbəb görmürəm. Burada çox xoşbəxtəm”.
Ferstappen bildirib ki, Red Bull-da özünü təzyiq altında hiss etməyəcək: “Toro Rosso komandasına gedəndə heç bir gözləntim yox idi. Bolidə uyğunlaşıb, ən sürətli dövrəni atmaq üçün çalışırdım. Qazandığınız xallar komanda yoldaşınızdan üstün olduğunuzun göstəricisidir. Mən də çalışdım ki, bacardığım qədər çox xal toplayım.
Artıq yüksək səviyyəli bir komandada çıxış edəcəm. Amma hər yerdə axırda eyni şeyi etməlisiniz. Əlinizdən gələnin ən yaxşısını etməlisiniz. Burada özümü təzyiq altında hiss etmirəm”.
Ferstappen etiraf edib ki, Kvyatın yerinə yarışacağını eşidəndə təəccüblənib: “Əlbəttə, çox sevindim. Bir az da təəccübləndim. Bunu gözləmirdim. Bu cür fürsət əlimə düşdüyü üçün xoşbəxtəm”.