F-1.az xatırladır ki, hollandiyalı sürücü Monakoda çıxdığı iki yarışda da qəza edərək mübarizəni vaxtından əvvəl dayandırıb. Lakin 19 yaşlı sürücünün 2015-ci ildəki qəzası çox qorxulu olmuşdu. Belə ki, Ferstappen həmin yarışda Qrojana hücum edərkən fransalı sürücü ilə təmas yaşamış və sürətlə divara çırpılmışdı.
Maks Ferstappen: “Monakoda sürətli olmaq istəyirsinizsə, həmişə risk etməlisiniz. Burada əvvəllər qəza etsəm də, özümü yaxşı hiss edirəm və qəzaya görə yavaşlamaq fikrim yoxdur. Həmişə səhvlərimdən dərs çıxarmağa çalışıram və buna görə də güclü sürücüyəm. Ümid edirəm ki, gözəl nəticələr alarıq”.