F-1.az xatırladır ki, bir çox yeniliyin tətbiq olunduğu keçən mövsümü Red Bull komandası və onun sürücüsü Maks Ferstappen böyük üstünlüklə başa vurub. Bu il daha sıx mübarizə gözlənilir, amma son iki ilin çempionunun fikrincə, arxadakı komandaların işi çox da asan olmayacaq.
Maks Ferstappen: “Qaydalar dəyişdirildikdə bəzi komandalar bir çox şeyi düz etməyi bacarır və bu, dərhal nəzərə çarpır. Digər komandalar da nə etməli olduqlarını başa düşdüklərində xırda addımlarla irəliləməyə başlayırlar. Amma səhv addımlar atdıqda hər şeyi yenidən kəşf etmək lazım olur ki, bu da vaxt itkisidir. Bizim də başımıza gəlib – Mercedes ilə mübarizə apara bilmək üçün illərimizi sərf etdik.
Əvvəlcə yaxşı motorumuz yox idi. Bu problem həll olunduqdan sonra maşın üzərində işləməyə başladıq. Onu da mükəmməl vəziyyətə gətirdik və qələbələr uğrunda mübarizə apara bildik. Lakin bu illərimizi aldı. Bəlkə də indi vəziyyət o qədər də qarışıq deyil, amma yenə də, müəyyən zaman lazımdır. Həm də, onlar fərqi azaltmağa çalışarkən biz də maşını daha da inkişaf etdirmək üzərində işləyəcəyik”.