F-1.az xəbər verir ki, Rusiya Qran Prisindən sonra heç kəsin gözləmədiyi halda Red Bull-a Daniil Kvyatın yerinə gətirilən Maks Ferstappen yeni komandası ilə çıxdığı ilk yarışdaca qalib gəlib. Red Bull-un buna qədər sonuncu qələbəsi 2014-cü ildə Belçika Qran Prisinə təsadüf edirdi.
Maks Ferstappen: “İnanılmaz duyğudur. Buna inana bilmirəm. Möhtəşəm bir yarış idi. Belə bir maşın ərsəyə gətirdikləri üçün komandaya təşəkkür etməliyəm. Burada ilk yarışındaca qalib gəlmək möhtəşəm duyğudur”.
O, həm də sabiq Formula1 pilotu olan atasına təşəkkür edib: “Gənc yaşımdan belə uğurlar qazanmağımda atamın böyük xidməti var. Bunlar onun dəstəyi ilə olub. Kiçik yaşlarımdan etibarən hər şeydə yanımda oldu”.
Ferstappen yarışın son dövrələrində Ferrari pilotu Kimi Rəykkönenin təzyiqi ilə üzləşsə də, qələbəni əldən verməyib: “Xüsusilə son 10 dövrə dözümlülük yarışı kimi bir şey idi. Burada keçidlərin çətin olduğunu bilirdim və əsas olan səhv etməmək idi. Yarışın lideri olduğuma inanmırdım. Mən podiuma çıxmağı hədəfləyirdim, amma qələbə inanılmazdır. Sürətimi və təkərləri nəzarətdə saxlayırdım. Biz bu gün mümkün olan ən yaxşı strategiyanı seçdik və qalib gəldik”.