F-1.az xəbər vermişdi ki, Maks Ferstappen İspaniya QP-dən etibarən Daniil Kvyatı əvəz edəcək.
Maks Ferstappen bu həftəsonu Red Bull-un zavoduna gedəcək və yeni bolidi üçün oturacaq sazlanması edəcək və simulyatorda işləyəcək.
Maks Ferstappen: “Bu mənim qısa karyeram ərzində əlimə düşən ən gözəl fürsətdir. Mənə inandıqları üçün həm Red Bull komandasına, həm də Helmut Markoya təşəkkür edirəm. Red Bull kimi yüksək səviyyəli komandada çox şey öyrənə bilərəm.
Bundan başqa Daniel Rikkardo kimi təcrübəli və özünü isbatlamış bir sürücü ilə işləyəcəyim üçün məmnunam”.
Ferstappen Toro Rosso komandasına da təşəkkür edib: “İndiyə qədər mənə verdikləri dəstəyə görə Toro Rosso komandasına təşəkkür edirəm. Toro Rosso komandasındakı hər kəs, xüsusən də Frants Tost mənə çox dəstək verdilər. Biz bir yerdə gözəl vaxt keçirdik.
Yeni bolidimlə Barselonadakı ilk dövrəmə ən yaxşı şəkildə hazırlaşacam. Bu xüsusi anı səbrsizliklə gözləyirəm”.
Toro Rosso komandasının rəhbəri Frants Tost isə Daniil Kvyatı yenidən komandada gördüyü üçün məmnun olduğunu bildirib: “Daniili yenidən Fayentsada görəcəyimiz üçün məmnunuq. Onunla uğurlu bir mövsüm keçirəcəyik”.