F-1.az xatırladır ki, Ferstappen Meksikada Rosberqə qarşı çox aqressiv davranmış və Volff hollandiyalıya zəng edərək, onun bu hərəkətlərindən narahat olduğunu demişdi.
Maks Ferstappen: “Doğrudan da, tam olaraq belə söhbət olmadı. Hər şeyi şişirtdilər. Ümumi söhbət idi. Hər şeyi demək məcburiyyətim yoxdur, çünki şəxsi söhbətlər idi. Amma deyildiyi kimi söhbət deyildi.
Mən son iki yarışda da düşüncəmi dəyişməyəcəm. Sürücü həmişə əlindən gələni etməlidir. Məncə, yarışmalıyıq. Hamı yarışmalıdır. Son yarışa qədər birinci yer uğrunda mübarizə aparmalısınız. Yoxsa dəyərli çempion olmazsınız. Hamımız, o cümlədən, Mercedes də yarışmaq istəyir”.
Ferstappen bu mövsüm bir neçə qalmaqalın diqqət mərkəzində idi və sürücülər tərəfindən tənqid edilmişdi.
Maks Ferstappen: “Düzünü desəm, buna fikir vermirəm. Özünüz və komandanız üçün ən yaxşısını əldə etməlisiniz. Danışmaqdansa, tras üzərində mübarizə aparmalısınız”.
Jurnalistlər Ferstappenə “adətən, sizi qısqanan sürücülər də tənqid edirlər” deyərkən – “Həmişə elə olur. Sadəcə Formula1-də yox, bütün idman növlərində gənc birisi gəlib yaxşı nəticə göstərirsə, çox tənqid edilir. Burada qeyri-adi heç nə yoxdur” – cavabını verib.