F-1.az xatırladır ki, hollandiyalı sürücü bu mövsüm bütün yarışlarda podium qazanıb. Ümumilikdə isə 6 yarışlıq podium seriyası var. Gənc sürücü bu seriyasını daha əvvəl fəxri kürsüyə yüksələ bilmədiyi Bakıda da davam etdirmək istəyir.
Maks Ferstappen: “Monakoda gözəl həftəsonu keçirdik. Daha əvvəl Monakoda podiuma çıxmadığımı nəzərə alsaq, qələbədən həzz aldım. Çempionatda lider olmaq əladır, amma əsas olan mövsümün sonunda burada olmaqdır.
Komanda yaxşı vəziyyətdədir və nəticələrimiz də bunu göstərir. Lakin daha yaxşı olmalıyıq. Formula1-də həmişə inkişaf etməlisiniz. Nəticədə heç kim bir yerdə dayanmır. İndiyə kimi xırda səhvlərimiz olsa da, elə də ciddi deyildi. Buna görə də hazırda liderik. Buna baxmayaraq, arxayınlaşmaq olmaz, çünki hər şey göz qırpımında dəyişə bilər.
Monakoda cümə axşamı problem yaşasaq da, komanda əla işləyərək, şənbə gününə maşını yaxşı hala gətirdi. Beləliklə, istədiyimiz nəticəni əldə etdik. Monakoda səhv etmək asandır. Hər şeyi nəzarətdə saxlamaq lazımdır. Bazar günü hər şeyi nəzarətdə saxlamaqdan həzz aldım.
Bakı gözəl trasdır, amma sevdiyim traslardan deyil. Orada indiyə kimi podiuma yüksələ bilməmişəm. Bu dəfə şeytanın qıçını sındırmaq istəyirəm. Görək nə olur. Mercedes Bakıda güclü olacaq”.