F-1.az xatırladır ki, “qırmızı öküzlər” mövsümə çempionluq hədəfi ilə başlasalar da, hələlik cəmi 4 dəfə 3-cü yeri tuta biliblər. Lakin Avstriyanı təmsil edən komanda İspaniya yarışına gətirdikləri yeniliklərdən sonra zirvəyə nisbətən yaxınlaşıb. Maks Ferstappen komandası Red Bull-un favorit sayılmadığı Kanadada dayanmadan əvvəl ikinci yerdə idi. Rikkardo isə yarışı üçüncü yerdə bitirmişdi.
Maks Ferstappen: “Mövsüm çətin keçsə də, bacardığımız qədər ən yaxşı nəticəni qazanmağa çalışırıq. Bir neçə yarışı bitirə bilməsək də, çox vaxt buna nail ola bilmişik. Performansımızdan razı qala bilərik. Təbii ki, bir sürücü həmişə qalib gəlmək istəyər. Komanda bolidi təkmilləşdirmək üçün hər şey edir. Son yarışda əla performans göstərdik və bu əla xəbərdir. Artıq balansla bağlı heç bir problemimiz yoxdur. Amma həmişə daha yaxşı asfaltla ilişmə və asfaltayatma qüvvəti istəyirik. Kanadadakı məlumatlara baxsanız, bolidimizin döngələrdə çox güclü olduğunu görə bilərsiniz. Mühərrik zəif olduğu üçün düzlüklərdə zəif idik. Məncə, inkişaf etməyə davam edirik, amma bunu açıq-aydın hiss etdirə bilmirik. Həmişə daha yaxşısını edə bilərsiniz. Harada daha yaxşı və ya harada zəif olduğunuzu görərsiniz. Bəzi yarışlarda bu sizdən asıll olmasa da, inkişaf etmək üçün əlinizdən gələni edərsiniz.
Bakıda nə edə bilərik? Bunu demək çətindir. Bolidlə bağlı doğru sazlanmaları tapmaq çətindir. Uzun düzlüklər daha az asfaltayatma qüvvəsi tələb edir. Döngələr isə əksinə, daha çox tələb edir. Bolidimizin tempi yaxşıdır və ümid edirəm ki, yaxşı yerlər üçün mübarizə apararıq”.