F-1.az xatırladır ki, Daniil Kvyat Rusiya QP-nin ilk dövrəsindəki insidentdən sonra sərt tənqidlərə məruz qalmışdı və rusiyalı sürücü bu həftə Red Bull komandasının rəhbərliyi ilə görüşməli idi.
Xatırladaq ki, Çin yarışında da Kvyat və Fettel arasında insident olmuşdu. Bu insidentdən bir yarış sonra isə Kvyat öz ölkəsi Rusiyada Fettelə arxadan iki dəfə çırpılmışdı. Bu hadisədən sonra Fettel yarışı dayandırmış, Rikkardonun isə təkəri deşildiyi üçün yarışı xalsız başa vurmuşdu.
Beləliklə, avstriyalıların xalsız qaldığı Rusiya yarışında əsas rəqibləri Ferrari və Williams komandaları yaxşı xallar toplamışdılar. Red Bull komandası hazırda turnir cədvəlində 3-cü yerdədir. Onlar Ferrari-dən 19 xal geri qalır və Williams komandasını isə sadəcə 6 xal qabaqlayırlar.
Bu insidentdən sonra Red Bull-un idman məsləhətçisi Helmut Marko əsəbləşmişdi və bildirmişdi ki, Kvyatı komanda rəhbərləri ilə iclas gözləyir: “Öz ölkəsindəki yarışda əyləcə gec basıb, birinə arxadan çırpılması labüddür, amma ikinci dəfə eyni hərəkətin təkrarlanmasının bəhanəsi yoxdur.
Heyif oldu. Çünki təkcə Fettel və Rikkardonun yox, öz yarışını da məhv etdi. Əlavə bir pit-stop etdi. Red Bull üçün bərbad gün idi.
Üstündən bir az keçsin, bu barədə həftəiçi otutub danışacayıq”.
Red Bull komandası mühəndislər çempionatında xal itirmək istəmir. Buna görə də onlar Kvyata xəbərdarlıq edəcəklər. Əgər İspaniya yarışında Kvyat yenə səhv etsə, Red Bull komandası Barselona testlərində Kvyatı Ferstappenlə əvəz edə bilər.
Ancaq bəzi söz-söhbətlərə görə, sürücülər yerlərini dəyişdirməlidirlər. Belə olan vəziyyətdə Kvyat Toro Rosso-ya, Ferstappen isə Red Bull-a keçəcək. Qeyd edək ki, bəzi xəbərlərə görə, Ferstappen gələn il Red Bull-a transfer olunmalı idi. Red Bull komandası Kvyatın karyerasına böyük məbləğdə investisiya qoyduğu üçün rusiyalının Formula1 karyerasını bitirmək istəmir…
Bəzi söz-söhbətlərə görə, Kvyat əgər Toro Rosso-ya qayıtsa, üzərində daha az təzyiq hiss edəcək və beləliklə, özünə olan inamı yenidən qayıdacaq. Əgər işlər belə inkişaf etsə, Ferstappen daha güclü bolidlə özünü daha yaxşı tərəfdən göstərə bilər.
Bu Kvyatın özünə olan inamının qaytarılması üçün bir yarışlıq da ola bilər və ya uzunmüddətli də ola bilər. Red Bull komandası bu iddia ilə bağlı heç bir suala cavab verməyib…