F-1.az xatırladır ki, isveçli sürücü Sauber komandasında 2015-ci ildə transfer olunub və ilk mövsümündə xal qazanıb. Eriksson bu il hələ də xal üzünə həsrətdir və 2017-ci ildəki alternativlərə baxır.
Erikssonla Force İndia maraqlansa da, 26 yaşlı sürücü Sauber komandasında üçüncü mövsümünü keçirməyə hazırlaşır: “Böyük ehtimalla burada qalacam. Ancaq digər alternativləri də dəyərləndirəcəm. Çünki son ilyarımda daha güclü sürücü oldum. Boliddə nələr edə biləcəyimi göstərdim və yenə də göstərə bilərəm.
Gələn il bəlkə Sauber-də qalaram, amma boş olan yerlər də çoxdur. Buna görə digər alternativlərə də baxacam. Əlbəttə, bir sürücü kimi qərarın qısa müddət ərzində verilməsini istəyirəm. Amma tələsmirəm. Əbu Dabidən əvvəl gələcək taleyimi bilməyim yaxşı olardı. Qışda rahat olmaq istəyirəm”.
Eriksson Sauber-in yaxşı seçim olduğunu əlavə edib: “Sauber 2017-ci il üçün yaxşı alternativdir. İnkişaf edəcəyimə inanıram. Artıq əlimizdə daha çox vəsait var və komanda kimi nə edəcəyimizi bilirik. Son illərdə həyatda qalmaq üçün mübarizə aparırdıq və birdən-birə gücləndik. Vəziyyət belə olan halda komandadakı atmosfer birdən dəyişdi. Komanda 5 ay əvvəlkinə nisbətən daha cəlbedicidir”.