F-1.az xəbər verir ki, bundan sonra Alonso sessiyanın sonunu gözləmədən trası tərk edib və yaxınlıqdakı tennis meydançasında məşqçisi ilə tennis oynayıb. Sky Sports-un şərhçisi, keçmiş F1 sürücüsü Martin Brandl canlı efirdə bildirib ki, Alonsonun bu hərəkəti McLaren komandası üçün Honda ilə əməkdaşlığa yenidən nəzər salmağa bir işarədir…
Martin Brandl: “Fernandonun bu hərəkəti mənə 2015-ci ilin Braziliya yarışını xatırlatdı, onda Fernando mübarizəni dayandırdıqdan sonra şezlonqda uzanaraq, günəş vannası qəbul etməyə başlamışdı – o zaman ispaniyalı sürücü bir kəlmə demədən bir çox ünvanlara öz mesajını çatdırmışdı. Onun hərəkətləri sözlərindən kəsərlidir: “Mən bu yarışda iştirak eləmirəm, mən yaxınlıqda dincəlməyə hazırlaşıram”. İki həftə əvvəl Soçidə Alonso heç start düzlüyünə çata bilmədi, bu gün doğma evində bir neçə yüz metr məsafə qət etdi. Bu çox pisdir!
Fernando ikinci məşqlərdə trasa qayıdacaq. Onun müqaviləsi var və bunu etməyə məcburdur. Bundan başqa, İspaniya Qran Prisidir, avtodrom onun azarkeşləri ilə doludur, bütün tribunalar onu dəstəkləyir. Alonso əlinə qayka açarı alıb komandaya kömək edə bilmir, bu gün axşam sürücülərin brifinqində də heç nə danışmayacaq, axı trasda heç işləməyib. Ona görə də jurnalistlərin sonsuz suallarından qaçıb stresini tennis meydançasında atmasını başa düşürəm.
Mənə başqa bir şey maraqlıdır: dahi McLaren komandası Honda-nın sözlərinə nə vaxta kimi inanacaq? Qəti qərar qəbul etmək üçün nə qədər vaxt lazımdır? Əgər gələn il onlar motor təchizatçısını dəyişsələr, onda onlar yeni maşın hazırlamalıdırlar, layihə işləri iyunun sonunda başa çatır, lap yayın sonuna qədər, yəni bu vaxta qədər gözləyəcəklər?
Dünən Alonso mətbuat konfransında açıq dedi ki, əgər McLaren inkişaf etməsə, digər alternativləri də dəyərləndirəcək. Amma mən inanmıram ki, Mercedes və Ferrari onunla işləmək istəsinlər.
Problem ondadır ki, Fernando bu komandalardan çox pis ayrılmışdı, onlarla işləyərkən rəhbər şəxsləri əsəbləşdirmişdi. Bu imic onun boynundadır və bundan azad ola bilməyəcək.
Mən əmin deyiləm ki, Mercedes onun qayıtmasını istəyir. Biz hamımız yaxşı bilirik ki, Alonso trasda çox güclüdür, amma iş bunda deyil. Xatırlamaq kifayətdir ki, 2007-ci ildə Alonso McLaren komandasını FİA-ya satmışdı, casusluq qalmaqalı üzündən komanda o zaman 100 milyon dollar cərimə olunmuşdu və bu məbləğin ən azı yarısını Mercedes ödəmişdi. Almanlar belə hadisələri unutmurlar və bağışlamırlar.
Fernando Skuderiyanı da mürəkkəb münasibətlərlə tərk etmişdi. Onun çox çətin xarakteri var. Sürətli olmasına baxmayaraq, nə Mercedes, nə də Ferrari istəməz ki, Alonso gəlsin və Həmiltonu, ya da Fetteli özündən çıxarsın. Sadəcə inanmıram və əmin deyiləm!”