Mattia Binotto :”Heç kim, xüsusilə də sürücülər yaranmış bu fasilədən məmnun qala bilməz. Çünki onlar yarışmaq üçün yaşayırlar – həyatlarını buna həsr ediblər. Yarışlarla əlaqədar müxtəlif ölkələrə olan səfərlərimiz üçün necə darıxdıqlarını bilirəm. Sebastyanın da necə yarışmaq istədiyini bilirəm – sabah mübarizə başlasa, onun üçün daha xoşdur. İşini sevir və bu xüsusiyyəti onu Ferrari üçün çox dəyərli edir. Müzakirələrimiz davam edir və yeni müqavilə üçün mövsümün sonuna qədər gözləməyəcəyik. Həm onun, həm də bizim üçün dəqiqlik vacibdir.
Onun indi əla formada və motivasiyada olduğunu görürəm. Ondan gözlədiklərimizi verməli olduğunu bilir. Bu mövsüm Fettel üçün həlledicidir. Bəlkə də Leklerin keçənilki performansı onu təəccübləndirmişdi, amma indi komanda yoldaşının nəyə qadir olduğunu bilir. Sebastyan qış aylarında yaxşı hazırlaşıb və keçən il niyə yaxşı çıxış etməməsinin səbəblərini artıq bilir. Qış testlərinin nəticələri göstərir ki, builki maşın, keçənilki ilə müqayisədə, ona daha uyğundur. Bu səviyyədə sürücü hər bir maşına uyğunlaşmağı bacarmalıdır. Lakin biz də kömək etməyə çalışdıq”.