F-1.az xatırladır ki, Ferstappen startda Fetteli keçərkən almaniyalı sürücünün ön qanadını zədələmiş, Rəykkönen isə səhv edərək, 7-ci pilləyə qədər geriləmişdi.
Ferstappenin təmasından sonra qırılan qanad Sebastyan Fettelin bolidindəki altlığı da zədələdiyi üçün 4 qat Dünya Çempionu istədiyi performansı göstərə bilmyərək, yekunda 4-cü olmuşdu. Rəykkönen isə yarışın sonunda əyləc problemi yaşayaraq, 7-ci yeri tutmuşdu. Beləliklə, Ferrari komandasının 7 yarışlıq podium seriyası da əfsanəvi Jil Vilnövün adını daşıdığı trasda sona çatmışdı.
Mauritsio Arrivabane: “Heyif ki, yarışımız startdan etibarən pis keçdi. Sebin bolidində problem var idi və yaxşı sürə bilmirdi. Əvvəlki məlumatlarda problemlər ciddi görünmürdü. Sonrakı dövrələrdə qanad qırıldı və altlığı zədələdi. Kimi də sona doğru əyləclə bağlı problem yaşadı. Maranelloda yarışın ətraflı təhlilini aparacağıq. Əldə etdiyimiz məlumatlarla Bakıdakı yarışa ən yaxşı şəkildə hazırlaşacağıq”.