F-1.az xatırladır ki, Kimi Rəykkönen Monako yarışına pouldan başlasa da, komandası yarışda onu pitə tez çağırmış və nəticədə finlandiyalı sürücü yarışı komanda yoldaşı Fettelin arxasında 2-ci yerdə tamamlamışdı. Bundan sonra əksər mütəxəssislər Rəykkönenin Ferrari-də ikinci sürücü olduğunu demişdilər.
Mauritsio Arrivabene: “Monakodan sonra yazılanları oxudum və insanların birinci və ikinci sürücü barədə bütün iddialarını dinlədim. Lakin bizim üçün əsas Mühəndislər Kubokudur. Burada yaxşı nəticə göstərmək üçün iki mükəmməl sürücüyə ehtiyacınız olur. Hazırkı vəziyyət Ferrari üçün daha yaxşıdır. Yarış qazananda komanda bir kubok alır. Sürücülər isə öz kuboklarını evlərinə aparırlar. Bunu başa düşürsünüz?
Mövsümün əvvəlindən sözümü açıq-aydın demişəm. Komanda əmri olmayacaq. Monakodan sonra bütün hekayələrə gülürəm. Bunlar real deyil”.