F-1.az xəbər verir ki, qaydalara görə, çempionatın iştirakçıları turnir cədvəlinə əsasən, iki qrupa bölünüblər və hər qrupdan 6 ən sürətli sürücü növbəti mərhələdə mübarizəni davam etdirib. Bu raundda da sürətli olan 6 sürücü superpoul uğrunda mübarizə aparıb.
Qrup mübarizələrində gözlənilməz nəticələr qeydə alınıb.
Belə ki, 1-ci qrupda dünya çempionları Cozef Nyuqarden və Simon Pajno mübarizədən kənar qalıblar. növbəti mərhələyə isə Kristian Lundqard, Qraham Rahal, Feliks Rozenkvist, Markus Armstronq, Vill Pauer və Markus Eriksson yüksəliblər. 2-ci qrupda mübarizə daha gərgin olub – əfsanəvi Helio Kastroneveşlə yanaşı son yarışın qalibi Skott MakLaflin, titula iddialı Kolton Herta, F1-dən yaxşı tanıdığımız Roman Qrojan mübarizəni dayandırmalı olublar. Roman uğursuzluqda komanda körpüsünü kamera qarşısında qınayıb. Protokollara isə McLaren komandasının sürücüləri Pato O Var və Aleks Rossi başçılıq ediblər. Onlardan başqa Aleks Palou, Cək Harvi, Kayl Körkvud və Skott Dikson növbəti mərhələyə adlayıblar.
İkinci mərhələdə Chip Ganassi komandasının 4 sürücüsündən üçü mübarizəni dayandırmalı olub, amma məhz bu komandanın sürücüsü Aleks Palou protokollara başçılıq edib. McLaren komandasının sürücüləri O Vard və Rozenkvist, Rahal komandasından Lundqard və Harvi, eləcə də Andretti komandasından Körkvud finala vəsiqə qazanıblar.
Son sessiyada isə keçmiş F2 sürücüsü iki təcrübəli sürücünü qabaqlaya bilib – ilk altı sürücü 0.3 saniyəyə yerləşib. Lundqard isə İndyCar-da ilk tam mövsümündə (əvvəlki iki ildə bəzi yarışlara qatılmışdı) cəmi 0.0027 saniyə (İndyCar-da xronometraj on mində birlərlə çalışır) üstünlüklə Rozenkvisti qabaqlayıb. İlk üçlüyü Aleks Palou tamamlayıb.
Əfsanəvi İndianapolis avtodromunda yarış şənbə günü baş tutacaq…