Bu gün bir qədər əvvəl Lotus komandası rəsmi saytında 2012-ci il mövsümü üçün hazırladığı E20 şassisinin onlayn təqdimatını keçirib – E20 komandanın Ənstoundakı bazasında hazrılanmış iyirminci maşındır.
Yeni maşın qara-qızılı rənglərə boyanıb, burun elementi mövsümə xas olan “pillə”yə malikdir. Gözlənildiyi kimi maşında yeni sponsor Unilever şirkətinin Rexona və Clear brendlərinin loqotipləri peyda olub.
Hələ bir neçə gün əvvəl komandanın həmsahibi Jerar Lopes uzunmüddətli planlarını açıqlayıb – 2015-16-cı illərdə titul uğrunda mübarizə aparmaq, qarşıdakı mövsümdə isə komandanın məqsədi Mühəndislər Kubokunda dördüncü yerdir…
Jerar Lopes: “Biz bütün mövsümün gedişində stabil çıxışa və keçənilki məqsədlərimizi reallaşdırmağa ümid edirik. Bu il sürücülərimiz güclüdürlər, onlardan biri dünya çempionudur, ümid edirəm ki, maşınımız da rəqabətədavamlı olacaq. Biz lider qrupunda mübarizəyə ümid edirik, bu vəziyyətdə dördüncü yeri real məqsəd saymaq olar.
Əlbəttə, biz çox razıyıq ki, indi Formula1-də hamıya aydındır ki, məhz hansı komanda Lotus adlanır.”
Komandanın başçısı erik Bulye qarşıdakı vəzifələrin yerinə yetirilmə yollarını açıqlayıb…
Erik Bulye: “Bizim iki məqsədimiz var. Birincisi, biz Mühəndislər Kubokunda dördüncü yeri tutmaqla keçən illə müqayisədə irəliləmək istəyirik. İkincisi, irəliyə doğru hərəkətimizi davam etdirməliyik və iki il sonra üçün qarşıya qoyduğumuz məqsədlərə hazırlaşmalıyıq. Bu istiqamətdə doğru yoldayıq, çünki komanda daim inkişaf edir.
Əgər biz yarışlarda qələbə qazanmağa başlasaq, hamı xoşbəxt olacaq: bu, Ənstounda işləyən hər bir kəsə yaxşı mükafat olardı. Amma bizim üçün ən başlıcası strateji inkişaf planına uyğun hərəkət etməkdir. Biz liderlər qrupuna qayıtmalıyıq və daim inkişaf etməliyik.”
Yeni maşın üzərində işlərə yenə də komandanın texniki direktoru Ceyms Əllison başçılıq edib…
Ceyms Əllison: “Komanda E20 üzərində uzun müddət və gərgin işləyib. Biz texniki reqlamentə dəyişikliklər edildikcə işimizə düzəlişlər etmişik, amma yalnız mövsümöncəsi testlərdə başa düşəcəyik ki, bu vəzifənin öhdəsindən nə dərəcədə gəlmişik. Amma testlərdə də məlumat tam olmaycaq, ona görə də Melburnda sıralanma turunu gözləməli olacayıq.
Şassinin konstruksiyasının komonentlərinin hər biri yenidən hazırlanıb, onların bir çoxu təkmilləşdirilib. Qazburaxma sistemi isə tamamilə sıfırdan qurulub. Arxa antiqanadı modernizə etmişik ki, maşının arxasında asfalta yatma qüvvəsinin stabil səviyyəsini təmin edə bilək, eyni zamanda DRS-dən də maksimum istifadə təmin olunmalıdır.”
Komanda heyətini tam dəyişib, bu il sükan arxasına Kimi Rəykkönen və Roman Qrojan oturacaq…
Kimi Rəykkönen: “Mən əminəm ki, bu komanda yaxşı maşın qura bilər, amma hətta ən güclü komandalar hər il güclü maşın qura bilmirlər. Bu komandada çox güclü mütəxəssislər çalışırlar, onlar işə düzgün yanaşırlar, əllərindən gələni edirlər, ona görə də ümid edirəm ki, birlikdə biz yaxşı nəticələr əldə edəcəyik.
Məni çıxışımdakı fasilə narahat etmir. Hazırda vəziyyət əvvəlki illərdən elə də çox fərqlənmir – mən yeni komandada çıxış edəcəm, reqlament dəyişib, amma çox şey maşından asılı olacaq – əgər maşın rəqabətədavamlı olarsa, mənim işim asanlaşacaq.
İki həftə əvvəl mən testlər keçirdim və artıq onda başa düşdüm ki, hər şey mənə çox rahatdır. Məncə, hər şey qaydasında olacaq, mövsümün ilk yarışına qədər proqnozlarla tələsməyək, amma hələlik mən hər şeydən razıyam.”
Roman Qrojan: “Keçən il mən fantastik mövsüm keçirdim: GP2 seriyasında titul qazandım, Lotus Renault GP komandasının cümə sərbəst yürüşlərində iştirak etdim, ümumiyyətlə, komanda ilə çox vaxt keçirdim. Mən mövsüm ərəfəsində özümü əla hiss edirəm. Əlbəttə, burda olmağıma çox şadam və fəxr edirəm ki, komanda məhz məni seçib.
Yeni Pirelli təkərləri haqqında mənim daha çox məlumatım var, amma mənə elə gəlir ki, Kimidən çox şey öyrənməliyəm. Biz gərgin işləməliyik ki, komanda maksimum nəticələr əldə edə bilsin – bu bizim məqsədimizdir. Ümid edirəm ki, bizim əməkdaşlığımız effektiv olacaq.”