F-1.az Almaniyanın nüfuzlu Auto Motor und Sport portalına istinadən bildirir ki, Liberty Media komandalara həftəsonunun yeni formatını təklif etməyə hazırlaşır.
Yeni layihəyə əsasən, həftəsonu yenə də cümə günü başlayacaq – amma bu dəfə azarkeşlərin də izləyə biləcəyi ictimai texniki təftiş proseduru ilə. Azarkeşlər müfəttişlərin maşınların reqlamentə uyğun təftişini birbaşa izləyəcəklər. Təftişdən sonra hər biri bir saatdan ibarət olan iki sərbəst yürüş olacaq – sürücülər yalnız bu məşqlərlə kifayətlənməli olacaqlar.
Şənbə günü isə sıralanma turu ilə başlayacaq və bu turun nəticəsi üzrə sürücülər cəmi 100 km uzunluğu olan sprinter yarışına çıxacaqlar – yarışda nə yanacağa, nə də təkərlərə heç bir məhdudiyyət qoyulmayacaq. Ona görə də sürücülər startdan finişədək hücum etməklə mübarizə aparacaqlar. Bu yarışın nəticəsinə əsasən sürücülər bazar günü yarışın startında yer alacaqlar – bu yarış isə ənənəvi cari qaydada baş tutacaq.
Liberty Media ümid edir ki, şənbə günü qısa yarış hesabına daha gənc azarkeşləri idmana cəlb edə bilərlər, çünki Qran Pri yarışının hazırkı 2 saatlıq formatı gənclərə darıxdırıcı görünür.
Yeni format hələ təsdiq olunmayıb, müzakirələr davam etdirilir və bu həftə Bəhreyndə komandalara yekun variant təqdim olunmalıdır…